Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman beynəlxalq ictimaiyyəti bəzi ölkələrin üzləşdiyi enerji yoxsulluğunu aradan qaldırmağa çağırıb. Enerji yoxsulluğu müasir enerji xidmətlərinə çıxışın olmaması deməkdir.
Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, nazir Hindistanın Qoa əyalətində keçirilən 14-cü Təmiz Enerji Nazirləri iclası və 8-ci Missiya İnnovasiyaları iclası çərçivəsində keçirilən dialoq sessiyasındakı çıxışında deyib: “Bu məsələ mənəvi xarakter daşıyır və ən sadə enerji vasitələrinə malik olmayan bir milyarddan çox insanı əhatə edir. Səudiyyə Ərəbistanı, xüsusən 2007-ci ildə bəzi ölkələrin əziyyət çəkdiyi bu problemə diqqət çəkərək, dünya ictimaiyyətini enerji yoxsulluğu ilə mübarizəyə çağıran ilk ölkələrdən biridir”.
Nazir iclas çərçivəsində qlobal enerji, iqtisadiyyat və davamlılıq problemlərinin həllinə yönəlmiş Təmiz Enerji Forumu (CEM) və İnnovasiya Missiyası Təşəbbüsü (MI) ilə əməkdaşlıq sazişinin imzalandığını elan edib.
Şahzadə Əbdüləziz və Hindistanın enerji və bərpa olunan enerji naziri Rac Kumar Sinqhin həmsədrliyi ilə bütün enerji mənbələrindən emissiyaların azaldılması ilə bağlı dialoq sessiyasına əlavə olaraq, “Yaşıl və aşağı karbonlu hidrogen” mövzusunda dəyirmi masa da keçirilib. Diqqətəlayiqdir ki, Səudiyyə Ərəbistanı iqlim dəyişikliyi ilə bağlı bir sıra beynəlxalq təşkilatların və forumların, o cümlədən “Net Zero Neytral Producers’ forumu, Qlobal metan, iqlim və təmiz hava Forumu, Karbon tutma üzrə liderlik Forumu və Enerji İnnovasiya Missiyasının fəal üzvüdür.
Bu fəaliyyət Krallığın iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə beynəlxalq səviyyədə fəal rolunu təsdiqləyir və Krallıqda istifadə olunan enerji kompleksini şaxələndirmək və bərpa olunan enerji mənbələri və karbohidrogenlər də daxil olmaqla, bütün enerji mənbələri üçün təmiz texnologiyalardan istifadəni təşviq etməklə emissiyaların azaldılmasına yönəlmiş beynəlxalq səylərə töhfə verir.
Rəylər (0):