Avropada elektrik enerjisi istehsalında külək və günəş enerjisinin payı keçən il ilk dəfə təbii qazı ötsə də, yaxın 5 ildə bərpa olunan enerji gücündəki artım son 20 ildəki artıma bərabər olacaq.
"Renewables.az" Anadolu Agentliyinə istinadən xəbər verir ki, COVID-19 epidemiyasından sonra dünya iqtisadiyyatının canlanmağa başladığı 2021-ci ilin yayında enerji bazarlarında tələb-təklif balanssızlığının öz təsirini göstərdiyi bir dövr olub.
Eyni dövrdə Rusiyanın Avropaya yalnız müqavilə həcmində qaz tədarük etməsi ilə Avropada etalon qaz qiymətləri görünməmiş şəkildə artmağa başlayıb. Rusiyanın Ukraynaya 24 fevral 2022-ci ildə başlatdığı müharibədən sonra Qərb ölkələrinin sanksiyalarına cavab olaraq qaz tədarükünü daha da azaltması ilə qiymətlər rekord həddə çatıb.
Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) məlumatlarına görə, Aİ elektrik bazarlarında ən yüksək qiymət 2021-ci ilin iyun ayında meqavat-saata görə 78 avro, ən aşağı qiymət isə 45,8 avro olub.
Təbii qaz qiymətlərindəki artıma uyğun olaraq davamlı olaraq artan elektrik enerjisi qiymətləri, 2022-ci ilin fevral ayında bir meqavat-saat üçün orta hesabla 211,7 avrodan sonra 2022-ci ilin avqustunda 543,5 avroya qədər bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Belə ki, müharibənin ilk 6 ayında Avropanın elektrik enerjisi bazarlarında qiymətlər təxminən 157 faiz bahalaşıb. Bu tarixdən sonra təbii qazın qiymətinin azalması ilə elektrik enerjisinin qiymətləri ucuzlaşmağa başlayıb. 2023-cü ilin yanvarında Aİ-də elektrik enerjisinin ən yüksək qiyməti orta hesabla meqavat saat üçün 191 avro, ən aşağı qiymət isə 69,5 avro təşkil edib, qiymətlər isə müharibədən əvvəlki dövrlə müqayisədə hələ də kifayət qədər yüksəkdir.
Aİ təbii qazda Rusiyadan asılılığını azaltmaq və təchizat təhlükəsizliyini təmin etmək üçün kömür, nüvə və bərpa olunan enerji resurslarından daha çox istifadə etmək üçün müxtəlif addımlar atıb. Almaniya, Avstriya və Danimarka kimi ölkələr iqlim dəyişikliyi ilə mübarizə məqsədləri çərçivəsində kömür elektrik stansiyalarını bağlamaq öhdəliklərini dayandırsalar da, bir çox ölkələr elektrik enerjisinin kəsilməməsi üçün bu kömür elektrik stansiyalarını istifadəyə hazır saxlayıblar.
Londonda yerləşən “Ember” analitik mərkəzinin “European Electricity Outlook 2023” hesabatına əsasən, elektrik enerjisi istehsalında kömürün payı keçən il 16 faiz təşkil edib ki, bu da 2021-ci ildən 1,5 faiz çoxdur. Avropada elektrik enerjisi istehsalında külək və günəşin payı ilk dəfə 2022-ci ildə təbii qazı ötüb və 22,3 faiz olaraq hesablanıb. Bu resursların Aİ-nin elektrik enerjisi istehsalındakı payı 2021-ci ildə 19,1 faiz təşkil edib. Belə ki, ötən il Aİ-nin elektrik enerjisi istehsalında payı ən çox artan mənbələr külək və günəş enerjisi olub. Bu dövrdə Aİ elektrik enerjisi istehsalının 22 faizi nüvə, 20 faizi qaz, 10 faizi su enerjisi, qalan hissəsi isə biokütlə və digər resurslar hesabına qarşılanıb.
Rəylər (0):