“Azərenerji” ASC-nin və Rusiyanın “Rosseti” şirkətinin nümayəndələri iki ölkənin elektrik şəbəkəsi komplekslərinin fəaliyyətini müzakirə ediblər.
Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, şirkətin baş direktoru Andrey Ryuminin rəhbərlik etdiyi nümayəndə heyəti şəbəkə infrastrukturunun istismarı və enerji avadanlıqlarının istehsalının genişləndirilməsi sahəsində Azərbaycandan olan həmkarları ilə təcrübə mübadiləsi aparıb.
Görüşdə iki ölkə arasında şəbəkənin inkişafı və modernləşdirilməsi, ölkələr arasında axınları təmin edən 110 və 330 kV-luq iki enerji tranzitinin etibarlı istismarı, Rusiya və Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının istismarı təcrübəsinə dair fikir mübadiləsi keçiriblər.
Rusiya nümayəndə heyəti “Azərenerji” ASC-nin milli enerji sisteminin avtomatik idarə edilməsinə və beynəlxalq elektrik enerjisi mübadiləsinin tənzimlənməsinə cavabdeh olan əsas şəbəkə idarəetmə mərkəzində olub.
“Rosseti”nin nümayəndələri, həmçinin enerji bloklarının və kommutasiya qurğularının istehsal olunduğu, kabel məmulatlarının və fiber-optik rabitə xətlərinin istehsal sahələrində olublar.
Qeyd edək ki, “Azerenerji” və “Rosseti” şirkətləri arasında birgə əməkdaşlığa dair müqavilə mövcuddur. Müqaviləyə əsasən, tərəflər dövlətlərarası tranzitlərin layihələndirilməsi, tikintisi və yenidən qurulması, inteqrasiya layihələrinin həyata keçirilməsinin mümkünlüyünün qiymətləndirilməsi, Rusiya və Azərbaycanın sərhədyanı ərazilərində obyektlərin fəaliyyətinin etibarlılığı, o cümlədən texnoloji nasazlıqların aradan qaldırılması məsələləri üzrə qarşılıqlı fəaliyyət göstərir.
Rəylər (0):