Pərviz Şahbazov: “Masdar” Azərbaycanın güvənilən mühüm tərəfdaşıdır”

image

Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi Dayanıqlıq Həftəsində iştirakı çərçivəsində energetika naziri Pərviz Şahbazovun bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei ilə görüş olub.

"Renewables.az"a Energetika Nazirliyindən verilən məlumata görə, nazir Pərviz Şahbazov dayanıqlı inkişafla bağlı müasir çağırışların mötəbər müzakirə platformasına dəvətə görə təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycan Prezidentinin iştirakının, həmçinin dövlət başçılarının görüşünün ölkələrimiz arasında yüksək münasibətlərin təzahürü olduğu qeyd edilib. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərə strateji əhəmiyyət qazandıran əməkdaşlıq əlaqələrində isə enerjinin mühüm yer tutduğu vurğulanıb. “Azərbaycanın hazırda əsas prioriteti zəngin bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin, hidrogenin istehsalı, ölkənin enerji sisteminə inteqrasiyası ilə yanaşı daha çox Avropa bazarlarına nəqli və zəruri infrastrukturun qurulmasına nail olmaqdır. Bu çoxşaxəli fəaliyyətin həyata keçirilməsində “Masdar” bizim üçün mühüm və güvənilən tərəfdaşdır”, deyə nazir əlavə edib.

Bildirilib ki, “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış əməkdaşlıq sənədinin, Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmasını təmin edəcək layihə və tədbirlərin icrası üzrə məsləhətləşmələr aparılır.

BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei isə dünyada bərpa olunan enerji güclərinin quraşdırılma tendensiyası, bu sahənin inkişafı üçün zəruri amillər və ölkəsinin “yaşıl enerji” üzrə hədəflərindən bəhs edib. “Yaşıl enerji” sahəsində beynəlxalq əməkdaşlığın önəmini vurğulayan Suhail Mohamed Al Mazrouei Azərbaycanla enerji əməkdaşlığına qardaşlıq kontekstində əhəmiyyət verdiklərini bildirib və ölkəsinin birgə meqa layihələrin reallaşmasına dəstəyini ifadə edib.

Söhbət zamanı, həmçinin beynəlxalq enerji bazarlarında son vəziyyətə dair fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *