Özbəkistanda tibbi tullantılardan enerji əldə ediləcək

image

Özbəkistanda Birləşmiş Ştatların “Sayar” şirkəti ilə tərəfdaşlıq çərçivəsində tibbi tullantılardan istilik enerjisi istehsal edəcək “Sayar yaşıl” müəssisəsi yaradılıb.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərmayəçi, yeni şirkət və İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin təmsil etdiyi hökumət arasında investisiya müqaviləsi aprel ayında imzalanıb və müəssisənin də bu il avqustun 1-də istifadəyə verilməsi planlaşdırılır.

Layihənin həyata keçirilməsinin birinci mərhələsində şirkət Daşkənd, Səmərqənd və Buxara bölgələrində ildə 20 giqavat-saat gücündə qurğular işə salmalı və bütün növ tibb müəssisələrindən tədarük olunacaq 6 min ton tibbi tullantının illik istilik emalı üçün 2024-2025-ci illər ərzində 7 milyon ABŞ dolları məbləğində birbaşa investisiya cəlb etməlidir.

İkinci mərhələdə, 2026-2030-cu illər ərzində 108 milyon ABŞ dolları məbləğində birbaşa investisiyanın cəlb edilməsi və Özbəkistanın digər regionlarında tibb müəssisələrindən alınan tullantıların emalının 90 min tona qədər artırılması, habelə gücü ildə 300 giqavat-saat olan cihazların tətbiqi nəzərdə tutulur.

Bildirilir ki, şirkət layihənin həyata keçiriləcəyi həmin dövlət tibb müəssisələrinin ərazisindəki torpaq sahələrini 2048-ci ilə qədər icarəyə götürəcək. Özbəkistan Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyi məişət tullantıları poliqonlarını xüsusi ayrılmış ərazilərdə yerləşdirəcək.

Layihə çərçivəsində əczaçılıq, bioloji və baytarlıq tullantılarının yüksək temperaturda istilik emalı mərkəzləri də yaradılacaq.

Tibbi tullantıların emalı nəticəsində istehsal olunan istilik enerjisi layihənin həyata keçirildiyi dövlət tibb müəssisələri tərəfindən xüsusi tariflərlə alınacaq. Digər təşkilatlar da enerji ala biləcəklər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *