WMO: Bərpaolunan enerji mənbələri hava və iqlim şəraiti ilə tənzimlənir

image

Günəş, su və külək kimi bərpaolunan enerji mənbələrindən səmərəli istifadə meteoroloji, hidroloji və iqlim xidmətlərinin fəaliyyətindən birbaşa asılıdır.

Renewables.az-ın məlumatına görə, AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatında (WMO) bəyan edirlər. Təşkilatın ekspertləri “sıfır tullantılar”a keçid kampaniyasına qoşularaq bu mövzuda yeni hesabat hazırlayıblar.

Zərərli tullantıların “sıfır” səviyyəsi istixana qazlarının emissiyasının təbii yolla – məsələn okeanlar və meşələr vasitəsilə tamamilə udulduğu həcmi nəzərdə tutur.

WMO-da xatırladırlar ki, beynəlxalq birlik iqlim üzrə Paris Sazişində nəzərdə tutulan qlobal hərarətin artımını 1,5 dərəcə Selsi həddində dayandırmağa və iqlim fəlakətindən yaxa qurtarmağa yalnız yaxın illərdə və onilliklərdə tullantıları kəskin azaltmaqla nail ola bilər.

WMO-nun Baş direktorunun müavini Yelena Manayenkova deyib: “Temperaturun qalxmasını 1,5 dərəcə Selsi həddində məhdudlaşdırmaqdan ötrü enerji istehsalı iş sistemini radikal şəkildə dəyişməli və mədən yanacağının yandırılmasından külək, günəş və su enerjisi kimi bərpaolunan mənbələrdən istifadəyə keçməlidir”.

Ekspertlər vurğulayır ki, meteoroloji xidmətlər tullantıların azaldılmasına töhfə verə bilərlər. Məsələn, havanın maksimum dəqiq proqnozu günəş və ya külək enerjisindən daha səmərəli istifadə etməyə imkan verər. “Bərpaolunan enerji mənbələri hava və iqlim şəraiti ilə tənzimlənir. Bu səbəbdən də meteoroloji və iqlim xidmətləri enerji keçidi üçün həlledici rola malikdir”, - deyə Manayenkova bildirib.

Belə xidmətlərin fəaliyyətinin yaxşılaşdırılmasına sərmayə qoyuluşu da enerji infrastrukturunun ekstremal iqlim hadisələrinə davamlılığını təmin etməyə imkan verəcək.

İqlim dəyişməsi üzrə Hökumətlərarası Ekspertlər Qrupu özünün son hesabatında bildirib ki, axırıncı onillik son 125 min il ərzində hər hansı dövrdən daha isti olub və ötən əsrdə istixana qazlarının qlobal tullantıları sürətlə artmaqda davam edib.

Zərərli tullantıların təqribən 73 faizi enerji, sənaye, nəqliyyat sektorunun və yaşayış binalarına xidmətin payına düşür. Bununla yanaşı, enerji təminatına tələbat yalnız artır.

Ekspertlər hesab edirlər ki, bəşəriyyət hələ də iqlim dəyişmələrinin miqyasını məhdudlaşdırmağa qadirdir. Atmosferə tullantıları, o cümlədən istixana qazlarını əhəmiyyətli dərəcədə azaltmaqla qısa müddət ərzində havanın keyfiyyətini xeyli yaxşılaşdırmaq və qlobal temperaturu sabitləşdirmək olar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *