“Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çinin Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb.
Renewables.az-ın Energetika Nazirliyinə istinadən məlumatına görə, görüşdə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində və ikitərəfli formatda iki ölkə arasında münasibətlərin inkişafına dair müzakirələr aparılıb.
Enerji sahəsində Çin şirkətləri ilə uzunillik əlaqələrin “yaşıl enerji” layihələri və “yaşıl texnologiya”lar üzrə əməkdaşlıqla yeni inkişaf mərhələsinə daxil olduğu bildirilib. Bu xüsusda, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında “Dongfang” şirkətinin iştirakından, “China Gezhouba Group Overseas Investment” şirkəti ilə Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələri üzrə əməkdaşlıqdan bəhs edilib.
Görüş zamanı elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.
Rəylər (0):