Son on ildə ABŞ-da bərpa olunan enerji istehsalı dörd dəfə artıb

image

AZƏRTAC-ın “Yaşıl enerji” layihəsi çərçivəsində növbəti materialı bərpa olunan enerji sahəsində mühüm nailiyyətlər əldə edən ABŞ-a həsr olunur. Xüsusi müxbirimizin Birləşmiş Ştatların alternativ enerji sektorunda qarşıya qoyduğu hədəflər, qazandığı nəticələr barədə qeydlərini təqdim edirik.

ABŞ Energetika İnformasiya İdarəsinin ilkin məlumatına görə, 2020-ci ildə ABŞ-da ümumi enerji istehlakının təqribən 12,6 faizi və ölkə daxilində istehsal edilmiş elektrik enerjisinin təqribən 19,8 faizi bərpa olunan enerji mənbələrinin payına düşüb.

2019-cu ildən bəri külək energetikası ölkədə bərpa olunan elektrik enerjisinin ən iri istehsalçısıdır. 2020-ci ildə külək enerjisi sayəsində 337,9 teravat-saat elektrik enerjisi istehsal edilib. Bu, ölkədə elektrik enerjisi istehsalının ümumi həcminin 8,4 faizi və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının ümumi həcminin 43,2 faizi deməkdir. 2021-ci ilin oktyabr ayı üçün olan məlumata görə, ABŞ-da külək energetikasının sənədlərdə göstərilən gücü 129.256 meqavat olub.

Ölkədə bərpa olunan elektrik enerjisinin ikinci ən böyük istehsalçısı hidroenergetikadır. 2020-ci ildə elektrik enerjisinin ümumi həcminin təqribən 7,3 faizi və bərpa olunan elektrik enerjisi istehsalının ümumi həcminin 36,4 faizi bu mənbə hesabına yaranıb. Birləşmiş Ştatlar dünyada hidroelektrik enerjisinin ən iri istehsalçıları arasında Çin, Kanada və Braziliyadan sonra dördüncü yeri tutur.

ABŞ-da elektrik enerjisinin günəş energetikası hesabına təmin edilən hissəsi artmaqdadır: 2017-ci ildə quraşdırılmış istehsal güclərinin 50 giqavatdan çox hissəsi ölkənin elektriklə təchizatının ümumi həcminin təqribən 1,3 faizini istehsal edib. Müqayisə üçün qeyd edək ki, əvvəlki ildə bu göstərici 0,9 faiz olub. 2016-cı il üçün olan məlumata görə, günəş enerjisi sənayesində işləyənlərin sayı 260 min nəfəri ötüb. 43 ştatda energetika şirkətləri günəş batareyaları hesabına yaranan əlavə enerjini almaq üçün xüsusi sayğaclar quraşdırıblar.

Birləşmiş Ştatlarda fəaliyyət göstərən iri fotoelektrik stansiyaları sırasına Mount Signal Solar (600 MVt) və Solar Star (579 MVt) daxildir. 1980-ci illərdə ilk dəfə olaraq Solar One günəş istilik enerjisi texnologiyası tətbiq edilməyə başlayandan bəri daha bir neçə bu cür elektrik stansiyası tikilib. Ən iri günəş elektrik stansiyaları Las-Veqasdan cənub-qərbdə yerləşən Ivanpah (392 MVt) və Mohava səhrasında ümumi generasiya gücü 354 MVT olan SEGS elektrik stansiyaları qrupudur. Geotermal enerji mənbələri də bərpa olunan enerji mənbələri sırasına daxil edilir. Şimali Kaliforniyadakı geyzerlər isə dünyada ən iri geotermal kompleksdir.

ABŞ-ın sabiq prezidenti Barak Obamanın sözlərinə görə, bərpa olunan enerji mənbələrinin inkişafı və onların enerji effektivliyinin artırılması Birləşmiş Ştatlarda enerjinin öyrənilməsi sahəsində yeni era olub. Prezident Obama 2009-cu il fevralın 24-də Konqresə müraciətində qarşıdakı üç il ərzində bərpa olunan enerji mənbələrindən istifadənin həcmini ikiqat artırmağa çağırıb. 2011-ci ilin birinci rübündə bərpa olunan enerji mənbələri mühüm mərhələyə çatıb. O vaxt bu mənbələr ümumi milli enerji istehsalının (660 teravat-saat) 11,7 faizini təmin edərək 1997-ci ildən bəri ilk dəfə nüvə energetikası hesabına enerji istehsalının həcmini (620 teravat-saat) üstələyib. Barak Obama 2012-ci ildə ABŞ Konqresinə müraciətində bərpa olunan enerji mənbələrinə tərəfdar olduğunu bir daha təsdiqləyib və Daxili İşlər Nazirliyinin 2012-ci ildə dövlət torpaqlarında bu enerji növləri üzrə 10 min meqavat gücündə layihələrin həyata keçirilməsi öhdəliyini xatırladıb.

