Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Renewables.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
İclasda “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı qeyd olunub ki, sənəd ölkələrimiz arasında yaşıl enerji sahəsində yeni strateji çərçivəni müəyyən edərək Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirəcək, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni imkanlar açacaq.
Növbəti məsələ olan “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi barədə isə bildirilib ki, Təmiz Enerji Mərkəzi bərpa olunan enerjinin təşviqi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində üzv dövlətlərin kollektiv səylərini birləşdirən qurumdur. Azərbaycanın bu mərkəzə ev sahibliyi etməsini ölkəmizin regional enerji təşəbbüslərində strateji rolunun artması kimi dəyərləndirilib.
Hər iki qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.
Rəylər (0):