Azərbaycan zəngin bərpa olunan enerji potensialı hesabına iri layihələr həyata keçirir və 1 000 MVt gücündə bərpa olunan enerji stansiyalarının təməlinin qoyulması Azərbaycanın "yaşıl enerji" sahəsində bir ilkdir.
Renewables.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Strateji təhlil və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Cavid Babayev bildirib.
O xatırladıb ki, iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarının və 240 MVt gücündə Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməli qoyulub: “Bakı Enerji Həftəsində təməli qoyulan bu layihələr hesabına illik 2 milyard 305 milyon kVt/saat elektrik enerjisinin istehsalı gözlənilir ki, bununla da 496 milyon kubmetr təbii qaza qənaət olunacaq. Həmçinin 1 milyon tona yaxın karbon emissiyasının qarşısının alınması və yeni iş yerlərinin yaranması bu stansiyaların ekoloji və sosial töhfələridir”.
Mütəxəssis bildirib ki, bundan əlavə, 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası, Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyası, həmçinin ilk bərpa olunan enerji hərracı nəticəsində tikiləcək 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası Azərbaycanın “yaşıl enerji” gündəliyində yer alan, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrdir.
O qeyd edib ki, 2027-ci ilin sonuna qədər reallaşacaq 2 QVt-dək “yaşıl" güclər hesabına ümumi elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 33 %-ə yüksələcək.
Xatırladaq ki, Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Masdar" şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb. Sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyaların inşasını əhatə edir. İmzalama mərasimində SOCAR ilə "Masdar" şirkəti arasında bərpa olunan enerji mənbələri sahəsində birgə uğurlu əməkdaşlığın enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin olunması məqsədini daşıdığı diqqətə çatdırılıb. Bu sənədin Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 %-ə çatdırılması hədəfinə nail olmasında önəmli rol oynayacağı xüsusi qeyd edilib.
Ümumi gücü 1 GVt olan 3 stansiyanın təməlinin qoyulması Azərbaycanın COP29-un ev sahibi kimi "yaşıl dünya" naminə enerji keçidinə sadiqliyinin parlaq göstəricisidir.
Rəylər (0):