Bərpa olunan enerji mənbələrindən, o cümlədən külək, günəş, geotermal enerji və bioyanacaqdan istifadə edən yeni texnologiyaların çoxu ABŞ-da enerji istehlakının 85 faizini təmin edən mədən yanacaq növləri ilə rəqabət aparır və ya tezliklə onlarla rəqabət aparmağa qabil olacaq. Dinamik artım sürəti bu sahədə xərcləri azaldır və texnologiyaların sürətli inkişafına stimul yaradır. Daha qədim və daha sabit hidroelektrik energetika mənbələri ilə müqayisədə külək və günəş enerjisi daha böyük əhəmiyyət kəsb edir. 2016-cı ildə bərpa olunan elektrik enerjisi istehsalının ümumi həcminin 37,23 faizi külək enerjisi, 43,62 faizi isə hidroelektrik enerjisi hesabına təmin olunub. Elektrik enerjisinin qalan hissəsi biokütlə (10,27 faiz), günəş enerjisi (6,03 faiz) və geotermal enerji (2,86 faiz) hesabına əldə edilib.

Son məlumata görə, 2011-2020-ci illərdə Birləşmiş Ştatlarda günəş və külək enerjisindən alınan elektrik enerjisinin həcmi təqribən dörd dəfə artıb. Həmin dövrdə geotermal generasiya nisbətən dəyişməz qaldığı halda bu üç texnologiya birlikdə illik artımın təqribən 15 faiz olmasını təmin edib.

Bu nəticələr ötən ilin sonunda “Environment America” qeyri-hökumət tədqiqatlar və siyasət mərkəzi ilə “Frontier Group” müstəqil tədqiqat təşkilatı tərəfindən dərc edilmiş hesabata əsaslanır. Aparılmış təhlil göstərib ki, indiki artım sürəti saxlanarsa, o halda külək, günəş və geotermal enerji 2035-ci ilə qədər elektrik enerjisinə tələbatın cari səviyyəsini təmin edəcək. Prezident Co Baydenin bəyanatına görə, ABŞ o vaxta qədər mədən yanacağından tamamilə imtina etməyə çalışacaq. Hesabatın müəllifi Emma Sirsonun sözlərinə görə, bu istiqamətdə artım sürəti yüksəlməkdə davam edir.

Sirson və onun həmkarları ABŞ Energetik İnformasiya İdarəsinin məlumatlarından istifadə etməklə hesablayıblar ki, 2011-ci ildə külək və günəş elektrik enerjisi istehsalının həcmi 125.820 giqavat-saat olduğu halda, 2020-ci ildə müvafiq göstərici 470.141 giqavat-saata çatıb. Geotermal generasiya əsasən dəyişməz qalıb və 2020-ci il üçün olan məlumata görə, bu göstərici 16.930 giqavat-saata bərabər olub.

Günəş enerjisi generasiyası daha sürətlə artıb. Hesabatda qeyd edilir ki, 2011-ci ildən bəri bu göstərici 23 dəfə, Günəş enerjisi ilə müqayisədə daha yüksək faizlə ifadə edilən külək generasiyası isə təqribən 3 dəfə artıb. Ölkədə külək və günəş enerjisi hesabına istehlak edilən elektrik enerjisinin ən azı yarısını üç ştat – Ayova, Şimali Dakota və Kanzas istehsal edir. Bərpa olunan Enerji Mənbələri Milli Laboratoriyası (NREL) tərəfindən aparılmış sorğu nəticəsində məlum olub ki, 2011-2018-ci illərdə kommunal müəssisələr üçün günəş enerjisi istehsalına çəkilən xərclər təqribən 80 faiz azalıb. NREL-in proqnozlarına görə, qiymətlərin azalması davam edəcək.

Bu gün günəş elektrik enerjisi istehsalına görə Kaliforniya ştatı milli liderdir. Kaliforniya bu göstərici üzrə ikinci yeri tutan Texasdan təqribən 5 dəfə çox enerji istehsal edir. Sirson bərpa olunan enerji mənbələrinin dəstəklənməsində qanunvericiliyin oynaya biləcəyi rol barədə danışarkən deyib: “Bu, təsadüfi deyil. Kaliforniya həqiqətən aqressiv siyasət yürüdür”.

Sirsonun qənaətinə görə, ştatların çoxu, məsələn günəşli Arizona, Böyük Düzənliklərdəki Ayova və Oklahoma kimi küləkli ştatlar bərpa olunan enerji mənbələrinin zəngin potensialına malikdir. Bu o deməkdir ki, siyasi ab-hava bu növ elektrik enerjisi mənbələri üçün o qədər əlverişli olmasa da, təbii şəraiti münasib olan regionlarda texnologiyalar populyarlaşa bilər. Hesabatda deyilir: “Ölkənin hər bir ştatı elektrik enerjisinə tələbatını təmin etmək üçün yalnız günəş və ya külək enerjisindən istifadə halında yetərli potensiala malikdir”.

Brukinq analitik mərkəzinin əməkdaşı, infrastruktur və iqlim məsələləri ilə məşğul olan Cozef Keynin sözlərinə görə, keçmiş gələcəyi diktə etmir və bütün bunlar heç də o demək deyil ki, qazıntı yanacağının bir hissəsini əvəzləmək asan olacaq. Londondakı Ember analitik mərkəzinin məlumatına görə, Birləşmiş Ştatlar elektrik enerjisinin yalnız 12 faizini külək və günəş hesabına istehsal edir. Bu səbəbdən ABŞ qlobal bazarın orta sıralarında yer alır. Böyük Britaniyada və Almaniyada müvafiq göstəricilər iki dəfədən çox yüksəkdir. Sirson etiraf edib ki, ABŞ üçün hər şey hələ irəlidədir, daha təmiz enerji təchizatına keçid kimi elektrik enerjisinə tələbatın nizamlanması da vacibdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *