Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan üzrə ölkə strategiyasına iqlim dəyişikliyinə uyğunlaşma və təsirin azaldılması üçün maliyyə prioritetlərini daxil edəcək.
"Renewables.az"ın məlumatına görə, bu barədə Trend-ə eksklüziv müsahibəsində QDTİB prezidenti Serhat Köksal bildirib.
“Azərbaycan Paris Sazişini ratifikasiya edib və onun müəyyən olunmuş töhfələri (NDCs) xüsusi olaraq ölkənin emissiyaların azaldılması məqsədini, iqlim dəyişikliyi ilə mübarizədə milli sosial-iqtisadi prioritetləri və ən həssas sektorları əks etdirir. NDC həmçinin müəyyən edilmiş məqsədə nail olmaq üçün iqlim dəyişikliyinə uyğunlaşma və təsirin azaldılması üzrə hansı tədbirlərin görülməsinin lazım olduğunu və bununla bağlı hansı maliyyə vəsaitinin tələb olunduğunu müəyyənləşdirir. QDTİB ölkənin ən son NDC-ləri üzrə məsləhətləşmələr aparacaq və Azərbaycan üçün ölkə strategiyasına iqlim dəyişikliyinə uyğunlaşma və təsirin azaldılması üzrə maliyyələşdirmə prioritetlərini daxil edəcək”, - S.Köksal dedi.
S.Köksal hesab edir ki, bu yolla Bank QDTİB-in İqlim Dəyişikliyi Strategiyasında müəyyən edilmiş öz maliyyə prioritetlərini Azərbaycanın prioritetləri ilə daha yaxşı uyğunlaşdıra biləcək və bununla da ölkəyə iqlim dəyişikliyinə uyğunlaşma və təsirin azaldılması üzrə öhdəliklərini yerinə yetirməkdə dəstək verəcək.
“Bu o deməkdir ki, QDTİB bərpa olunan enerji, resurs səmərəliliyi, dayanıqlı infrastruktur, "yaşıl" binalar və elektrik nəqliyyat sistemləri kimi emissiyaların azaldılması layihələrini dəstəkləyəcək. Eyni zamanda, QDTİB iqlim dəyişikliyinə uyğunlaşma layihələrini, xüsusilə tikinti və daşınmaz əmlak, sahil infrastrukturu, aqrobiznes və kommunal xidmətlər kimi həssas sektorlarda dəstək verəcək”, - deyə QDTİB prezidenti izah edib.
Rəylər (0):