Azərbaycanda "yaşıl" layihələr üçün güzəştli kreditlərin verilməsinə başlanılır

image

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında icra olunacaq “yaşıl layihələr” üzrə sahibkarların şəxsi kapital qoyuluşlarına qoyulan tələb 50 %-dən 30 %-ə endirilib, banklarla birgə maliyyələşdirmə öhdəliyi isə ləğv edilib.

Renewables.az-ın məlumatına görə, bu barədə FED.AZ-a müsahibəsində Fondun İdarə Heyətinin sədr müavini Eldar Həmidov müsahibəsində bildirib.

"Ümumilikdə, Fond yaşıl layihələr üçün 5 % dərəcəsi ilə, 10 milyon manatadək, 10 il müddətinə qədər güzəştli kreditlər təklif edir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyən, o cümlədən yaşıl layihə təşəbbüsü olan  sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri 5 milyon manatadək biznes kreditləri Fond tərəfindən 90 %-dək dövlət zəmanəti ilə təmin edilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 % bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır", - deyə o bildirib.

E.Həmidovun sözlərinə görə, hər hansı bir sərmayə qoymazdan əvvəl, sahibkarlar ideyaları konkret planlara çevirməli və layihələrini hərtərəfli konseptuallaşdırmalıdırlar: "Müxtəlif risklər diqqətlə qiymətləndirilməli, çətinliklər və imkanlar müəyyən edilməli, gəlirlilik göstəriciləri ölçülməlidir. Bunların hamısı biznes planında hərtərəfli təsvir edilməlidir. Geniş bazar araşdırmasının aparılması, hədəfin ekoloji tələblərinin başa düşülməsi və layihənin ekoloji və maliyyə dayanıqlığının təmin edilməsi yaşıl layihələrə başlayan sahibkarlar üçün zəruridir. Ətraf mühitlə bağlı təşkilatlarla, eləcə də ekspertlərlə əməkdaşlıq da layihənin təsirini və uğurunu artıra bilər.

Biznes planı yekunlaşdıqdan sonra sahibkarlar şəxsi kapitalın idarəedilməsi və kənar investisiyaların cəlb edilməsi strategiyasını tərtib etməlidirlər. Uzunmüddətli borc tələb edən “yaşıl layihələr”lə bağlı istiqrazların buraxılması və bank kreditləri nəzərdən keçirilə bilər. Fondun kreditləri aşağı faizlə uzun müddətə verildiyi və güzəşt müddəti tətbiq olunduğu üçün digər biznes kreditlərinə nisbətən daha səmərəlidir. Bu isə güzəştli kredit mexanizmini bütün sahibkarlar üçün faydalı edir. “Yaşıl layihələr”in daha uzun özünüödəmə müddətləri olduğu düşünülsə də, hər bir layihənin ayrı-ayrılıqda qiymətləndirilməsi vacibdir. Bundan əlavə, davamlılığa artan qlobal diqqətin uzunmüddətli perspektivdə “yaşıl layihələr” üçün imkanların və əlverişli iqtisadi şəraitin artmasına səbəb olması gözlənilir".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *