Azərbaycan “yaşıl gələcəyə keçid”in növbəti lideridir

image

“Xalq qəzeti” redaksiyasında COP29 mövzusunda “dəyirmi masa” keçirilib.

Renewables.az qəzetə istinadən xəbər verir ki, “dəyirmi masa”da ekologiya və təbii sərvətlər nazi­rinin müşaviri Rasim Səttarlı, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Azərbaycan Memar­lıq və İnşaat Universiteti ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev, “Masdar-Azərbaycan” şirkətinin direktoru Murad Sadıxov, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban və “Avrasiya miqrasiya təşəbbüsləri platfor­ması” İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov iştirak ediblər.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qonaqları salamlayaraq bildirib ki, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası­na – COP29-a evsahibliyi etməsi res­publikamızın dünyada artan nüfuzunun, müxtəlif dövlətlərin və beynəlxalq təş­kilatların Bakıya olan marağının parlaq ifadəsidir. Digər tərəfdən, Azərbaycanda belə bir nüfuzlu tədbirin uğurla reallaşa­cağını zəruri infrastrukturun mövcudluğu, habelə rəsmi Bakının beynəlxalq tədbir­lərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi şərtləndirir. 

Əflatun AMAŞOV:

– Azərbaycanın 2030-cu ilədək so­sial-iqtisadi inkişafa dair milli prioritetlə­rindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, iş­ğaldan azad edilmiş ərazilərin və Naxçı­van Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ar­dıcıl dövlət siyasətinin təzahürüdür. Döv­lətimizin başçısının məlum sərəncamın­da bir daha qeyd olunur ki, “yaşıl enerji” növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. COP29 konfran­sının yüksək səviyyədə təşkili ilə bağlı müvafiq sərəncamlar imzalanması da – bu tarixi hadisəyə verilən dəyərin parlaq təzahürüdür.

Baş redaktor qonaqları işgüzar, səmərəli müzakirəyə dəvət edərək vur­ğuladı ki, qəzetimizin səhifələrində ölkə­nin ictimai-siyasi həyatının bütün sahələ­ri kimi, bərpaolunan enerji layihələrinin reallaşdırılmasına, eləcə də COP29-un Azərbaycanda keçirilməsinə ayrıca rub­rika ilə məqalələr dərc edilib və bu, indi də davam edir. Bu gün sizinlə bir arada olmaq, fikirlərinizi dinləmək böyük se­vincdir. 

*** 

Sual: Hazırda bəşəriyyət qlobal is­tiləşmənin təzahürləri ilə üz-üzədir. Bu təhlükədən xilas olmaq üçün bütün dün­ya səfərbər olunub. Dünyada karbon emissiyalarının azaldılması sahəsində nə kimi tədbirlər görülür? Ümumiyyətlə, dünya ənənəvi enerjidən imtina etmək üçün kifayət qədər resurslara malikdirmi?

Rasim SƏTTARLI, ekologiya və təbii sərvətlər nazirinin müşaviri:

– Qlobal istiləşmə kimi ciddi narahat­lıq doğuran məsələ hələ ötən əsrin son­larından başlayaraq dünyanın diqqətini çəkib. O vaxtdan beynəlxalq təşkilatların keçirdikləri ən mühüm tədbirlərdə eko-di­aloqun aparılması, iqlim dəyişikliyi ilə mübarizə məsələləri də müzakirə möv­zularından biri olub. Bu baxımdan, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının qəbul edilmə­si xüsusi əhəmiyyət daşıyıb və problem dünya dövlətlərinin, hökumətlərin daim diqqət mərkəzində saxlanılıb. İnforma­siya mübadiləsi, araşdırmalar və mü­zakirələr nəzərdə tutan BMT-nin həmin konvensiyası siyasi idarə, eləcə də elmi biliklərin inkişafı nəzərə alınmaqla, əlavə öhdəliklər götürülməsinə əlverişli imkan yaradıb. 

Bu fikrə əlavə olaraq bildirim ki, yuxa­rıda qeyd edilən BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət funksiyası ali qərarverici orqan olaraq COP-a (Tərəflər Konfransı) ve­rilib. Tərəflər Konfransında Konvensi­yaya üzv olan 198 ölkə təmsil olunub. COP-un hər il keçirilməsi nəzərdə tutu­lub. İlk belə tədbir 1995-ci ilin martında Berlində reallaşıb. COP-a sədrliyin isə rotasiya əsasında BMT-nin 5 regionunun – Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qər­bi və digər) ölkələrində keçirilməsi qərara alınıb. 

Qeyd edək ki, adları çəkilən region­lardakı qrup ölkələri arasında isə sədrlik növbələşmə prinsipinə əsaslanıb. Azər­baycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib.

Dünya, əgər belə demək mümkünsə, bu gün mənfi iqlim dəyişikliyi böhranı yaşayır, təbii fəlakətlər–daşqınlar, səhra­laşma, qasırğalar nəticəsində baş verən bir sıra təbii fəlakətlər çoxsaylı insan həyatının itirilməsi ilə müşahidə olunur. Beynəlxalq ekspertlərin bildirdiklərinə görə, təkcə havanın çirklənməsi hər il, təqribən, 9 milyon insanın ölümü ilə nə­ticələnir. 

Bütün bu problemlər sivilizasiyanın inkişafını ləngitməklə bərabər, planetin biomüxtəlifliyinə də mənfi təsir göstərir. Belə ki, məsələn, buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəkləməsi, atmosfer havasının temperaturunun yük­səlməsi və digə fəsadlar iqtisadi və sosial böhranları şərtləndirir.

– Cavid ABDULLAYEV, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direkto­ru: 

– İqlim dəyişikliyi inkişaf səviyyəsin­dən asılı olmayaraq bütün ölkələrə təsir edən və sərhəd tanımayan çox ciddi bir təhlükədir. Aparılan genişmiqyaslı qlobal mübarizəyə baxmayaraq təhlükə səngi­mir, iqlim dəyişikliyinin təsirləri getdikcə kəskinləşir. Buna görə də mübarizə daha da gücləndirilməli, ölkələrin səyləri bir­ləşdirilməli, qlobal əməkdaşlıq möhkəm­ləndirilməlidir.

Yeri gəlmişkən, qlobal istiləşmə ilə bağlı danışarkən, ölkəmizin bu istiqamət­də götürdüyü öhdəliklərə də qısaca nəzər salmaq istərdim. Bu məsələ ilə əlaqədar əvvəlcə onu bildirim ki, qlobal istixana effekti yaradan qazların emissi­yalarının cəmi 0,15 faizi ölkəmizin payı­na düşür. Buna baxmayaraq emissiyaları azaltmaq üzrə ölkəmiz iddialı hədəflər qəbul edib. Ssenarilərə uyğun olaraq qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq məqsədilə, 1990-cı illə müqa­yisədə istixana effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35 faiz azaltmaq hədəf götürülüb. Bununla ya­naşı, Azərbaycan 2050-ci ilə qədər istixa­na effekti yaradan qazların emissiyaları­nın 40 faiz azaldılmasını qarşıya mühüm bir vəzifə kimi qoyub. 

Azərbaycan təkcə bu hədəflə kifayət­lənmir. Ölkəmiz, eyni zamanda, düşmən­dən təmizlənən ərazilərimizdə münaqişə sonrası həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaş­dırılması zamanı ekoloji cəhətdən tə­miz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji" zonasının yaradılması, da­yanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhər və kənd­lər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitə­silə işğalçıdan təmizlənən torpaqların 2050-ci ilə qədər “Karbon neytral” zo­nasına çevrilməsi qarşıya mühüm hədəf kimi qoyulur. 

Fəqan ƏLİYEV, Azərbaycan Me­marlıq və İnşaat Universiteti ekologiya kafedrasının müdiri, professor:

– İlk növbədə, “Xalq qəzeti”inin re­daksiyasında belə bir tədbirin keçiril­məsini alqışlayıram. Bugünkü “dəyirmi masa” çox aktual və vacib bir məsələyə həsr olunub. Mən uzun illər ekologiya, ət­raf mühit sahəsinə xidmət edən bir şəxs kimi qeyd etmək istəyirəm ki, ən pis sis­tem sistemsizlikdən yaxşıdır. Hər şeydə bir sistem olmalıdır. Azərbaycanda “yaşıl enerji”, enerji səmərəliliyi, hidrogen ener­jisinin istehsalı və ondan istifadə, kiçik çayların potensialından yararlanmaq, tul­lantıları yandırıb ondan enerji almaq kimi vacib məsələlərin həlli dövlətimizin siyasi iradəsinin nəticəsidir. Əlbəttə birdən-birə hər şeyə nail olmaq mümkün deyil, çə­tinliklər var. 

Hidrogen təmiz sudan alınır. Dəniz suyundan hidrogen əldə etmək müm­kün deyil. Özü də bu zaman çox su da tələb olunmur. Problem yalnız hidrogeni necə saxlamaqdan ibarətdir. Hidrogen adi metalda qalmır, süzülüb gedir. Amma nano təbəqə ediləndə qalır. Lionda olan tədbir zamanı gördük ki, təyyarələr, ma­şınlar hidrogenlə işləyir, heç bir xətası da yoxdur. Düzdür, bu bir qədər bahalıdır. İngilislərin belə bir misalı var. Deyirlər ki, mən elə dövlətli deyiləm ki, ucuz mala pul verəm. Düşünürəm ki, bəzi məsələlərə fundamental yanaşmaq lazımdır. Prezi­dent cənab İlham Əliyev ilk gündən enerji məsələlərinə çox ciddi və həssas yana­şır. Bu baxımdan dövlət başçımızın ölkə­mizdə hidrogen enerjisinin istehsalına başlanması ilə bağlı təşəbbüsü olduqca təqdirəlayiqdir. Amma etiraf etmək lazım­dır ki, biz onun çağırışına, bununla bağlı tapşırıq və tövsiyələrinə lazımınca əməl edə bilmirik. 

Gəlin etiraf edək ki, “yaşıl enerji” is­tehsalının genişləndirilməsinə bir çox hallarda neft biznesi mane olur. Ameri­ka Birləşmiş Ştatları, Səudiyyə Ərəbis­tanı, eləcə də Avropanın və dünyanın neft hasil edən ölkələri bu enerji növü­nün inkişafında çox da maraqlı deyillər. Nəyə görə bu gün Norveç bizdən qat-qat çox olan neftini satışa və ehtiyata verir. Amma özünün daxilində istifadə etdiyi enerji çaylardandır. Ulu öndər Heydər Əliyev Bakıda, Buzovnada birinci dəfə günəş enerjisi istehsalında istifadə olu­nan panellərin zavodunu yaratdı. Biz həmin panelləri Asiya ölkələrinə satırdıq. Sovet hökumətinin süqutundan sonra hə­min müəssisəni ləğv etdilər. Lakin o ləğv olunmaya bilərdi. Düzdür, onun faydalı iş əmsalı az idi. Ondan yalnız isti su alınır­dı. Nəzərə alaq ki, hazırda paytaxtımızda isti suya ehtiyac olduqca çoxdur. Bu eh­tiyac hər yerdə var. Hətta Qarabağda isti suya ehtiyac elə elektrik qədərdir. 

Təsəvvür edin ki, ABŞ-da günəş pa­nelləri 93 faiz faydalı iş əmsalı verir. Avro­pada isə hazırda 30-35 faizə qaldırıblar. Biz isə 11-12-dən yuxarı qalxa bilmirik. Bu heç də o demək deyil ki, biz bu pro­sesdən kənarda qalmalıyıq. Biz buna, çətinliklə də olsa, getməliyik. Özü də biz bəzən çox xərcə getməkdən ehtiyat edirik. Mütərəqqi texnologiyalara vəsait xərcləmək lazımdır. Bunun elminə də, eksperimentinə də istehsalına və bizne­sinə də xərc getməlidir.

İlham ŞABAN, Neft Araşdırmaları Mərkəzinin rəhbəri:

– Hər şeydən öncə, qeyd etmək istə­yirəm ki, son illər qlobal iqlim dəyişiklikləri ilə əlaqədar dünya karbon emissiyaları­nın azaldılması naminə səfərbər olunub. Artıq ənənəvi enerji öz yerini tədricən ekoloji cəhətdən təmiz, “yaşıl enerji”yə verir. Fikrimcə, bu prosesdə, ilk növbə­də, insan ruhu ilə ətraf mühit arasında bir həmahənglik formalaşmalıdır. Yəni, insan təkcə evində qazdan, kömürdən is­tifadə etməklə ətraf mühitə ziyan vurmur. Bunun üçün insan, ilk növbədə, özünə belə bir sual verməlidir ki, o bununla nə edir? Yaponiyada hələ uşaq bağçasında təbiətə münasibət, zibillərin çeşidlənmə­sindən tutmuş digər məsələlərədək dav­ranış formalaşdırılır. 

İkinci bir mühüm məsələ “yaşıl ener­ji”nin dünyada nəyə görə sürətlə yayıla bilməməsi ilə bağlıdır. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, hazırda dünya ölkələrinin 30 faizi ənənəvi enerjiyə ma­likdir. 70 faizi isə bu və digər şəkildə onun idxalçısıdır. Digər tərəfdən, bu enerji növü coğrafi baxımdan çox qeyri-bərabər paylanıb. “Yaşıl enerji”yə gəldikdə, bu, innovativ texnologiya, innovativ baza­ra yeni daxil olan məhsuldur. XXI əsrdə onun dövriyyəsi ildən-ilə artır. Çox bahalı olduğundan bəzi ölkələrdə onun istehsalı və istehlakı fərqlidir. 

Bu baxımdan BMT-nin Baş katibi Antonio Quterreşin çağırışı belədir ki, – hətta COP28-də də bunu müşahidə etdik –inkişaf etmiş və ya inkişaf etməkdə olan dövlətlər 3-cü dünya ölkələrinə yardım etməlidir. Əgər 2050-ci ilədək Avropa və yaxud ABŞ, Kanada tamamilə ənənəvi enerjidən imtina etsələr belə, qlobal iq­lim dəyişikliklərinin yaratdığı problemləri çözmək mümkün olmayacaq. Çünki də­niz kimi, planet də hamımızındır. Necə deyərlər, sən yalnız öz evinin, villanın qarşısını təmizləməklə planetin təmizli­yinə nail ola bilməzsən. 

Bakıda da nəyinsə fundamental bir əsası qoyulacaq. Amma bu, dünya ener­ji bazarında son olmayacaq. Müqayisə üçün deyim ki, 1900-cü ildə Nyu-Yorkda enerji ilə bağlı keçirilən beynəlxalq konf­ransda belə bir fikir səsləndirilib: “Xanım­lar və cənablar, dünyaya yeni enerji növü gəlir. Bu, petroldur və kömürü əvəzləyə­cək bir enerji növüdür”. O zaman belə hesab olunurdu ki, 20 ildən sonra kömür erası sona çatacaq. Ancaq 1953-cü ildə dünya enerji balansında kömürlə neft bə­rabərləşdi. 1959-cu ildən isə neft ondan aralanmağa başladı. Yeri gəlmişkən, 20 il öncə isə deyirdilər ki, qaz ikinci yerə keçəcək. Ancaq hələ də 2-ci yerdə 31 fa­izlə neftdir. Hazırda kömür enerji istehlakı bazarında 28 faiz, qaz isə 26 faiz paya malikdir. Bununla belə, 2030-cu ilə yenə proqnoz edirlər ki, qaz önə keçəcək. 

Fikrimcə, “yaşıl enerji” bazarında sa­tıcı ilə istehlakçı arasında bir qızıl ortaqlıq olmalıdır. Yəni, o elə bir qiymətə olmalıdır ki, bazarda yayıla bilsin. Məlum olduğu kimi “yaşıl enerji”nin Azərbaycanda ge­nişlənməsi, artması ağır gedir. Çünki bu növ enerji bahalıdır. Ötən ilin oktyabrında Azərbaycanda istifadəyə verilən günəş elektrik stansiyasının kapital qoyuluşu 262 milyon dollar təşkil edib. Göründü­yü kimi kifayət qədər bahalı bir layihədir. Düşünürəm ki, bunun üçün, ilk növbədə, zaman gərəkdir. Digər mühüm məsələ texnoloji yeniliklərin daha da kütləviləş­məsi ilə bağlıdır. Üçüncüsü, bu enerjinin istehlakçılarında istifadə mədəniyyəti formalaşmalıdır. Onların bilik, bacarıqları və dünyaya baxışları yetərli olmalıdır ki, bundan daha çox istifadə eləsinlər. 

İkinci bir tərəfdən, bəziləri elə düşü­nür ki, karbon emissiyalarını aşağı sal­maq üçün nə qədər çox günəş panelləri və yaxud külək qurğuları quraşdırsalar, dünyaya töhfələri çox olacaq. Hesab edirəm ki, enerji ölkəsi olan Azərbayca­nın karbon emissiyalarının azaldılmasına töhfələri digər Xəzəryanı ölkələrlə müqa­yisədə daha çoxdur. Əgər biz 2015-ci il Paris sazişi imzalanandan ötən 8 ili müqayisə etsək, görərik ki, ölkəmizdə neft hasilatı sahəsində 16 milyon ton­dan çox azalma baş verib. Təkcə ötən il Azərbaycanda neftin hasilatı 2,4 milyon ton və yaxud 18 milyon barrel azalıb. Bax, bunun özü həmin karbon emissi­yalarının azaldılması deməkdir. Digər tərəfdən, Azərbaycanda nə məişətdə, nə də ki sənayedə kömür istehlak olunmur. Bunun özü də müsbət amildir.

Sual: Təmiz ətraf mühit və “yaşıl ar­tım” ölkəsinə çevrilməsini dövlətin milli hədəflərindən biri kimi müəyyən edən Azərbaycanın bu sahədə imkanları nə dərəcədədir? Birləşmiş Millətlər Təşkila­tının İqlim Dəyişmələri üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Azərbaycanda həyata keçirilməsi hansı zərurətdən ya­randı? 

Rasim SƏTTARLI: 

– Bununla bağlı “yaşıl iqtisadiyyat”a keçidin ilk mərhələsində həyata keçirilən tədbirlərin qısa mənzərəsini də diqqətə çatdırmaq istərdim. Belə ki, 2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin icrası ilə bağlı müqavilə imzalanıb. Bu əsasda isə 2022-ci il yanvarın 13-də “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansi­yasının Gülüstan sarayında təməlqoy­ma mərasimi keçirilib. 2022-ci il martın 15-də isə Bakıda “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mə­rasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.

Bütün bunlarla bərabər, 2022-ci il dekabrın 15-də Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Indust­ries” şirkəti arasında ölkəmizdə bərpa­olunan enerji layihələri, habelə “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çər­çivə Müqaviləsi razılaşdırılıb. Müqavilə ilə respublikamızda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümu­mi gücü 12 qiqavatadək layihələrin araş­dırılması və reallaşdırılması nəzərdə tu­tulub. 

Göründüyü kimi, qısa müddət ərzində 3 əsas enerji şirkəti ilə anlaşma memo­randumu və müvafiq müqavilələr imza­lanıb. Bütün bu sənədlərə əsaslanılaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisinin istehsal ediləcəyi planlaşdırılıb. Bu həc­min təqribən 12 qiqavatının FFI, təqribən 10 qiqavatının “Masdar”, bir hissəsinin isə “ACWA Power” şirkətləri tərəfindən istehsal olunacağı nəzərdə tutulub. 

Cavid ABDULLAYEV: 

– Bununla bağlı əvvəlcə onu deyim ki, Dubayda 123 ölkənin BƏƏ-nin “İqlim və Sağlamlıq Bəyannaməsi”ni ortaq şə­kildə imzalamağa hazır olduqlarını elan etməsi əlamətdar hadisədir. Bu sənəd sektorlar arasında əməkdaşlığı güc­ləndirməyə, karbon qazı emissiyalarını azaltmağa və iqlimlə bağlı səhiyyə fəaliy­yətləri üçün maliyyələşdirməni artırmağa yönəlib. 

Dünya, əgər belə demək mümkünsə, bu gün mənfi iqlim dəyişikliyi böhranı ya­şayır, istər daşqınlar, istər səhralaşma, istərsə də qasırğalar nəticəsində baş verən bir sıra təbii fəlakətlər çoxsaylı insan həyatının itirilməsi ilə müşahidə olunur. Beynəlxalq ekspertlərin bildirdik­lərinə görə, təkcə havanın çirklənməsi hər il, təqribən, 9 milyon insanın ölümü ilə nəticələnir. 

Bütün bu problemlər sivilizasiya və davamlı inkişafa mənfi təsir etməklə bə­rabər, planetin biomüxtəlifliyinə də mənfi təsir göstərir. Belə ki, buzlaqların ərimə­si, bitkilərin vaxtından əvvəl çiçəkləmə­si, atmosfer havasının temperaturunun yüksəlməsi, quraqlıqlar, yanğınlar və tə­bii fəlakətlər iqtisadi və sosial böhranları şərtləndirir. 

Bakıda keçiriləcək COP29 konfran­sında da məhz bu dəhşətli fəsadların aradan qaldırılması ilə bağlı istiqamət­lərin, habelə iqlim dəyişikliyinin səhiyyə sektoruna mənfi təsiri, bu kontekstdə yeni layihələrə investisiyaların ayrılması və onun artırılması kimi vacib məsələlə­rin müzakirə ediləcəyi nəzərdə tutulur. 

Azərbaycan COP29-a evsahibliyi et­məklə təbiəti qorumaq üçün dünyanın bu niyyətdə olan dövlətləri ilə birləşə və onun mühafizəsi istiqamətində iş görə biləcəyini, eyni zamanda, təbiətin dəyə­rini və onunla harmoniyada yaşamağı bacardığını sübut edəcək.

Yeri gəlmişkən, onu da bildirim ki, Azərbaycanın uzun illər ekoloji terrora məruz qalıb, Ermənistanın 30 il işğal al­tında saxladığı ərazilərimizdə təbii sər­vətlərimiz talan olunub, ərazilər yandı­rılıb, 60 min hektardan çox meşə məhv edilib, su ehtiyatları çirkləndirilib. Bunun­la da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii bitki örtüyü, torpağın üst qatı məhv edilib, Azərbaycanın “Qır­mızı Kitab”ı və Beynəlxalq Qırmızı Siya­hıya daxil edilmiş nadir, sayı kritik həd­də çatan bitki və heyvan növləri sıradan çıxarılıb. Ekoloji terror aktları nəticəsində heyvanların yaşayış arealları dağıdılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan vurulub.

İşğalçı bütün bu dəhşətli əməllər­lə kifayətlənməyərək Vətən müharibəsi günlərində və ondan sonrakı dövrdə də ekoloji mühitə, regionun ümumdünya əhəmiyyətinə malik bioloji müxtəlifliyinə qəsd edib. Şuşa meşələrini ağ fosfor maddəsindən istifadə olunmaqla yandı­rıb, Ağdam, Kəlbəcər və Laçın rayonla­rından çıxarkən meşələri sıradan çıxarıb. 

Düşmən işğal dövründə su ehtiyatla­rını çirkləndirməkdən, çaylara radioaktiv tullantılar axıtmaqdan belə çəkinməyib. Transsərhəd Oxçuçayı dağ-mədən səna­yesinin tullantıları ilə kəskin çirklənməyə məruz qoyub. 

Artıq 3 ildir ki, Azərbaycan düşmən­dən təmizlənən ərazilərimizdə genişmiq­yaslı bərpa-quruculuq layihələri həyata keçirir, doğma yurdlarından didərgin salınan soydaşlarımızın Böyük Qayıdış proqramı çərçivəsində məskunlaşma­sını gerçəkləşdirir. Bu zaman Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bioloji müxtəlifliyinin bərpasını, xüsusilə zəngin su ehtiyatlarından istifadənin real­laşdırılmasını, meşə ehtiyatlarının zən­ginləşdirilməsini diqqətdə saxlayır.

Azər ALLAHVERƏNOV, “Avrasiya miqrasiya təşəbbüsləri platforması” İctimai Birliyinin sədri, QHT-lərə Döv­lət Dəstəyi Agentliyinin Müşahidə Şu­rasının üzvü:

– İqlim dəyişmələri ilə bağlı konf­ransların, sessiyaların keçirildiyi dövlət­lərdə sonrakı mərhələlərdə məhz həmin sahələrdə çox ciddi irəliləyişlərin olduğu­nu müşahidə edirik. Bu baxımdan BMT-nin böyük güclərini özündə ehtiva edən dövlətlərin təmsil olunduğu COP28 kon­fransı qərar verən tərəflərin həmin təd­birin keçiriləcəyi şəhərə və ya dövlətə göstərdiyi etimadın bariz nümunəsidir. Yəni, Azərbaycanla bağlı BMT səviy­yəsində mövcud olan etibarlı tərəfdaş mövqeyi ölkəmizin kifayət qədər siyasi nüfuzundan irəli gələrək hörmət əsasın­da formalaşır. 

Azərbaycanın digər qurumlarda və ya təşkilatlarda təmsilçiliyini, xüsusilə də Qoşulmama Hərəkatını buna nümunə olaraq göstərə bilərik. Ölkəmizin bu təşki­lata sədrliyi əvvəlcə üç il olmuşdu. Sonra Azərbaycanın rolunu nəzərə alaraq müd­dət bir il də artırılmışdı. BMT-nin say eti­barilə ikinci nüfuz sahibi olan platforma­sında Azərbaycanın rəhbər orqanlarında təmsil olunması ölkəmizə olan rəğbətdən qaynaqlanan mövqedir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Həmin tədbirin respublikamızda keçirilməsinə qərar verilməsi böyük etimadın göstərici­si olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir. 

Sual: Bəs, COP29-un Azərbay­canda keçirilməsinin əhəmiyyəti nədən ibarətdir? Sizin fikrinizcə, bu konfransı ölkəmizin bərpaolunan enerji siyasətinin reallaşdırılmasında yeni mərhələnin baş­lanğıcı kimi dəyərləndirmək olarmı? 

Fəqan ƏLİYEV:

– Cənab Prezidentin bununla bağlı siyasi iradəsinin xeyri, COP29-un ölkə­mizdə keçirilməsinin əhəmiyyəti bundan ibarətdir ki, hər şeydən əvvəl biz inkişaf etmiş dövlət imici qazanırıq. Belə bir fikir formalaşar ki, Azərbaycan bunu boş yerə inkişaf etdirməz. Bunu inkişaf etdirən dövlət, onun xalqı və övladları yüksək savada malikdirlər. 

Bu gün dünyanı enerji idarə edir. Bizim də dövlətimizin siyasəti enerji üs­tündə qurulub, inkişafımız da onunla bağlıdır. Bu baxımdan COP29 böyük bir təbliğatdır. Vaxtilə Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqının birlikdə komissiyası var idi. Biz o komissiyadan konfranslar keçirməyə, ədəbiyyatlar çap etməyə lazımi vəsait alırdıq, müəyyən layihələr təqdim edirdik. Düzdür, bədnam ermənilər, bizi istəməyən bəzi qüvvələr buna mane olmağa çalışır, işimizi ləngi­dirlər. Amma COP29-un bizə çox böyük köməyi olacaq. Biz bu konfransı keçir­məklə dünyanın inkişaf etmiş ölkələri kimi bir sırada dayanırıq. Bu gün dünya­ya bəyan edirik ki, biz tullantıların yandı­rılmasından, təbiətdən təmiz enerji alırıq və onun istehsalını genişləndirmək fikrin­dəyik. Biz yeni keyfiyyətli bir dövrə gəlib çıxırıq. Bu bizə çox şey vəd edir.

İlham ŞABAN:

– COP29-un Azərbaycanda keçiril­məsi özü ilə bərabər bir sıra yeniliklər, baxışlar formalaşdıracaq. Bu beynəlxalq tədbir daha çox fəlsəfi mənada ölkəmizə müəyyən davranış qaydaları gətirəcək. 2012-ci ildə Bakıda Avroviziya mahnı müsabiqəsi keçirilməsindən sonra bizdə elektron ticarət, yəni kartlarla ödəniş ge­niş vüsət aldı. 2015-ci ilin Avropa Oyun­ları zamanı Azərbaycan vətəndaşları ilk dəfə təmiz enerji ilə işləyən nəqliyyat növünün şahidi oldular. Gətirdiyim bu mi­sallara əsasən, deyə bilərəm ki, Azərbay­can vətəndaşlarının postsovet məkanı və yaxud digər ölkələrin, eləcə də Şərq döv­lətlərinin insanlarından bir üstün cəhəti var ki, biz qanuna, qaydalara daha tez alışan xalqıq. Rusiyada, Moskva kimi iri şəhərlərdə avtobuslarda kartla ödənişin tətbiqinə başlandıqda insanlarda buna bir qədər etinasızlıq var idi. Hətta turni­ket qoymuşdular. Azərbaycanda isə cə­mi-cümlətanı 3 ay zaman kifayət etdi ki, insanlar ön qapıdan minib arxa qapıdan düşsünlər. Şübhəsiz, bəzi məqamlarda neqativ hallar oldu, bunu etiraf etmək lazımdır. Ancaq qanunla bütün insanlar buna alışdı. 2017-ci ildə keçirilən İslam Oyunları zamanı artıq elliklə kartdan is­tifadə etmək, ondan yararlanmaq meyli formalaşmışdı. 

Bu baxımdan hesab edirəm COP29 da Azərbaycan cəmiyyətinə bir sıra ye­niliklər gətirəcək. Bu təkcə o demək de­yil ki, evlərin damında günəş panelləri, həyətlərdə kiçik külək pərləri olsun.

Cavid ABDULLAYEV: 

– COP29 konfransına ev sahibliyinin ölkəmiz üçün önəmindən danışarkən, ilk növbədə, bir məqamı qeyd etmək istərdim. Belə ki, Azərbaycan uzun bir dövr ərzində neft-qaz sənayesini inki­şaf etdirən, bu sahədə möhtəşəm uğur göstəriciləri qazanan dövlət kimi tanınsa da, artıq bu gün zəngin “yaşıl enerji” po­tensialını hərəkətə gətirən, bu istiqamət­də ixrac fəaliyyətini reallaşdırmaq üçün önəmli layihələrin icrasına başlayan dövlət olduğunu təsdiqləyir. Başqa sözlə, hazırda “yaşıl enerji” növlərinin yaradıl­ması və “yaşıl enerji”nin dünya bazarla­rına nəqli siyasəti respublikamızın priori­tet istiqamətidir. Bəli, bu həqiqəti bütün dünya görür və Azərbaycanın COP29-a evsahibliyi qərarını təəccüblə qarşılamır. 

Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: Sosial-iqtisadi inki­şafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməlinin qoyulması, bu sənəddə öz əksini tapan 5 Milli Prioritetdən biri­nin “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlı olması, habelə dövlətimizin başçı­sının 2024-cü ili Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi də məhz həmin fikrin bariz ifadəsidir.

Yeri gəlmişkən, “Yaşıl dünya naminə həmrəylik İli” ilə bağlı sərəncamda da vurğulandığı kimi, azad edilmiş ərazilər­də həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühi­tin qorunması prioritetdir. Həmin ərazilər­də “ağıllı şəhər”, “ağıllı kənd” kimi inno­vativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. 

Ölkəmizin bu istiqamətdə qarşıya qoyduğu vəzifələr də Azərbaycanın “ya­şıl dünya” naminə həmrəyliyə qoşulması­nın möhkəm zəminə əsaslanmasından xəbər verir. İndi diqqətə çatdıracağım müəyyən göstəricilər də bunun parlaq ifadəsidir: Azərbaycan 1990-cı illə müqa­yisədə 2030-cu ilə qədər istixana qazları­nın miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyir. 

Azər ALLAHVERƏNOV: 

– Siyasi nöqteyi-nəzərdən konfran­sın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azər­baycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxa­racaq. Çünki Azərbaycanda, yəni, Cə­nubi Qafqaz bölgəsində “yaşıl ərazi”nin yaradılması önəmlidir. Vaxtilə ölkəmizin beşdəbir hissəsi işğal altında qalanda Ermənistan orada boz zona yaratmışdı. Bu zonada işğalçılıq siyasəti nəticəsində respublikamızın florası və faunası məhv edilmişdi. Eləcə də Azərbaycanın mədə­ni irsi, mədəni abidələri, şəhər, qəsəbə, kəndləri dağıdılıb, kənd təsərrüfatı ziyan görmüşdü. 

Arıq torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunub. Azərbaycanın həmin ərazilərdə alternativ, yaşıl enerjilər, karbohidrogen və karbon qazlarından azad olan seq­mentlər üzrə inkişaf etdirilməsi yanaş­masının ortaya qoyulması faktiki olaraq “yaşıl enerji”yə yeni münasibətin sər­gilənməsindən və həmin sahədə siyasə­tin formalaşmasından xəbər verir. Məhz bu səbəbdən də vaxtilə boz zona olan əraziləri “yaşıl zona”ya çevirmək niyyə­tində olan Azərbaycan üçün 29-cu ses­siyanın ölkəmizdə keçirilməsi olduqca vacibdir.

Odur ki, həmin mötəbər tədbirin “Ya­şıl dünya naminə həmrəylik ili”ndə keçi­rilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək. Eyni zamanda, ölkəmiz həmin istiqamətlər üzrə yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdı­rılması üçün çox əlverişli imkanlar qaza­nacaq. Yəni, bu baxımdan düşünürəm ki, konfrans çox əhəmiyyətli tədbirdir. ”Yaşıl dünya naminə həmrəylik ili”ndə isə Azər­baycanın bütün dövlət, özəl qurumları bu və ya digər formada birbaşa və ya dolası ilə adıçəkilən proseslərdə fəal iştirak et­məklə dövlətin bununla bağlı mövcud si­yasətinə də dəstək vermiş olacaqlar.

COP29 iqtisadi cəhətdən də çox divi­dent gətirə biləcək beynəlxalq platforma hesab olunur. Konfrans həm miqrasi­ya və turizm sahələrinin inkişafı nöqte­yi-nəzərindən çox vacib tədbirdir. Belə ki, iqtisadi cəhətdən nəzər yetirsək, COP29-da müxtəlif dövlətlərin pavilyonları fəaliy­yət göstərəcək. Hər dövlət öz nailiyyətlə­rini nümayiş etdirdiyi kimi, eyni zamanda, Azərbaycan da “yaşıl energetika” sahə­sində öz nailiyyətlərini təqdim edəcək. 

Bu müxtəlif şirkətlərarası, dövlətlər-arası və hökumətlərarası yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi, təcrübə və nailiyyətlərin mübadiləsi və bundan irəli gələn müəyyən sənədlərin imzalan­ması və digər məsələlər nöqteyi-nəzərin­dən mühüm əhəmiyyət kəsb edir. Həm­çinin iqtisadi tərəqqi meyillərinin məhz həmin istiqamətdə formalaşmasına sə­bəb ola biləcək mühitin yaradılmasına gətirib çıxaracaq. Ümumiyyətlə, ölkə­mizdə COP29-la bağlı sənədlərin qəbul olunması gözlənilir.

Digər tərəfdən də bu, həm də turizm sektorunun inkişafı ilə bağlı olan məsələ­dir. Çünki əgər həmin sessiyalarda 100 min nəfər iştirak edəcəksə, həmin ölkə­nin infrastrukturu da çox qısa müddət­də o parametrlərə cavab verməlidir. Bu baxımdan aidiyyəti strukturlar turizm inf­rastrukturunun inkişafı ilə bağlı müəyyən işlər görürlər. 

Sual: Son illər mövcud potensialdan istifadə etmək istiqamətində mühüm təd­birlər görülür. Azərbaycan hökuməti ilə “yaşıl enerji” sahəsində fəal iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti bu istiqamətdə ölkəmizdə hansı layihələri həyata keçirir? 

Murad SADIXOV, “Masdar-Azər­baycan” şirkətinin direktoru:

– “Masdar” şirkəti 2006-cı ildə Əbu Dabi hökuməti tərəfindən Mübadilə Fon­dunun hesabına təsis olunub. O zaman Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti qarşıya belə bir məqsəd qoymuşdu ki, yeni yaradılan şirkət ancaq “yaşıl ener­ji” sahəsi ilə məşğul olmalıdır. Onda bu texnologiya çox yeni, həm də baha idi. Bu səbəbdən də neft ölkəsində belə bir texnologiyanın tətbiqi, açığı, çoxları tərə­findən dəstəklənmirdi. Bu, həm də bir eksperiment xarakterli daşıyırdı. Amma zaman göstərdi ki, bərpaolunan enerji nəinki energetika sektorunda bir dönüş yaradır, həm də ictimaiyyətin düşüncəsin­də böyük bir çevriliş, inqilaba səbəb olur.

O zaman davamlı enerji prinsipi əsasında “Masdar siti” adlı şəhərcik ya­radılmışdı. Oradakı bütün binalar yerli materiallardan istifadə edilməklə enerji­nin qorunması prinsipləri əsasında tikil­mişdi. Deyərdim ki, ilk dəfə olaraq ağıllı şəhər konsepsiyası məhz orada tətbiq olunmuşdu. “Masdar siti”yə gələnlər pi­lotsuz, elektriklə işləyən avtomobillərin şahidi olurdular. Həmin şəhərciyə kənar­dan ənənəvi enerji növü ilə işləyən avto­mobillərin girişi qəti qadağan edilmişdi. Dünyanın ilk günəş elektrik stansiyası da 2006-cı ildə orada qurulmuşdu. Hazırda 10 meqavat həcmi çox kiçik görünsə də, bu bir ilk kimi diqqət çəkirdi. 

“Masdar” Azərbaycanda öz ofisini 2021-ci ildə açıb. Həmin il biz ilk pilot layihəmiz olan 230 meqavatlıq günəş elektrik stansiyasının inşasına başla­dıq. Ötən il oktyabrın 26-da şirkətimiz Azərbaycanda regionun ən böyük günəş elektrik stansiyasını istismara verdi. Xa­tırladım ki, 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı sənədlər 2021-ci ildə, “COVİD-19” pandemiyasının qızğın vaxtında imza­lanmışdı. O zaman bütün əlaqələr po­zulduğundan malların gətirilməsi xeyli çətinləşmişdi. Həm də nəqliyyat-logistika qiymətləri çox baha idi. Məsələn, o vaxt Çindən Azərbaycana bir konteynerin gətirilməsi 20 min dollara başa gəlirdi. Halbuki əvvəllər bu qiymət 4-5 min dollar arasında dəyişirdi. Yəni bütün çətinlik­lərə baxmayaraq, Azərbaycan hökumə­tinin də bu məsələnin reallaşdırılması istiqamətində davamlı addımlar atması işin xeyrinə oldu. Bu əməkdaşlıq günəş elektrik stansiyasının vaxtında istismara verilməsini təmin etdi. Bu, həm Azərbay­can, həm də region üçün çox böyük bir hadisədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin stansiyanın açılışında iş­tirak etməsi isə bizim üçün olduqca qü­rurverici idi. Eyni zamanda, bu mühüm hadisəyə şahidlik etmək üçün Birləşmiş Ərəb Əmirlikləri hökumətini təmsil edən 4 nazir Bakıya təşrif buyurmuşdu. Bu isə iki ölkə və onların xalqları arasında olan dostluq, qardaşlıq münasibətlərinin mən­tiqi nəticəsi idi. 

Hazırda Azərbaycanın Energetika Nazirliyi ilə çox yaxşı əməkdaşlıq edirik. Yeri gəlmişkən, Energetika Nazirliyi bizi çox tələsdirir. Bu da əslində ümumi işin xeyrinədir. Məlum olduğu kimi, hazırda Azərbaycanın Xəzər dənizindəki külək enerjisi potensialı 157 qiqavat dəyər­ləndirilir. Quruda isə Qarabağ və Naxçı­vanla birlikdə 30-35 qiqavatdır. 2022-ci il iyunun 4-də biz Azərbaycan hökuməti ilə 10 qiqavatlıq “yaşıl enerji” istehsalı üçün iki saziş imzaladıq. Bunlar quruda 2 min meqavat günəş, 2 min meqavat külək enerjisi və dənizdə 6 min meqavat külək və “yaşıl hidrogen” layihələrini əhatə edir. Açığı, bu həm Azərbaycan hökuməti, həm də “Masdar” üçün iddialı bir proq­ramdır. Bunlar sərmayə baxımından da iri iritutumlu layihələrdir. 

Bu infrastrukturu yaratmaq üçün çox geniş, əsaslı tədqiqatlar aparılmalıdır. O vaxt Energetika Nazirliyinin rəhbərliyi ilə işçi qrup yaradılmışdı. Həmin qrupa “Azərenerji”dən, “Masdar”dan, eləcə də beynəlxalq təşkilatlardan ekspertlər cəlb olunmuşdu. Azərbaycan üçün 4 istiqamət üzrə baş plan hazırlamaqla bağlı razılıq əldə olundu. Bu, ölkənin elektrik ener­getikası şəbəkəsinin hərtərəfli təhlili və bərpaolunan enerji mənbələrinin sistemə inteqrasiyası və yeni idarəetmə sisteminə keçməsini nəzərdə tuturdu. Artıq Azər­baycan hökumətinin bərpaolunan enerji mənbələrinin şəbəkəyə qoşulması və ölkənin bu sahədə potensialının genişlən­dirilməsi üçün müəyyən bir proqramı var. 

Hazırda əlavə iki baş plan hazırlanır. Artıq dənizdə külək potensialının reallaş­dırılması üçün işlər aparılır. Digər layihə “yaşıl hidrogen”in Azərbaycanda istehsa­lı və dünya bazarlarına çatdırılması üçün əsas Master Plandır. Qeyd etmək istə­yirəm ki, “yaşıl hidrogen” çox perspektivli enerjidaşıyıcısıdır. Hazırda onun həm qiymət, həm də texnologiyalar baxımın­dan hansı şəkildə nəql olunması və dün­ya bazarlarına çıxarılması istiqamətində yerli və beynəlxalq ekspertlər tərəfindən lazımi işlər aparırlar. Bu sahədə “Mas­dar”ın partnyoru Azərbaycan Dövlət Neft Şirkətidir. 

Artıq 2022-ci ildə imzalanmış 10 min meqavatlıq sazişlərin reallaşdırıl­ması üçün işlər aparılır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin iştirakı ilə 1000 meqavat bərpaolunan enerji isteh­salı üçün artıq 3 layihə təsdiq olunub, bu məqsədlə investisiya müqavilələri imzalanıb. Həmin layihələr Biləsuvarda 445 meqavatlıq günəş elektrik stansi­yasını, Neftçalada, Bankə qəsəbəsində 315 meqavatlıq və Bakı-Şamaxı yolunun üstündə Abşeron-Qaradağ 240 meqavat­lıq külək elektrik stansiyalarının inşasını əhatə edir. 

Energetika Nazirliyi, “Azərenerji” və“Masdar” arasında dəqiq yol xəritəsi ha­zırlanıb. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfəri zamanı həmin sənəd də imzalanıb. Yol xəritəsinin əsas hədəfi odur ki, COP29-dək bütün işlərə başlanmalıdır. Bu çox id­dialı bir məsələdir. Azərbaycan hökuməti və aidiyyəti qurumlar bu sahədə çox bö­yük səy göstərirlər. 

Sual: “Dəyirmi masa” ətrafında apar­dığımız müzakirələrdən bir daha ay­dın oldu ki, Azərbaycanın bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Bu o deməkdir ki, yaxın gələcəkdə ölkəmizdə bu sahədə çoxsaylı layihələr həyata keçi­riləcək, sözügedən sahə, bütün dünyada olduğu kimi, Azərbaycanda da önə keçə­cək. Heç şübhəsiz, bütün bunlar kadr potensialının gücləndirilməsi, bu sahədə milli kadrların yetişdirilməsi zərurətini ya­radır. 

Fəqan ƏLİYEV:

– Bu gün ABŞ-da hidrogen enerjisi­nin prezidenti Vəziroğlu adında bir türk­dür. Bu yaxınlarda 100 yaşı tamam oldu. Əbəs yerə onu hidrogen enerjisinin ba­bası adlandırmırlar.

Qoy gənclərimiz kifayət qədər mə­lumatlı olsunlar. Sevinirəm ki, ərəblər bərpaolunan enerjiyə sərmayə qoyurlar. Amma bu layihələrin əsas iştirakçıları, mühəndislər öz övladlarımız olmalıdır. Yeri gəlmişkən, hazırda bu sahədə tə­dqiqat aparan 9 qız doktorantım var. Bir məsələni də təəssüflə bildirmək istəyirəm ki, bəziləri müəyyən mövqeyə qalxdıqla­rı, professor, kafedra müdiri olduqları təq­dirdə başqalarını yaxına buraxmamağa çalışır. Belə yanaşmalar qətiyyən yolve­rilməzdir. Bu baxımdan milli kadr hazırlı­ğına xüsusi diqqət yetirmək lazımdır. 

İndi bütün ali məktəblərimiz bərpao­lunan enerji sahəsində kadr hazırlığına səy göstərir. Çox təəssüf ki, bu ixtisası tədris edənlərin bilik və bacarıqları yetə­rincə deyil. Hətta bəzilərinin bu sahədə baza təhsilləri belə yoxdur. Söhbət edən­də görürsən ki, intellektual səviyyəsi çox aşağıdır, tamam başqa şey fikirləşir. Bu heç də o demək deyil ki, susasan, kimisə tənqid etməyəsən, Ulu öndərimiz deyirdi ki, tənqid inkişafdır. Hər kəs bir dənə çöp yandırıb işıq saçmalıdır ki, qaranlıq dün­ya nura boyansın. 

Murad SADIXOV:

– Fəqan müəllimin yerli kadr poten­sialının artırılması ilə bağlı təklifinə mü­nasibət olaraq bildirmək istəyirəm ki, ötən müddətdə İqsadiyyat və Energe­tika nazirlikləri ilə bir neçə birgə tədbir keçirmişik. 2021-ci ildə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəh­bərliyi bizi Qobustandakı xüsusi təlim mərkəzinə dəvət etmişdi. Orada bütün təhsil ocaqlarından və “Azərenerji”dən mütəxəssislər var idi. Bizim elmi-tədqiqat mərkəzimizin rəhbərliyi və mütəxəssislə­rimizin də iştirakı ilə bir neçə gün ərzində orada müxtəlif dərslər, təlimlər keçirildi. 

Bundan əlavə, biz ADA və Fransa–Azərbaycan universitetləri ilə bu sahədə əməkdaşlıq edirik. Mütəxəssislərimiz hə­min ali təhsil müəssisələrində dərs keçir, müəyyən praktiki seminarlar aparırlar. Bu da tələbələr üçün çox faydalıdır. Yeri gəl­mişkən, bu yaxınlarda Fransa–Azərbay­can Universitetinin tələbələri “Qaradağ” Günəş Elektrik Stansiyasına gəlib baxış keçirdilər, bütün texnoloji prosesləri öz gözləri ilə gördülər. Mütəxəssislərimiz onlara lazımi məlumatlar verdilər. 

Hazırda tələbələrin yay təcrübə proq­ramının keçirilməsi ilə bağlı bir neçə uni­versitetlə danışıqlar aparırıq. İstəyirik ki, istedadlı tələbələr gəlib bizdə təcrübə keçsinlər. Düzdür, stansiyada hər şey tam avtomatlaşdırıldığından işçi heyət o qədər də geniş deyil. Amma düşünürəm ki, 1-2 nəfər gəlib orada təcrübə keç­dikdən sonra “Masdar”ın və ya başqa şirkətlərin layihələrində qalıb işləmək istəyərlər. 

Yeri gəlmişkən, tikintinin pik vaxtların­da 3 min nəfər işçimiz var idi ki, onların da 90 faizi yerli mütəxəssislər idi. Artıq bizə xidmət göstərən yerli subpodratçı­lar da Məşğulluq Agentliyi ilə müqavilə bağlayaraq Almaniyadan beynəlxalq ser­tifikatlaşdırılmış təlimlər alırlar. Bu yolla beynəlxalq səviyyəli mütəxəssislər ha­zırlayırlar. Bunun özü də olduqca müsbət haldır. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *