ADNSU-da “Bərpa olunan enerji mənbələri” üzrə ikili diplom proqramının təqdimatı keçirilib

image

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə ikili diplom proqramının təqdimatı keçirilib.

Renewables.az ADNSU-ya istinadla xəbər verir ki, tədbirdə çıxış edən rektor, professor Mustafa Babanlı 2023/2024 QS dünya universitetləri reytinq cədvəlində 64/67-ci yerdə olan Vorvik Universiteti ilə birgə reallaşdırılan ikili diplom proqramının əhəmiyyətindən danışıb.

Bu unikal proqramın tələbələri müstəsna öyrənmə təcrübəsi ilə təmin etmək üçün hər iki ali təhsil müəssisəsinin təcrübəsini birləşdirdiyini deyən rektor M.Babanlı Bərpa olunan enerji istiqaməti üzrə keyfiyyətli təhsilin təşkili, bu sahədə mütəxəssislərin hazırlanmasına, müasir texnologiyaların tətbiqi ilə innovativ həllərin işlənməsinə, həmçinin mühəndislik layihələrinin optimal idarə edilməsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib. 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək 2019/2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı çərçivəsində həyata keçirilən ikili diplom proqramının Azərbaycanın ali təhsil məkanında xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Bərpa olunan enerji istiqaməti üzrə strategiyaların işlənib hazırlanmasının bütün dünyanın, o cümlədən ölkəmizin gündəmində duran prioritet istiqamətlərindən biri olduğunu qeyd edən N.Məmmədli bu baxımdan proqramın Azərbaycan universitetlərinin dünyada nüfuzunun artmasına müsbət təsir edəcəyini vurğulayıb. 

Sonra ADNSU-nun İkili diplom prorqamı direktoru Rafiq Əliyev dövlət proqramı çərçivəsində təşkil olunan “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə ikili diplom proqramının məqsədi, proqrama müraciət və qəbul şərtləri, həmçinin proqramın gənclər üçün mühüm perspektivlərindən bəhs edən geniş video təqdimatla çıxış edib. Bildirilib ki, bu unikal proqram tələbələri müstəsna öyrənmə təcrübəsi ilə təmin etmək üçün hər iki Ali Təhsil Müəssisəsinin təcrübəsini birləşdirir. Proqram “Warwick Manufacturing Group” (WMG) tərəfindən həyata keçirilən səkkiz modul və layihə nəticəsində Vorvik Universitetinin magistr dərəcəsini və ADNSU-nun təqdim etdiyi altı modul ilə ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planı təklif edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *