Pərviz Şahbazov: "Azərbaycan-Türkiyə tandemi Naxçıvan üçün strateji əhəmiyyət daşıyır"

image

Azərbaycan-Türkiyə tandemi Zəngəzur dəhlizinin açılması, Orta Dəhlizin inkişafı və Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizinin yaradılması imkanlarının olduğu yeni reallıqlarda Naxçıvanın enerji resursları, kommunikasiya və logistika potensialından səmərəli istifadə üçün də strateji əhəmiyyət daşıyır.

Renewables.az-ın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

"Təsadüfi deyil ki, Naxçıvanın 4 illik inkişafı üzrə Azərbaycan Prezidentinin müəllifi olduğu dövlət proqramı "yaşıl" mənbələrə əsaslanan elektrik enerjisinin istehsalı və ixracının artırılması, Muxtar Respublikanın təbii qazla risklərsiz təminatı kimi məsələlərdə Türkiyə ilə əməkdaşlığın önəmini vurğulayır. Bu günlərdə illik 500 milyon kubmetr qaz tədarük edəcək İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, həmçinin Azərbaycanda və Türkiyədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıq sənədinin imzalanması mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı bir daha göstərdi ki, ölkələrimiz yeni strateji kursun birgə həyata keçirilməsində qərarlıdırlar və onların siyasi iradəsi bu prosesdə də həlledicidir", - nazir qeyd edib.

Onun sözlərinə görə, Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirməyi və onu "yaşıl enerji" zonasına çevirməyi hədəfləyən bu yeni inkişaf mərhələsi Azərbaycan-Türkiyə enerji əməkdaşlığında yeni səhifədir: "Eyni zamanda, bu, beynəlxalq enerji şirkətləri ilə "yaşıl enerji" tərəfdaşlığımızın miqyas və coğrafiya etibarilə daha da genişlənməsidir".

P. Şahbazov qeyd edib ki, təmiz ətraf mühitə malik "yaşıl artım" ölkənin hədəfli sosial-iqtisadi inkişaf strategiyasına uyğun Naxçıvan vasitəsilə töhfələri artırmağı, bu prosesdə Türkiyəyə məxsus, həmçinin beynəlxalq enerji şirkətlərinin birgə iştirakını zəruri edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *