Məmnuniyyətlə qeyd etmək istərdik ki, Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.
Renewables.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.
"Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir", - Prezident bildirib.
Ölkə başçısı bildirib ki, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək: "Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır".
Rəylər (0):