Yaşıl Enerji Məşvərət Şurasının ilk iclası haqqında

image

Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclası keçiriləcək.

“Renewables.az”ın məlumatına görə, tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya,  Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Bildirilib ki, iclaslarda enerji şirkətlərindən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp, BOTAŞ, Trans-Anadolu Qaz Boru kəməri (TANAP), Trans-Adriatik Qaz Boru Kəməri (TAP), TPAO, TAQA, “Bulgargaz EAD”, “Bulgartransgaz”, Yunansıtan-Bolqarıstan İnterkonnektoru (İCGB), “Fluxys”, “ROMGAZ SA”, SACE, “Desfa”, “TotalEnergies”, FGSZ Ltd, SNAM, “Uniper”, “Petronas”, "ACWA Power", “Masdar”, “Fortescue Future Industries”, “WindEurope”, “SolarPower Europe”, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunacaq.

Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, "Cənub Qaz Dəhlizi": Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” üzrə plenar sessiyalarla davam edəcək.

Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.

Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı isə 2022-ci ilin fevralın 4-də keçirilib.

Azərbaycanın enerji siyasətinin Avropa üçün artan əhəmiyyəti: təbii qaz və yaşıl enerji

Artıq doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasınin keçirilməsi, eləcə də bu il daha iki mühüm tədbirin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının da bu il baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq-şəkildə ortaya qoyur. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi işində əhəmiyyətli addım atıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi yeni enerji siyasətinin bu baxımdan iki əsas komponentini xüsusi vurğulamaq lazımdır. Belə ki, ötən ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması digər sahələrdən fərqli olaraq, enerji təminatı sahəsində vəziyyəti xüsusilə kəskinləşdirdi. Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq etməyə başlayan Avropa özünün enerji təminatı üçün alternativ mənbələrə üz tutdu. Bu istiqamətdə ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması xüsusi əhəmiyyət daşıyır. Həmin sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Xüsusilə vurğulamaq lazımdır ki, artıq həmin sənədin icrasına başlanıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

Dövlətimizin başçısının yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Prezident İlham Əliyev Avropaya digər enerji körpüsünü də salır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yer tutur

Xüsusi vurğulamaq lazımdır ki, Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Bu layihənin əhəmiyyətini Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı mətbuata bəyanatında aydın görmək olur: “Vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”.

Bu nəhəng layihə ilə bağlı ilk sənəd - Azərbaycan ilə Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə 2011-ci ildə imzalanıb. Bu, həmin layihənin icrasının başlanğıc mərhələsi sayılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il oktyabrın 29-da imzaladığı Sərəncam ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın mənafeyini qorumaq və layihə iştirakçılarına dövlət dəstəyinin təmin edilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb.

Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlanıb. 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin (ozamankı) Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb. 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatik təbii qaz boru kəməri) layihəsini seçib və kəmərin tikintisi 2020-ci ildə başa çatdırılıb. Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən başlayaraq hər il keçirilir. 2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. “Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatdıqdan sonra, 2018-ci il iyunun 30-dan “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılıb. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olub və bununla da onun tikintisi tamamlanıb. Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri ilə 2020-ci il dekabrın 31-dən etibarən kommersiya təbii qazının nəqlinə başlanılıb. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına nail olunub.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən çoxdur. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Beləliklə, Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə və etibarlı tərəfdaşa çevirir. Prezident İlham Əliyev bu barədə bildirib: “Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”.

Azərbaycan zəngin yaşıl enerji potensialı ilə Avropanın enerji təminatındakı rolunu daha da gücləndirir

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın bu baxımdan önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək.

Bu istiqamətdə artıq ilk ciddi addımların atılmasına başlanılıb. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Bu sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq.

Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya gətirəcək. Bu isə o deməkdir ki, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.

Azərbaycan Avropa İttifaqı ilə enerji dialoqunda yeni mövzular olan yaşıl enerji və yaşıl hidrogen böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcək. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan cəmi iki il əvvəl azad edilmiş ərazilərin də potensialından istifadə olunması istiqamətində ciddi addımlar atmağa başlayıb.

BP-nin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. Zəngəzur dəhlizindən, eyni zamanda, elektrik enerjisi ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyası tikiləcək, onların 5-i artıq istismara verilib.

Azərbaycanın bərpaolunan enerji potensialında Xəzər dənizi xüsusi yer tutur. Çünki Xəzər Şimal dənizindən sonra külək enerjisi potensialına görə ikinci yerdədir. Ehtimal ki, enerji şirkətləri BP kimi addım atacaq və nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar.

Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək. Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

Beləliklə, Azərbaycanın zəngin enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlayan şərəfli yol bu gün Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün və ən müasir texnoloji inkişaf reallıqları nəzərə alınaraq uğurla davam etdirilir. Azərbaycanın nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *