Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Sənəd Belqradda Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında keçirilən görüşdə imzalanıb.
Anlaşma Memorandumu bərpa olunan enerjinin və “yaşıl hidrogen”in istehsalı - ticarəti, birgə təşəbbüs və layihələr üzrə əməkdaşlığı təşviq edir. Sənədə əsasən, bərpa olunan enerji sahəsinə qarşılıqlı investisiya, yeni “yaşıl texnologiya”ların tətbiqi, karbon tutma, utilizasiya və saxlama, elektromobillik, enerji saxlancı və “yaşıl maliyyə”ləşdirmə istiqamətlərində əməkdaşlıq ediləcək.
Azərbaycanın Energetika Nazirliyinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi kontekstində Azərbaycan ilə Serbiya arasında “yaşıl enerji” sahəsində infrastruktur layihələrinin reallaşdırılması və elektrik enerjisinin ticarəti məqsədilə əməkdaşlığa maraq ifadə edilib. Enerji əməkdaşlığının gündəliyində olan bütün bu məsələlər üzrə İşçi Qrupunun yaradılması razılaşdırılıb. Həmçinin COP29 Sədrliyinin enerji təşəbbüsləri və Enerji Günü çərçivəsində keçirilən tədbirlərdə iştirakla bağlı fikir mübadiləsi aparılıb.
Energetika naziri Pərviz Şahbazov deyib ki, iki ölkənin “yaşıl enerji” sahəsində əməkdaşlığına dair sənədin imzalanması enerji tərəfdaşlığımızı möhkəmləndirən yeni səhifə açır, bərpa olunan enerji resurslarımızın tədarükü Serbiyanın enerji təchizatının şaxələnməsinə və enerji keçidinə töhfə verəcək.
Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç bildirib ki, imzalanan sənədlərlə enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək: "Yaşıl enerji" sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə Azərbaycan şirkətlərinin təcrübəsi ilə birgə həyata keçirə biləcəyimiz infrastruktur layihələri üçün güclü platforma qururuq. “Yaşıl enerji” potensialımızın artırılması və sizin dəstəyinizlə həyata keçirdiyimiz qaz təchizatının diversifikasiyası üzrə vizyonumuz üst-üstə düşür. Təbii qaz və “yaşıl enerji” sahəsində əməkdaşlığımız Serbiyanın enerji təchizatına sabitlik və enerji təhlükəsizliyi gətirəcək".
Rəylər (0):