"Yaşıl layihələr" Sahibkarlığın İnkişafı Fondu (SİF) üçün prioritet istiqamətlərdən biridir.
Renewables.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev deyib.
"Yaşıl" layihələr cari ilin prioritet istiqamətlərinə daxil edilib. Sahibkarlar "yaşıl" layihələrin maliyyələşdirilməsi üçün Fondun güzəştli kredit mexanizminə müraciət edərək, illik 5% dərəcəsi ilə kreditdən yararlana bilərlər. İndiyədək 3 "yaşıl" layihə bu mexanizmdən yararlanıb. Bu layihələrdən biri quşçuluq təsərrüfatında enerji tələbatını günəş panelləri vasitəsilə təmin etməyi hədəfləyir.
Digər layihə isə e-infrastrukturun inkişafı istiqamətində elektrik doldurma stansiyalarının quraşdırılmasını həyata keçirəcək. Başqa bir layihə isə dairəvi iqtisadiyyatı dəstəkləyən təkrar emal yolu ilə tikinti materiallarının istehsalını reallaşdıracaq", - o deyib.
Osman Xaliyev bildirib ki, bu cür layihələr iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilə bilər və SİF-in müəyyənləşdirilmiş prioritetlər üzrə sahibkarların bütün təşəbbüslərini, o cümlədən, "yaşıl" layihələrini güzəştli şərtlərlə maliyyələşdirməyə hazır olduğunu bildirib.
Rəylər (0):