Səudiyyə Ərəbistanı Krallığının ACWA Power şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin Masdar kimi tanınan "Abu Dhabi Future Energy Company" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Anlaşma Memorandumu imzalanıb.
Renewables.az xarici şirkətlərin açıqlamalarına istinadən xəbər verir ki, Anlaşma Memorandumuna görə, tərəflər Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrini inkişaf etdirəcək.
Bildirilir ki, Anlaşma Memorandumu ACWA Power şirkətinin Baş İnvestisiya Direktoru Tomas Brostrom, Masdar şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi və SOCAR-ın vitse-prezidenti Əfqan İsayev tərəfindən imzalanıb.
Qeyd edək ki, yerli mətbuatda bu haqda hələki rəsmi məlumat və xəbər dərc olunmayıb.
Xatırladaq ki, ACWA Power 2019-cu ildə Azərbaycan bazarına daxil olub, hazırda Azərbaycanda 286 milyon ABŞ dolları investisiya dəyəri olan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsini icra edir. Şirkətlə 2,5 QVt gücündə bərpa olunan enerji layihələri ilə bağlı müqavilələr imzalanıb.
Masdar Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərir və oktyabrda istifadəyə verilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisini həyata keçirib. Masdar və Azərbaycan bir çox texnologiyalar üzrə bərpa olunan layihələr üçün ümumi gücü 10 QVt-a qədər genişləndirmək variantı haqqında razılığa gəliblər.
Rəylər (0):