İstanbulda Azərbaycan - Türkiyə enerji əməkdaşlığının inkişafı müzakirə olunub

image

İstanbul Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə enerji əməkdaşlığının inkişafı məqsədilə ikitərəfli, üçtərəfli və dördtərəfli formatlarda görüşlər keçirilib.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Nazirlərin ikitərəfli görüşündə nazir Pərviz Şahbazov Forumun keçirilməsi və BOTAŞ şirkətinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, həmçinin COP29-da iştiraka görə təşəkkürünü bildirib. Müzakirələr zamanı ikitərəfli enerji əməkdaşlığının prioritet məsələləri və gələcək perspektivləri nəzərdən keçirilib. Türkiyəyə və buradan Avropaya “yaşıl enerji” və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafından bəhs edilib. Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrasının cari vəziyyəti, İğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekun mərhələsi, habelə “Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu”nun keçirilməsi iə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə qaz sahəsində üçtərəfli əməkdaşlığın inkişafı ilə bağlı da müzakirələr aparılıb. Keçid yanacaq növü kimi təbii qaza olan tələbat,  qaz tədarükü sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdən keçirilib. Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycandan Bolqarıstana və digər Avropa ölkələrinə nəql məqsədilə 1,4 milyard kubmetrdən artıq qaz ixrac edilib.

“Yaşıl enerji” sahəsində isə müzakirələr Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə dördtərəfli formatda aparılıb. Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizi layihəsinin cari vəziyyəti diqqətə çatdırılıb. Xəzər dənizi və Mərkəzi Asiyadan bərpa olunan enerjinin Gürcüstan və Türkiyə vasitəsilə  Avropaya müxtəlif marşrutlarla çatdırılması imkanları dəyərləndirilib. Dörd ölkə arasında “yaşıl enerji” əməkdaşlığı üzrə müvafiq addımların atılması razılaşdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *