Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır

image

Ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ, bərpaolunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Artıq bu istiqamətdə müsbət təcrübə mövcuddur və bir sıra ölkələrdə günəş, külək və digər təmiz və bərpaolunan enerji mənbələrindən istifadə ildən-ilə genişlənir. 

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpa edilən enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, "yaşıl enerji" növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. 

Renewables.az xəbər verir ki, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Cavid Abdullayev "Azərbaycan" qəzetinə müsahibə verib.

- Cavid müəllim, bilirik ki, rəhbərlik etdiyiniz agentlik bərpaolunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkili, tənzimlənməsi, əlaqələndirilməsi və eyni zamanda müvafiq sahənin investisiya cəlbediciliyinin artırılması istiqamətində yaxından iştirak edir. Hədəfiniz isə 2030-cu ilədək Azərbaycanda elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi, bu sahədə özəl sektorun iştirakının təmin edilməsindən ibarətdir. Ümumiyyətlə, bərpaolunan enerji mənbələri nədir və onların Azərbaycanda potensialı nə qədərdir? 

- "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanuna əsasən, bərpaolunan enerji mənbələri - ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələridir. Bunlara hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlardakı dalğa enerjisi aiddir. Bu məqamda xüsusi olaraq bir məsələni qeyd etmək istəyirəm. Su-elektrik stansiyalarının istifadəsi zamanı xüsusi tədbirlər görmək lazımdır. Su hövzələrində  tikinti işləri görülərkən balıqların miqrasiya yolları pozulur, kürüləmə yerləri dağılır, suda yaşayan canlıların qidalanmasında, yem tapmalarında problemlər yaranır. Eyni zamanda obyektlərin   istismarı zamanı istər-istəməz suyun çirklənməsi, suda yaşayan  canlıların çoxunun məhv olması ilə nəticələnir.

- "Yaşıl enerji" istehsalı üçün ərazilər necə müəyyənləşir?

- Ərazilərin seçilməsi və görülən işlər dövlətimizin ciddi nəzarəti altında aparılır. Xatırlayırsınızsa, Prezident İlham Əliyev Laçın rayonunun Güləbird kəndində çıxış edərkən xüsusi olaraq qeyd etdi ki, azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilməsi barədə göstəriş verilib. Ümumiyyətlə, coğrafi cəhətdən əlverişli mövqedə yerləşən Azərbaycan "yaşıl enerji" istehsalı üçün yüksək potensialı olan ərazilərə malikdir. Naxçıvan və Abşeron yarımadası kimi bölgələr günəş enerjisi istehsalı üçün əlverişli hesab olunur. Bundan başqa, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-də müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur. Potensiallı ərazilərin müəyyən edilməsi zamanı topoqrafiya, iqlim şəraiti, şəbəkəyə yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki amillər nəzərə alınır. İşğaldan azad edilmiş ərazilərdə - xüsusən də Laçın və Kəlbəcərin dağlıq hissələrində və Abşeron yarımadasında zəngin külək potensialının olması müəyyən edilib. Eyni zamanda yerli su ehtiyatlarımızın 25 faizə qədərinin Qarabağ ərazisində formalaşdığını nəzərə alaraq qeyd edə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər geniş hidroenerji potensialı da mövcuddur.

- Bu potensialdan tam istifadə etmək üçün hansı məsələlər həllini tapmalıdır?

- Bərpaolunan enerji mənbələrindən istifadə özündə 2 əsas məsələnin həllini ehtiva edir. Bunlar torpaq sahələrindən səmərəli istifadə və elektrik şəbəkəsinə inteqrasiyanın təmin olunmasıdır. Məlum olduğu kimi, Azərbaycan hökuməti özəl investisiya cəlb etməklə iri bərpaolunan enerji layihələri həyata keçirir. İndiyədək bu layihələrin icrası ilə bağlı ümumi sahəsi 4500 hektara yaxın torpaq sahəsi Nazirlər Kabinetinin müvafiq qərarları ilə bərpaolunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilib. Onu da qeyd edim ki, ərazilər seçilən zaman kənd təsərrüfatı üçün tam yararsız sahələrin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsinə xüsusi diqqət yetirilir.

- Ölkəmizdə bərpaolunan enerji sahəsində həyata keçirilən əsas layihələr hansılardır?

- Bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi üçün ötürücü şəbəkənin gücləndirilməsi istiqamətində müvafiq işlər görülür. ABŞ-nin "Tetra Tech", qardaş Türkiyənin "EPRA", İtaliyanın məşhur "CESI" şirkətlər şəbəkə imkanlarının təhlilinə qoşulublar. Hazırda şəbəkənin gücləndirilməsi və bərpaolunan enerjinin maksimal həcmlərinin ora inteqrasiyası ilə bağlı xüsusi proqramlar üzərində işlər gedir. Ümumiyyətlə, bərpaolunan enerji layihələrinin icrası ilə bağlı dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq edirik. "Masdar", "ACWA Power", BP, “Fortescue Future Industries", China Gezhouba Group Overseas Investment, A-Z Czech Engineering və Baltech kimi tanınmış şirkətlər tərəfdaşlarımızdır. 

Yeri gəlmişkən, qeyd edim ki, ötən ilin oktyabrında regionun ən böyük günəş-elektrik stansiyası olan "Qaradağ" stansiyası istifadəyə verilib. 230 MVt gücündə olan stansiya ölkəmizin ilk sənaye miqyaslı və xarici investisya cəlb edilməklə inşa olunan günəş-elektrik stansiyası kimi "yaşıl" enerji tariximizdə yeni səhifə açıb. Hazırda özəl investisiya cəlb edilməklə 240 MVt gücündə "Xızı-Abşeron" Külək, Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə "Şəfəq" Günəş-Elektrik stansiyalarının tikintisi istiqamətində işlər gedir. Məlum olduğu kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. İndi bu ərazilərdə "Yaşıl Enerji Zonası" Konsepsiyasının prinsipləri tətbiq edilməkdədir. Hazırda "yaşıl enerji zonası"nın yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpaolunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, "ağıllı enerji" idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi "yaşıl" texnologiyaların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər aparılır.

Bildiyiniz kimi, cari ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümumi gücü 1000 MVt olan - Biləsuvar rayonunda 445, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə Günəş-Elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə Külək-Elektrik Stansiyasının təməlqoyma mərasimləri keçirilib. Həmin stansiyaların istismara verilməsi nəticəsində illik 2 milyard 305 milyon kVt-saat elektrik enerjisinin istehsalı gözlənilir ki, bununla da 496 milyon kubmetr təbii qaza qənaət olunacaq, həmçinin 1 milyon tona yaxın karbon emissiyasının qarşısı alınacaq. Bunlardan əlavə, Energetika Nazirliyi tərəfindən 100 MVt gücündə "Qobustan" Günəş-Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac elan edilib. Hərracın qalibinin COP29 tədbiri zamanı elan edilməsi planlaşdırılır. Cari ilin iyul ayında Böyükşor gölü üzərində 100 kVt gücündə pilot üzən günəş enerjisi qurğusu isə artıq istismara verilib. Qurğunun 160 min kVt-saat "yaşıl enerji" istehsal etməsi gözlənilir. Ümumilikdə 2027-ci ilədək özəl investisiya hesabına daxili şəbəkə üçün ümumi gücü 2000 MVt-dək olan günəş və külək-elektrik stansiyalarının icrası planlaşdırılır.

- "Yaşıl gündəliyi"ndə daha hansı prioritet istiqamətlər müəyyən olunmuşdur? "Yaşıl enerji" növlərinin ixracı planlaşdırılırmı?

 - Hidrogen, bioenerji, geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi "yaşıl" gündəliyimizdə yer alan istiqamətlərdəndir. Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə cəlb edilmiş məsləhətçi şirkət tərəfindən hazırlanan "Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması"na əsasən, ölkəmizin kifayət qədər bərpaolunan enerji potensialına və təbii qaz ehtiyatlarına malik olması aşağı karbonlu hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün geniş imkan yaradır. Maya dəyəri baxımından Azərbaycanda "yaşıl" hidrogen istehsalı Avropa və region ölkələri ilə rəqabət apara bilər. Xüsusilə bildirim ki, Xəzər dənizinin yüksək külək enerjisi potensialından istifadə etmək üçün "yaşıl hidrogen"in enerji vektoru kimi tətbiq edilməsi əsas şərtlərdən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan yaxın gələcəkdə "yaşıl və hidrogen" enerjisinin ixracatçısına çevriləcək. Çünki Azərbaycanın əməkdaşlıq etdiyi "Masdar", "ACWA Power", "Fortescue Future Industries" kimi nəhəng enerji şirkətləri ilə növbəti mərhələdə icra ediləcək "yaşıl enerji" layihələri özündə həm də "yaşıl hidrogen"in istehsalını ehtiva edir. 

- Eşitdiyimizə görə, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planına əsasən, Elektromobillik üzrə milli planın hazırlanması yekunlaşmaq üzrədir. 

- Bəli, doğru informasiyadır. Milli plan sənədinin COP29 tədbirinə qədər hazırlanması və tədbir çərçivəsində təqdim edilməsi nəzərdə tutulur. Sənədin həyata keçirilməsi ilə bağlı tədbirlər planına əsasən, enerjidoldurma infrastrukturu bazarında bərpa edilən enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin istifadəsinin təşviq edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşib. Eyni zamanda batareya enerji saxlanc sistemlərinin (BESS) Azərbaycanda yaradılması "yaşıl enerji" gündəliyində yer alan istiqamətlərdəndir. Bununla bağlı "ACWA Power" şirkəti ilə əməkdaşlıq çərçivəsində 200 MVt gücündə BESS layihəsinin həyata keçirilməsi istiqamətində müvafiq tədbirlər görülür. 

- Bəs "yaşıl enerji"nin ixracı üçün hansı işlər həyata keçirilir?

- "Yaşıl enerji"nin ixracı istiqamətində də tədbirlər sürətli şəkildə davam edir. Yaradılan "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Mərkəzi Asiya-Avropa", "Azərbaycan-Türkiyə-Avropa" enerji dəhlizləri üzərindən ötürüləcək "yaşıl elektrik enerjisi" Avropanın enerji təhlükəsizliyinə sanballı  töhfə verəcək. Cari ilin sentyabr ayında Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən 8-ci Nazirlər/ Rəhbər Komitənin iclasında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları arasında imzalanan müqaviləyə əsasən, Birgə müəssisə - "Yaşıl Enerji" Dəhlizi Enerji Şirkəti yaradılıb. "Xəzər-Qara dəniz-Avropa "Yaşıl Enerji" Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatı bu ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində elan ediləcəyi planlaşdırılır. 2030-cu ilə qədər yaradılacaq 7 GVt gücün 4 GVt-ı Qara dəniz vasitəsilə "Xəzər-Qara dəniz-Avropa" "yaşıl enerji" dəhlizi ilə ixrac üçün nəzərdə tutulur. 1 GVt-lıq istehsal gücünü isə Naxçıvan Muxtar Respublikası üzərindən dəhliz vasitəsilə Türkiyə və Avropaya ixrac etməyi planlaşdırırıq.

Sonda onu da bildirim ki, COP29-un Azərbaycanda keçirilməsi "yaşıl enerji" gündəliyimizin təbliği baxımından çox önəmlidir. Ən azından o səbəbə ki, sessiyada  irəli sürülən təşəbbüslər çərçivəsində enerji sahəsi ilə bağlı "Yaşıl Enerji üzrə Zona və Dəhlizlər", "Qlobal Enerji Saxlancları və Şəbəkələri", "Hidrogen Bəyannaməsi" təşəbbüsləri yer almışdır. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *