İşğaldan azad olunan ərazilərdə mənbəyi Azərbaycanda formalaşan bolsulu çaylar mövcuddur ki, bunların üzərində 30-a yaxın kiçik su elektrik stansiyası fəaliyyət göstərib. Düşmən əraziləri tərk edərkən onlar tərəfindən bu stansiyalar dağıdılmış, avadanlıqları daşınmış, yerdə qalan tikililər, özüllər isə yararsız vəziyyətə salınıb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib.
"Azərenerji"nin rəhbəri qeyd edib ki, ilk öncə bu stansiyaların monitorinqi aparılıb, müvafiq layihələr hazırlanmaqla onların bərpasına başlanılıb: "Laçın rayonunun Güləbird kəndində yerləşən 8 MVt gücündə kiçik SES ölkə başçısının iştirakı ilə Qarabağda istismara verilən ilk inrastruktur layihəsi oldu. Növbəti mərhələdə döyüş əməliyyatları nəticəsində dağıdılmış ümumi gücü 7,8 MVt olan Suqovuşan-1, Suqovuşan-2 KSES-lər yenidən qurularaq Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Həmçinin, Kəlbəcər rayonunda 4 MVt gücündə daha bir KSES bu günlərdə test rejimində istismar olunur. Ümumilikdə bu stansiyaların gücü 20 MVt-dan artıqdır.
Qeyd olunanlardan əlavə Kəlbəcər rayonunda 11 ədəd, Laçın rayonunda 12 ədəd olmaqla cəmi 130 MVt-a yaxın gücdə kiçik su elektrik stanasiyalarının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanıb və növbəti ildə bunların bir qisminin yenidənqurulması tərəfimizdən həyata keçiriləcək.
Araz şayı üzərində İran İslam Respublikası ilə ortaq layihə olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının (140+140 MVt) tikintisi layihəsi üzrə “Azərenerji” ASC Azərbaycan höküməti tərəfindən sifarişçi qismində fəaliyyət göstərir. Hazırda bu istiqamətdə ölkələrarası işçi qrup yaradılıb və layihənin tamamlanması üçün müvafiq işlər icra olunur".
Rəylər (0):