Özbəkistanda 1,2 giqavat gücündə külək elektrik stansiyalarının tikintisinə başlanılıb

image

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin ölkənin Qaraqalpaqıstan Respublikasına işgüzar səfəri zamanı külək elektrik stansiyalarının və istehsal müəssisələrinin tikintisinə başlanılması mərasimi keçirilib.

Renewables.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Külək enerjisi layihələrindən biri Çinin "Sany Renewable" şirkəti tərəfindən Qonirat rayonunda 1,2 milyard dollar dəyərində 1 giqavat gücündə külək elektrik stansiyası tikmək məqsədi daşıyır. Stansiyadan ildə 3,6 milyard kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir.

İkinci layihə, Beruniy və Qaraözək rayonlarında Səudiyyə Ərəbistanının ACWA Power şirkəti ilə birlikdə tikiləcək 100 MVt-lıq enerji saxlanc sisteminə malik 260 milyon dollar dəyərində 200 meqavat gücündə külək stansiyasıdır. Stansiyanın ildə 800 milyon kilovat-saat təmiz enerji istehsal edəcəyi proqnozlaşdırılır ki, bu da 292 min ev təsərrüfatının illik istehlakına bərabərdir. Bu layihə illik 336 min ton karbon emissiyasının qarşısını alacaq.

Ümumi gücü 1,2 giqavat olan stansiyalar ildə 4,2 milyard kilovat-saat yaşıl enerji istehsal edəcəklər ki, bu da 1,75 milyon ev təsərrüfatının illik istehlakına bərabərdir. Təxminən 1,3 milyard kubmetr təbii qaza qənaət ediləcək, emissiyalar isə təxminən 2 milyon ton azalacaq. 

Mərasim zamanı, külək stansiyaları ilə bərabər həmçinin Qonirat rayonunda ildə 1 000 MVt gücündə külək turbin hissələrinin, 120 dayaq gövdə və qanadlarının istehsalı üzrə müəssisələrin tikintisinə başlanılıb. İdxalını əvəz edən məhsulların dəyəri 100 milyon dollara çatacaq.

Mirziyoyev araşdırmalara istinadən bildirib ki, Qaraqalpaqıstan 680 giqavat günəş enerjisi və 120 giqavat külək enerjisi istehsal etmək potensialına malikdir.

Özbəkistanda 11 milyard dollarlıq birbaşa sərmayədən istifadə etməklə 2030-cu ilə qədər regionda ümumi gücü 10,3 GVt olan on böyük külək elektrik stansiyasının tikintisi planları mövcuddur. Layihələr tam gücünə çatdıqca ildə 35 milyard kilovat-saat bərpa olunan enerji istehsal olunacaq.

Elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün üç rayonda ümumi gücü 400 MVt olan üç elektrik enerjisi saxlanc anbarı tikiləcək.

Hazırda Özbəkistanda ümumi dəyəri 19 milyard dollar və ümumi gücü 18,6 giqavat olan 32 yaşıl layihə həyata keçirilir. Bu ilin sonunadək əlavə 1,5 giqavat güc elektrik şəbəkəsinə qoşulacaq və bərpa olunan enerjinin payı 15 %-ə çatacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *