Ağdam Sənaye Parkında günəş enerjisi ilə qidalanan qurğular istehsal ediləcək

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam Sənaye Parkında müəssisənin təməlinin qoyulması mərasimində iştirak ediblər.

"Berpaolunanenerji.az"ın xəbərinə görə, İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verib.

Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə ildə 21 min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. “Smartpoint” MMC Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən (tam infrastruktur təminatı və vergi azadolmaları) faydalanacaq. Sənaye Parkının 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq. Yaxın vaxtlarda müəssisənin layihələndirmə işlərinə başlanacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır.

Dövlətimizin başçısı müəssisənin təməlini qoyub.

Beləliklə, yeni yaradılan sənaye zonaları, həmçinin Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *