Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən II Yaşıl Hidrogen Sammitində Azərbaycanın dekarbonizasiya və ixrac məqsədilə yaşıl hidrogenin inkişafı ilə bağlı siyasəti, beynəlxalq enerji şirkətlərlə əməkdaşlığı, “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə fəaliyyətindən danışıb.
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Azərbaycan əlverişli, təhlükəsiz və "təmiz enerji” sisteminə keçidin mühüm komponenti olan “yaşıl hidrogen”in təchizatçısı olmaq imkanlarına malikdir", - nazir qeyd edib.
P. Şahbazov çıxışında bildirib ki, hidrogenin istehsalı və istifadəsi dünyada “yaşıl keçid”in mühüm hissəsi kimi Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığın mühüm elementlərindən biridir: “Azərbaycan artıq inkişaf strategiyasına dair müxtəlif sənədlərə hidrogen istehsalının inkişafı məsələsini daxil edib. Məsələn, ölkənin sosial-iqtisadi inkişafının əsas strategiyası hidrogen sənayesinin inkişafı və ondan həm ölkə daxilində, həm də ixrac üçün istifadəsini də əhatə edir. Azərbaycan da bu yaxınlarda işğaldan azad edilmiş ərazilərini “yaşıl enerji” zonası elan edib və burada həmçinin hidrogen də istehsal olunacaq”.
Nazirin sözlərinə görə, Xəzər dənizində külək enerjisinin istehsalı üçün böyük potensial var: “Bu, potensial təxminən 157 QVt təşkil edir. Azərbaycanda bu enerjiyə tələbat var. Lakin bu, ölkənin tələbatını xeyli üstələyən böyük həcmdir. Buna görə də biz külək enerjisindən istifadə etməklə “yaşıl hidrogen”in istehsal edilməsi və bunu Avropa bazarına çıxarmaq üçün bu ölkələrlə intensiv əməkdaşlıq edirik”.
“Xəzər dənizindən Avropa İttifaqına (Aİ) qədər “yaşıl enerji” dəhlizinin yaradılması planlaşdırılır. Hazırda biz Xəzər dənizindən Avropa İttifaqına “yaşıl enerji” dəhlizi yaratmağı planlaşdırırıq. Eyni zamanda, bizi Mərkəzi Asiya ölkələri ilə birləşdirən daha bir mühüm layihəmiz var. Özbəkistan, Qazaxıstan və Azərbaycan daha bir “yaşıl enerji” dəhlizi yaratmaq üçün birləşiblər. Bu layihənin mühüm komponentlərindən biri isə “yaşıl hidrogen”dir”, - o bildirib.
Nazirin sözlərinə görə, hidrogenin bərpa olunan enerjiyə tam keçiddə vacib amilə çevrilməsini təmin etmək üçün hələ çox iş görülməlidir: “Ölkəmizdə hidrogen enerjisi sahəsinin inkişaf etdirmək məqsədilə gördüyümüz işlərdən də başa düşürük ki, bu sahədə konkret milli strategiyalara ehtiyacımız var. Üstəlik, qanunvericilik bazası, tənzimləmə baxımından dəstək lazımdır və təbii ki, bu sahədə böyük investisiyalara ehtiyacımız var. O da aydındır ki, rəqabətqabiliyyətli istehsala, həmçinin hasilat, saxlama və daşınma üçün böyük infrastruktur lazımdır”.
Rəylər (0):