“Yaşıl enerji”: Kiçik ölkənin böyük hədəfləri

image

Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir.

"Berpaolunanenerji.az" xəbər verir ki, AZƏRTAC mövzunun aktuallığını və “yaşıl enerji”nin tətbiqinə artan marağı nəzərə alaraq dünya ölkələrində bununla bağlı strategiyanı, görülən işləri, qazanılan təcrübəni və nailiyyətləri işıqlandıran layihəni təqdim edir. Bu silsilədən ilk material Avstriyaya həsr olunur.

Alp dağlarının qoynunda yerləşən Avstriya Avropada bərpa olunan enerji mənbələrindən geniş istifadə edən ölkələr sırasındadır. “Yaşıl enerji” istehsalı üçün ölkədə əsas mənbə kimi biokütlə, geotermal istilik, su, külək və günəş enerjisindən istifadə edilir. Əsrimizin əvvəllərinə kimi Avstriyada bu sektorda inkişaf tempi aşağı olsa da, hazırda ölkənin enerji istehlakının 33,4 faizi bərpa olunan enerjinin payına düşür.

Avstriyanın İqtisadiyyat Nazirliyi bərpa olunan enerji mənbələri kimi ölkədə beş istiqaməti müəyyən edir. Onlardan birincisi biokütlə əsasında əldə edilən enerjidir və onun klassik nümunəsi odun hesab edilir. Müasir dövrdə isə bərk (odun), maye (bioyanacaq) və qaz (bioqaz) formasında biokütlə həm istilik, həm də elektrik enerjisi alınmasında istifadə olunur.

Ölkədə ümumdaxili enerji istehlakının təxminən 17 faizi biokütlə hesabına təmin olunur və əsasən istilik enerjisi olaraq istifadə edilir. Digər mənbə olan geotermal enerjiyə gəlincə, tarixi qədim dövrlərə gedib çıxan bu enerji növü ötən əsrin 70-ci illərində Avstriyada yenidən aktuallaşıb. Lakin o, istilik enerjisinə tələbatın cəmi 2,5 faizini, elektrik enerjisinin isə 0,1 faizini təmin edə bilir.

Bərpa olunan enerji mənbələri arasında günəş enerjisi xüsusi çəkiyə malikdir. Təkcə 2020-ci ildə dünya üzrə 139 giqavatt elektrik enerjisi hasil etmək gücünə malik fotovoltaik qurğuları quraşdırılıb, günəş enerjisini istilik enerjisinə çevirən qurğular isə 25,2 giqavatt gücündədirlər. Dünyada günəş termal qurğularının sayına görə ilk yerdə Çin dayanır, Avstriya isə 8-ci yerə yüksəlməklə ABŞ və Hindistan kimi nəhəngləri qabaqlayır.

Avstriyada illik orta günəş şüasının miqdarı hər kvadratmetr üçün 1000 kilovat/saata bərabərdir. Bu göstərici Saxara səhrasına düşən günəş şüasının intensivliyinin yarısına bərabər olsa da, Avstriyada hər kvadratmetrə düşən günəş enerjisinin illik həcmi 100 litr yanacağa ekvivalentdir.

Alp dağlarının kiçik çayları və su hövzələri müxtəlif həcmli su elektrik stansiyaları qurulmasına geniş imkanlar açır və ölkə bundan maksimum yararlanmağa çalışır. Avstriyada ümumi elektrik enerjisi hasilatının 57,9 faizi məhz su enerjisi hesabına başa gəlir. Bu sahədə gücü 10 meqavatta qədər olan kiçik stansiyalar mühüm rol oynayır.

Avstriyada ilk külək enerjisi “dəyirmanı” 1994-cü ildə qurulub. Burqenland federal əyalətində geniş ərazilərdə külək enerjisi parkları yaradılıb. Hökumətin hədəfi 2030-cu ilədək ölkədə elektrik enerjisi tədarükünü 100 faiz bərpa olunan enerji mənbələri əsasında təmin etməkdir və külək enerjisinin həcmi 26 faizə çatdırılmalıdır (hazırda 19 faizdir).

Ölkənin enerji sektorunda nüvə enerjisindən tam imtina edilib. 1978-ci ilin dekabr ayında keçirilən referendumdan sonra inşası gedən bütün nüvə reaktorları bağlandı və onlar nüvə tədqiqatları mərkəzi ilə əvəzləndi. Avstriyada nüvə enerjisindən imtinaya dair qanun Konstitusiya ranqındadır, nüvə tullantılarının saxlanması və nüvə enerjisinin tədarükü qadağan olunur.

Avstriyanın müasir iqlim və enerji strategiyası “#mission2030” adlanır və Paris İqlim Sazişinin hədəflərinə nail olmaq üçün günümüzün enerji təminatı sisteminin təkmilləşdirilməsi və eləcə də elektrik enerjisi, istilik, mobillik və sənaye sektorlarında bərpa olunan enerjiyə transformasiya proseslərini əhatə edir. Hökumətin qəbul etdiyi strategiya 2030-cu il və 2050-ci ilədək qət ediləcək dekarbonizasiya yolunun hədəf və fəaliyyət planını müəyyənləşdirir. Buraya zərərli qazların 2005-ci illə müqayisədə 2030-cu ilədək 36 faiz azaldılması, ümumi enerji istehlakında “yaşıl enerjinin” payının indiki 33,4 faizdən 45-50 faizə çatdırılması nəzərdə tutulur. Bu gün Avstriyada istehsal olunan elektrik enerjisinin artıq 72 faizi bərpa olunan mənbələrdən əldə edilir.

Bərpa olunan enerji sektoru, eyni zamanda, innovativ texnologiyalardan istifadə Avstriya şirkətlərinin beynəlxalq bazarda cəlbediciliyini də artırır. Biokütlə, fotovoltaik, günəş termal enerjisi, istilik nasosları və külək enerjisi sahəsində ixtisaslaşmış Avstriya müəssisələri 2017-ci ildə ümumilikdə 4,9 milyard avro həcmində dövriyyəyə malik olublar və bu sektorda çalışan işçilərin sayı 32 min nəfər təşkil edib. İnnovativ enerji texnologiyaları sayəsində indiyədək ölkədə 66,3 teravatt/saat bərpa olunan enerji istehsal olunub və ətraf mühitə 13,2 milyon ton CO2 ekvivalentində emissiyanın yaranmasının qarşısı alınıb.

Qeyd edək ki, hazırda dünyada enerji istehlakının 17,9 faizi bərpa olunan enerji mənbələrinin payına düşür. 2018-ci ildə dünya üzrə bərpa olunan enerji texnologiyalarına 296 milyard ABŞ dolları sərmayə yatırılıb. Bu sahə neft, qaz və ya kömür kimi təbii sərvətlərlə zəngin ölkələr arasında da trendə çevrilib, necə deyərlər, dövlət siyasətinin tərkib hissəsi olub.

Qlobal istiləşmə, dünya bazarlarında ənənəvi enerjinin qiymət dəyişikliyi, böhran və sair problemlər, həmçinin innovativ texnologiyaların əhəmiyyətinin cəmiyyətlər tərəfindən qəbul edilməsi təkcə Avstriya kimi ölkələrdə deyil, eləcə də bütün dünyada “yaşıl enerji” sektorunun yaxın gələcəkdə sürətlə inkişaf edəcəyini bariz şəkildə nümayiş etdirir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *