Ukrayna Bərpaolunan Enerji Assosiasiyası bildirib ki, Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynanın bərpaolunan enerji potensialının yarısı məhv olmaq təhlükəsi altındadır. Külək turbinlərinin, günəş panellərinin, stansiyaların elektrik avadanlıqlarının, elektrik xətlərinin, yarımstansiyaların işğalçılar tərəfindən məhv edilməsi faktları artıq qeydə alınıb.
"Berpaolunanenerji.az" yerli KİV-ə istinadən xəbər verir ki, Ukrayna Külək Enerjisi Assosiasiyasının məlumatına görə, Rusiyanın hərbi təcavüzü səbəbindən külək turbinlərinin 2/3-dən çoxu dayandırılıb. Hazırda 1 162,5 MVt külək enerjisi gücü işləmir.
Belə ki, Zaporojyedə 99,58 MVt gücündəki "Primorskaya-1" istisna olmaqla, bütün külək stansiyaları və “Ukrayna Külək Parkları” MMC-nin 14 turbininin fəaliyyəti dayandırılıb.
Ukraynada istismarda olan günəş elektrik stansiyalarının təxminən 60 %-i (3,700 MVt) Ukraynanın aktiv döyüş əməliyyatlarının aparıldığı cənub və cənub-şərq bölgələrində yerləşir. Bu stansiyaların 30-40 %-i (1,120-1,500 MVt) dağıdılıb. Xarkov vilayətində isə günəş stansiyaların hamısı yararsız vəziyyətə düşüb.
Bioenerji üzrə quraşdırılmış güclərin 10-15%-i zədələnib.
Kiyev İqtisadiyyat Məktəbinin hesablamalarına görə, Rusiya və Ukrayna arasında münaqişə nəticəsində Ukraynanın bərpaolunan enerji sektorunda itkilər 1 milyard dolları keçə bilər.
Təkcə Ukraynada külək elektrik stansiyalarının potensial sığortalanmış itkiləri 750 milyon dollardan çoxdur, əlavə itkilər isə ən azı daha 100 milyon dollardır. Lakin günəş və digər bərpaolunan enerji stansiyalarının zərəri məlum olmadığından, ümumi zərərin 1 milyard dollardan çox olacağı bildirilir.
Rəylər (0):