Qarabağ və Şərqi Zəngəzurda illik 210 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınır

image

Azad edilmiş ərazilərdə tətbiq edilən yaşıl texnologiyalar hesabına illik 210 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınır.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında məlumat verib.

Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə 165 meqavat gücündə su elektrik stansiyaları istismara verilib. Bunun nəticəsində illik 208 min tona yaxın karbon emissiyasına qənaət edilir.

Eyni zamanda, azad edilmiş ərazilərdə istər ictimai-inzibati binaların, istər məktəb və bağçaların, istərsə də fərdi yaşayış evlərinin üzərində günəş panelləri quraşdırılıb. Ümumilikdə quraşdırılan güc 2 meqavatdır. Bunun nəticəsində 2 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınır. Panellər Füzuli və Laçın şəhərlərində məktəb binaları, Laçının Zabux kəndində fərdi yaşayış evləri üzərində quraşdırılıb. Ümumilikdə isə yaşıl texnologiyalar sayəsində illik 210 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınır.

Qeyd edək ki, Ağdam şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji”nin inkişafı və ekoloji mühitin keyfiyyətinin artırılması istiqamətində aparılan işlər, Ağdam şəhərində tətbiq olunan “yaşıl” texnologiyalar və digər məsələlər müzakirə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *