Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud mətbuat konfransında iştirak ediblər.
"Berpaolunanenerji.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Energetika naziri Pərviz Şahbazov:
Hörmətli qonaqlar, hörmətli media nümayəndələri! Hamınızı salamlayıram. Bildiyiniz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə Azərbaycanda yeni 240 MVt gücündə külək stansiyasının təməli qoyulub. Stansiya bizim enerji sistemimiz üçün xüsusi əhəmiyyət daşıyacaq, ildə, təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində biz təxminən 220 million kubmetr təbii qaza qənaət edə biləcəyik, təxminən, 400 min ton karbon tullantılarının qarşısı alınacaq.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi və dəstəyi ilə Azərbaycanda yaşıl enerji kursu həyata keçirilir. Bilirsiniz ki, qarşıdan gələn yeniliklər üçün nəzərdə tutulan və artıq qəbul olunan Azərbaycanın sosial inkişafının əsas prioritetləri çərçivəsində “yaşıl məkan” konsepsiyasında öz əksini tapmışdır.
Dövlət başçısı tərəfindən Azərbaycan enerji sisteminin qarşısında belə bir hədəf də qoyulub - 2030-cu ilə qədər bizim generasiya güclərinin 30%-i alternativ, yəni bərpaolunan enerji mənbələri olacaqdır və ona görə də bu istiqamətdə bir sıra konkret addımlar atılır ki, bugünkü layihə də həmin istiqamətdə görülən işlərdən biridir.
Qarabağda dövlət başçısı tərəfindən elan olunmuş “yaşıl enerji” məkanı da bu istiqamətdə görülən bir təşəbbüsdür və əlbəttə ki, ümumilikdə ölkədə “yaşıl” enerji kursunun tərkib hissəsidir.
Bu gün “ACWA Power” ilə eyni zamanda Xəzərdə külək potensialının inkişafı sahəsində görüləcək işlərə dair imzalanmış Anlaşma Memorandumu da əlbəttə ki, yenə də bu istiqamətdə atılan daha bir addımdır.
Mən bizim “ACWA Power” şirkəti ilə sıx əməkdaşlığımızı həqiqətən də yüskək qiymətləndirirəm. Fürsətdən istifadə edərək, “ACWA Power” şirkətinin rəhbəri cənab Mohammad Abunayyana öz təşəkkürümü bildirmək istəyirəm və inanıram ki, bundan sonra da bizim birgə layihələrimiz olacaq.
Əlbəttə ki, mən xüsusi təşəkkürümü bizim bu gün qonağımız olan Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, həm həmkarım, həm də dostum olan Əbdül Əziz bin Salman Əl-Səuda bildirmək istəyirəm və onun buraya Azərbaycana gəlməsi, bu tədbirlərdə iştirak etməsi bir daha Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan münasibətlərin dəyəri haqqında məlumat verir. Bu gün həm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, həm də şahzadə Əbdül Əziz bin Salman Əl-Səud bugünkü tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında mövcud əməkdaşlıq, dostluq və qardaşlıq haqqında söz dedilər və bu gündə keçirilən görüşdə bu bir daha təkrarlandı və mən buna inanıram ki, bu münbit şəraitdən biz istifadə edərək gələcəkdə də öz fəaliyyətimizi davam etdirəcəyik.
Və mən cənab nazirin, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun beynəlxalq neft bazarının tənzimlənməsində rolunu qeyd etmək istəyirəm. Azərbaycan bir neft ölkəsi olaraq bu fəaliyyəti çox yüksək qiymətləndirir və bildiyiniz kimi, bu gün neft bazarında sabitlik bilavasitə OPEC+ çərçivəsində və mənim həmkarımın sədrliyi altında görülən işlərin nəticəsidir. .
Mən bir daha cənab nazirə öz səmimi təşəkkürümü bildirirəm.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud:
Cənab nazir Pərviz Şahbazova detallı məlumat üçün təşəkkür edirəm. Əlbəttə ki, biz özümüz, öz təşkilatlarımız, rəhbərlik etdiyimiz təşkilatlarımız çərçivəsində üzərimizə düşən işləri fəal şəkildə həll etməyə çalışırıq, uğur əldə edib və buna nail oluruq. Lakin eyni zamanda qeyd etmək istəyirdik ki, hər iki ölkənin rəhbərləri arasındakı olan sıx münasibətlər və münasibətlərə qədər apardığımız əməkdaşlıq bütün aspektlərini əhatə edən təlimatlara görə biz onlara dərin təşəkkürümüzü bildiririk. Çünki onların birgə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı istəkləri ikitərəfli əlaqələrin yüksək səviyyədə qurulmasını təmin edir. Ölkələrimizi məsafələr ayırır. Lakın bizim ümumi gündəliyimizin və ümumi istəklərimizin həyata keçirilməsinə heç nə manə olmur.
Bu gün biz külək elektrik stansiyası üzrə razılaşmanın icra mərhələsinin başlandığını təməlqoyma ilə elan edirik. Dövlət başçısının birbaşa bizim bugünkü tədbirdə iştirakı məhz tərəfdaşlığımızın təzahürüdür. Biz görürük ki, ölkənizin rəhbərinin verdiyi dəstək sayəsində bizim münasibətlərimiz davamlı inkişaf etməkdədir və biz artıq bu razılaşmanın icrasına başladığımız zaman həmçinin ümid edirik ki, indi imzaladığımız anlaşma memorandumu vasitəsilə bizim münasibətlər daha növbəti bir səviyyəyə çatacaq və digər sahələri də əhatə edəcək.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov:
Bizim müəyyən öhdəliklərimiz var. 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” zonasına çevirmək. COP26-da biz öz ohdəliklərimizi yeniləyəndən sonra 2050-ci ilə qədər ölkə üzrə karbon emissiyalarını 40%-ə çatdırmağa və işğaldan azad edilmiş ərazilər üzrə sıfır emissiyalara nail olmaq istəyirik. Amma bunu qeyd etməliyəm ki, enerji keçidi o demək deyil ki, mütləq şəkildə bir enerji resursundan tam şəkildə digər enerji resursuna keçilməlidir. Enerji keçidi ümumiyyətlə idarə olunan bir proses olmalıdır və bizim yanaşmamız bundan ibarətdir ki, hər bir enerji resursunun haqqı var ki, enerji keçidində öz iştirakını təmin etsin, amma hansı dövrə qədər? Bunu proses özü göstərəcək.
Rəylər (0):