Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Dünya Bankının təcrübə meneceri Stefani Gilin rəhbərlik etdiyi enerji məsələləri üzrə nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda tərəfdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Ölkəmizdə 2027-ci ilədək 2 QVt-dək bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin gücləndirilməsi, həmçinin növbəti mərhələdə dənizdə külək enerjisindən istifadə ilə bağlı dəstəyin göstərilməsi üzrə Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və növbəti addımlar nəzərdən keçirilib.
Renewables.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, energetika naziri Pərviz Şahbazov şəbəkinin gücləndirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayaraq Dünya Bankının bu istiqamətdə dəstəyinin əhəmiyyətini qeyd edib. Bundan başqa, “Xəzər-Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) İtaliyanın “CESİ” şirkətinin həyata keçirdiyi barədə məlumat verilərək, Dünya Bankının fəaliyyətinin Qara dəniz sualtı kabel layihəsindən bütövlükdə dörd ölkəni birləşdirən dəhlizədək genişləndirilməsinin zəruriliyindən bəhs edilib. Söhbət zamanı hidrogen, geotermal enerji, hərracların keçirilməsi, damüstü günəş enerjisi sistemlərinin quraşdırılması, enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması, həmçinin “Elektroenergetika haqqında” yeni qanunun tətbiqindən irəli gələn məsələlərdə də Bankla əməkdaşlıq dəyərləndirilib.
Dünya Bankının təcrübə meneceri Stefani Gil BMT-nin İqlim Dəyişikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək Azərbaycanın bərpa olunan enerji potensialından geniş istifadəni və “Yaşıl Enerji Dəhlizi”nin yaradılmasını hədəfləyən siyasətindən məmnunluğunu ifadə edib. Ölkəmizdə bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi, enerji səmərəliliyi ilə yanaşı, “yaşıl enerji” kursunun digər komponentlərinin inkişafına Dünya Bankının dəstəyi diqqətə çatdırılıb.
Rəylər (0):