"Azərenerji" ASC-nin prezidenti Baba Rzayevin "Azərbaycan" qəzetində "Uğurlu enerji strategiyasının müəllifi" adlı məqaləsi dərc edilib.
Renewables.az məqaləni təqdim edir.
Elektroenergetikamızın bugünkü səviyyəyə çatması, Azərbaycanın sayılıb-seçilən enerji dövləti titulunu alması, ən müasir texniki avadanlıqlarla təchiz olunaraq rəqəmsallaşdırılması, alternativ və bərpaolunan enerjinin prioritet sahəyə çevrilməsi, qırxa yaxın yeni elektrik stansiyasının tikilməsi, yüzdən artıq yarımstansiyanın tikilərək yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli ötürmə xətlərinin çəkilməsi, hazırda ölkədə istehsal olunan enerjinin 20 faizə yaxınının ixrac edilməsi və digər bu kimi məsələlər cənab Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür.
Ötən əsrin 90-cı illərində yeni müstəqil olan Azərbaycanın enerji sistemi ən çətin dövrünü yaşayırdı və idxaldan asılı olan ölkəmizdə işıq saatla verilirdi, tez-tez qəzalar olurdu. Ulu Öndər Heydər Əliyevin zamanında enerji sistemini bu vəziyyətdən çıxarmaq üçün ciddi addımlar atılsa da, bu, hələ yolun başlanğıcı idi. Ona görə də cənab Prezident İlham Əliyev bu strategiyanı davam etdirərək məsələyə daha kompleks yanaşdı və irimiqyaslı layihələrə start verdi. 2003-cü ildə cəmi 12 yaşı olan müstəqil Azərbaycan elektroenergetikasının qarşısında isə böyük hədəflər və həll olunası köklü problemlər dayanırdı.
- Enerjinin istehsalı, ötürülməsi, paylanması və idarə olunması sahəsində paralel şəkildə sistemli islahatlar, tikinti və yenidənqurma işləri aparmaq:
- Çox yüksək səviyyədə olan texniki və kommersiya itkilərini azaltmaq;
- Artan tələbatı qarşılamaq üçün yeni generasiya mənbələri yaratmaq;
- Sovet dövründən qalan, istismar müddətini keçən elektroenergetika obyektlərini mexaniki idarəetmə sistemindən çıxararaq yenidən qurmaq, müasirləşdirmək və avtomatlaşdırmaq;
- Ölkəni enerji idxal edən dövlətdən ixrac edən dövlətə çevirmək.
Bütün bunları həyata keçirmək üçün ilk növbədə zamana, külli miqdarda maliyyə vəsaitinə, dövlət qayğısına, işi peşəkarlıqla görəcək struktur və kadrlara ehtiyac vardı. Beləliklə, 2003-cü ilin sonundan başlayaraq, enerji sektorunda təxirəsalınmaz şəkildə islahat, inkişaf və tərəqqi dövrünə qədəm qoyuldu. İlk növbədə ölkədə yarıtmaz fəaliyyət göstərən "Barmek" və "Bayva" şirkətlərindən idarəetmə alınaraq dövlətə qaytarıldı.
Enerjisistemin islahat dövrü
Prezident İlham Əliyevin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti bərpa edilməklə paylayıcı elektrik şəbəkələrində islahatlara start verildi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamına əsasən, "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin bazasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti yaradıldı.
Beləliklə, 2006-cı ildən başlayaraq, Bakı və regionlarda 150-dən artıq 110 və 35 kV-luq yarımstansiya tikilərək yenidən quruldu, minlərlə kilometr yeraltı və hava xətləri çəkildi, 5 min ədədə yaxın komplekt transformator məntəqəsi quraşdırıldı. Milyondan artıq sayğac yeniləndi. Aparılan islahat, tikinti, yenidənqurma və sayğaclaşdırma işləri itkiləri azaltdı. Nəticədə enerjinin illik istehsalı 2006-cı ildə 23,8 milyard kVts olduğu halda, 2010-cu ildə 18,5 milyard kilovatsaata düşdü. Qeyd edək ki, 2006-cı ildə Bakı şəhərində enerji haqqının yığımı 49 faiz olduğu halda 2015-ci ildə 99 faizə qaldırıldı, texniki itkilər isə 16,9 faizdən 7,8 faizə endirildi. 2015-ci ildə isə "Azərişıq" ASC yarandıqdan sonra ölkə üzrə enerji haqqının yığımı 76 faizdən 95 faizə çatdırıldı və texniki itkilər regionlar üzrə 20 faizə yaxın olduğu halda 9 faizə salındı.
Enerjisistemin inkişaf dövrü
Cənab Prezidentin rəhbərliyi ilə aparılan islahat və inkişaf dalğası paralel olaraq enerjinin istehsalı sahəsini də əhatə edirdi. 2006-cı ildən başlayaraq, "Astara", "Şəki", "Xaçmaz", "Naxçıvan" modul tipli elektrik stansiyaları tikilərək istismara verildi. Həmin il "Naxçıvan" Qaz-Turbin Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra dizel yanacağından qaz yanacağına keçirildi, "Vayxır" Su-Elektrik Stansiyası işə salındı. 2007-ci ildə "Bakı" və "Səngəçal", 2009-cu ildə isə "Xaçmaz" və "Sumqayıt" elektrik stansiyaları istismara verildi. Sonrakı dövrlərdə "Şahdağ", "Sumqayıt", "Biləv", "Şəmkirçay" və "Cənub" elektrik stansiyalarının və digər generasiya güclərinin açılışları oldu.
Enerjisistemin tərəqqi dövrü
Cənab Prezidentin 20 illik enerji startegiyasının uğurları mərhələlərə bölünsə, heç şübhəsiz, son 5 il və ya 2018-ci ildən sonrakı dövrü Azərbaycan elektroenergetikasının inkişafının pik dövrü adlandırmaq olar. Çünki bütövlükdə enerjisistemin reabilitasiya proqramının həyata keçirilməsi, alternativ və bərpa olunan enerji mənbələrinin sürətlə inkişaf etdirilməsi və işğaldan azad edilən ərazilərdə görülən işlər məhz son 5 ilə təsadüf edir.
"Azərenerji" ASC-nin elektrik stansiyalarında "itirilmiş" güclərin bərpası, yenidənqurma və təmir işlərinin həyata keçirilməsi məqsədi ilə dövlət başçısının tapşırığına uyğun olaraq, 2018-ci ildə "Reabilitasiya Proqramı"nın icrasına başlanıldı. İstismar müddətini başa vurmuş Mingəçevirdəki "Azərbaycan" İstilik-Elektrik Stansiyası "Reabilitasiya Proqramı" çərçivəsində tamamilə yenidən quruldu, 12 elektrik stansiyasında təmir-bərpa işləri həyata keçirildi.
Son beş il ərzində həyata keçirilən fəaliyyət və icra edilmiş layihələrin nəticəsində 840 MVt yeni generasiya gücü istismara verildi, mövcud generasiya gücləri üzrə 1300 MVt-a qədər güc "Reabilitasiya Proqramı" çərçivəsində bərpa edildi. Bu dövr ərzində enerjisistem üzrə elektrik enerjisinin istehsalında xüsusi sərfiyyatın azalması nəticəsində 14,5 milyon manat dəyərində 239 milyon kVts və texniki itkilərin azalması nəticəsində 8 milyon manat dəyərində 128 milyon kVts elektrik enerjisinə, eləcə də 214,5 milyon manat dəyərində 1,3 milyard m3 həcmində təbii qaza qənaət edildi.
2018-ci ildən bu yana 16,5 MVt gücündə olan "Lerik" Elektrik Stansiyası, 2019-cu ildə 400 MVt gücündə "Şimal-2" Elektrik Stansiyası, 2022-ci ildə Bakının Qobu qəsəbəsi ərazisində yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyası və 385 meqavatlıq "Qobu" Elektrik Stansiyası inşa olunaraq istismara verildi və ölkənin ümumi enerji sisteminə qoşuldu.
Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci ildə imzaladığı sərəncama uyğun olaraq, Mingəçevirdə yerləşən "Azərbaycan" İstilik-Elektrik Stansiyasının ərazisində müstəqillik dövrünün ən böyük elektrik stansiyası, 1280 meqavat gücündə yeni generasiya mənbəyi yaradılır. "Azərbaycan" İES-in mövcud 7-ci və 8-ci enerji bloklarının buxar turbinləri ilə 1280 meqavatlıq yeni stansiyanın əlaqələndirilməsi nəticəsində ümumi generasiya gücü 1880 meqavat təşkil edəcək.
Xəzər dənizində su səviyyəsinin kəskin düşməsi səbəbindən, "Sumqayıt" Elektrik Stansiyası üçün soyutma suyunun dənizin 5 metr dərinliyindən götürülməsini təmin edən 750 metr uzunluğunda estakada tikilərək istifadəyə verilib. Analoji inşaat işi "Şimal" Elektrik Stansiyasında da həyata keçirildi. Burada isə soyuq suyun 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluğunda yeni suqəbuledici estakada tikildi.
Enerjisistemin istehsal sahəsi ilə yanaşı, ötürmə sahəsində də cənab Prezident İlham Əliyevin göstərişi ilə 5 ədəd yeni yarımstansiya (1 ədəd 330 kV-luq, 2 ədəd 220 kV-luq, 2 ədəd 110 kV-luq) tikilib, 21 ədəd yarımstansiya (1 ədəd 500 kV-luq, 1 ədəd 330 kV-luq, 4 ədəd 220 kV-luq, 15 ədəd 110 kV-luq) tam yenidən qurulub. 450 km-dən artıq yeni 220-330 kV gərginlikli elektrik verilişi xətti, o cümlədən dövlətlərarası 330 kV-luq 1-ci, 2-ci "Qardabani" (2x43,7 km) və 220 kV-luq "Masallı-Astara (İİR)" (67,5 km) beynəlxalq ötürmə xətti çəkilib.
Qarabağ və Şərqi Zəngəzurun işıqlandırılması
İşğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi və Azərbaycanın ümumi enerji sisteminə qoşulması ilə bağlı cənab Prezident İlham Əliyevin tapşırığına uyğun Qarabağ və Şərqi Zəngəzurun bütün istiqamətlərində "Azərenerji" tərəfindən irimiqyaslı işlərə başlanıldı. Əslində, müharibə gedən dövrdə layihələndirilmə işi aparılmışdı və 10 noyabr Bəyanatından dərhal sonra əməli işə keçildi. İlk növbədə, Füzulidən mədəniyyət paytaxtı Şuşaya iki dövrəli olmaqla çox çətin relyefdə, ağır iqlim şəraitində, minalanmış əraziləri keçməklə 75 km məsafədə ötürmə xətti çəkildi və Şuşanın girişində 110/35/10 kV-luq rəqəmsal yarımstansiya tikildi. 2021-ci il mayın 12-də isə cənab Prezident
İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla və Arzu Əliyevaların iştirakı ilə "Şuşa" yarımstansiyası işə salınaraq Şuşada daimi öz işığımız yandırıldı.
Bundan cəmi bir ay sonra iyunun 14-də Füzuli şəhərində "Azərenerji" tərəfindən yeni tikilən 110/35/10 kV-luq "Füzuli" və "Şükürbəyli" yarımstansiyalarının açılışı oldu.
Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə avqustun 16-da 29 ildən sonra Kəlbəcərdə öz işığımız yandırıldı və 3500 metr yüksəklikdəki Murov dağından keçərək qarlı, şaxtalı havada, sıldırımlı relyefdə 70 km məsafədə çəkilən 110 kV-luq ikidövrəli "Daşkəsən-Kəlbəcər" xətti və yeni tikilən 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyası istismara verildi.
Oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının bir illiyində 110/35/10 kV-luq "Cəbrayıl" yarımstansiyası işə salındı. 2021-ci il oktyabrın 20-də yeni tikilən 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyasının, oktyabrın 25-də isə "Qubadlı" yarımstansiyasının cənab Prezidentin iştirakı ilə açılışı oldu.
13 fevral 2022-ci ildə isə cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə minalardan təmizlənmiş ərazilərdə tikilən "Ağdam-1", "Ağdam-2" və Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verildi.
2022-ci il mayın 26-da cənab Prezident tərəfindən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji layihəsi çərçivəsində 330 kV-luq "Cəbrayıl" Enerji Qovşağının təməli qoyuldu və rekord müddətdə - bir il ərzində tikilərək 2023-cü ilin mayında istismara verildi.
Beləliklə, bu günə kimi "Azərenerji" tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikilərək istismara verilib və 700 kilometrdən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 faiz enerji çatdırılıb. Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub.
2023-cü il sentyabın 20-də həyata keçirilən antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib. Artıq Xankəndi və ətraf ərazilərdə Azərbaycan işığı yanır. Hazırda "Azərenerji" tərəfindən sözügedən ərazilərdəki elektrik stansiyaları və yarımstansiyalarda təmir-bərpa işləri həyata keçirilir.
Azad edilən ərazilər "yaşıl enerji" zonasına çevrilir
Cənab Prezidentin işğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq müharibə bitər-bitməz əməli işə keçilib. Nəticədə müharibənin bitməsindən cəmi üç ay sonra, 2021-ci ilin fevral ayında ermənilər tərəfindən dağıdılan, döyüşlər zamanı mərmi yağışı altında qalan Laçındakı 8 meqavat gücündə "Güləbird" Su-Elektrik Stansiyası yenidən qurularaq cənab Prezidentin və birinci xanımın iştirakı ilə istismara verildi və bu, işğaldan azad edilən ərazilərdə istifadəyə verilən ilk obyekt olaraq tarixə düşdü.
2021-ci il oktyabrın 3-də Suqovuşanın işğaldan azad olunmasının birilliyi tamam olan gün "Azərenerji" tərəfindən tam yenidən qurulan, ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su-elektrik stansiyalarının açılışı oldu.
26 iyun 2022-ci ildə 4,4 meqavat gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyası yenidən qurulduqdan sonra Kəlbəcər rayonunda ilk istehsal obyekti olaraq istismara verildi.
"Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasından başqa, Kəlbəcərdə 5 yerdə yenidən qurulan 8,33 meqavat gücündə "Çıraq-1", 3,6 meqavat gücündə "Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı", 5,3 meqavat gücündə "Soyuqbulaq" və 3,4 meqavat gücündə "Meydan" kiçik su-elektrik stansiyalarının cənab Prezidentin iştirakı ilə işə salınması gerçəkləşdi. Bundan başqa, Laçın rayonunda tam yenidən qurulan 8,25 MVt gücündə "Mişni" və 6 MVt gücündə "Alxaslı" kiçik su elektrik stansiyalarının 2023-cü ilin avqust ayında cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı oldu.
Bundan bir ay sonra sentyabrın 28-də cənab Prezidentin iştirakı ilə Zəngilan rayonunda tam yenidən tikilən 10,5 MVt gücündə "Cahangirbəyli" Su-Elektrik Stansiyası istismara verildi. Hazırda Zəngilan rayonunda hər birinin gücü 10,5 MVt olmaqla 3 yerdə yaradılan "Şayıflı", "Zəngilan", "Sarıqışlaq" və Laçın rayonunda 14,25 MVt gücündə "Ağbulaq-1" su-elektrik stansiyalarında işlər tamamlanıb. Eyni zamanda Laçın və Kəlbəcər rayonlarında daha 9 yerdə tikilən su-elektrik stansiyalarında tikinti işləri həyata keçirilir. Beləliklə, bu günədək işğaldan azad edilən ərazilərdə 26 yerdə su-elektrik stansiyası tikilərək yenidən qurulub və hazırda 9 yerdə tikinti işləri davam etdirilir.
Dövlət başçısının "yaşıl enerji" strategiyası
Prezident İlham Əliyevin elan etdiyi "yaşıl enerji" strategiyasına uyğun olaraq, təkcə ışğaldan azad edilən ərazilərdə tikilən və tikiləcək stansiyaların qoyuluş gücü 370 meqavatdan çoxdur. Üstəgəl "Sərsəng" SES və suverenliyimiz bərpa edilən digər ərazilərdə isə mövcud enerji potensialı 80 MVt-a yaxındır. "Yaşıl enerji"nin digər növlərinin də işğaldan azad edilən ərazilərdə, o cümlədən ölkənin digər yerlərində potensialı olduqca böyükdür. Bu potensial Azərbaycanın beynəlxalq aləmə çıxışını daha da genişləndirir və ölkəmizə böyük dividendlərin gətirilməsinə yaşıl işıq yandırır. Belə ki, Abşeron rayonu ərazisində 240 meqavatlıq günəş və 240 meqavatlıq külək, həmçinin Qarabağ iqtisadi rayonu ərazisində, Cəbrayıl rayonunda 240 MVt-lıq günəş, Kəlbəcər rayonunda 100 MVt-lıq külək-elektrik stansiyalarının, eyni zamanda yeni kiçik su-elektrik stansiyalarının yaradılması ilə alınan generasiya gücləri ekoloji cəhətdən təmiz enerji hesabına Azərbaycanın elektrik enerjisinin ixrac potensialının ixraca yönəldilməsinə imkan verəcək. Qeyd edək ki, dövlət başçısının enerjisistem sahəsində həyata keçirdiyi qlobal layihələrin inkişaf mərhələsinin mənbəyi məhz ölkə daxilində yaratdığı quruculuq proseslərindən bəhrələnir. Onun rəhbərliyi illərində elektrik verilişi xətləri və yarımstansiyalarla bağlı aparılan quruculuq işləri nəticəsində ölkə enerjisistemi tamamilə əlaqələndirilib.
Son olaraq qeyd edək ki, cənab Prezidentin 20 illik davamlı inkişaf strategiyasına uyğun olaraq iqtisadi, sosial, hərbi, sənaye və digər sahələrdə olduğu kimi, energetika sektoru da intibah dövrünü yaşayır. Bu gün Azərbaycanın energetika sektoru dünyanın bir çox ölkəsinə, o cümlədən inkişaf etmiş ölkələrə nümunə göstəriləcək səviyyədədir. Bu isə cənab Prezident İlham Əliyevin elektroenergetika ilə bağlı həyata keçirdiyi uğurlu enerji strategiyasının, davamlı diqqət və qayğısının nəticəsidir. Qarşıda isə növbəti hədəflər var. Cənab Prezidentin rəhbərliyi ilə suverenliyimizin tam bərpa edildiyi ərazilərdəki enerji infrastrukturunu Azərbaycanın digər ərazilərinin səviyyəsinə çatdırmaq, artan tələbatı qarşılamaq üçün işğaldan azad edilən, o cümlədən ölkənin digər yerlərində yeni generasiya mənbələri yaratmaq, rəqəmsallaşan enerjisistem konsepsiyasını tamamlamaq, "yaşıl enerji"nin istehsalını 30 faizə çatdırmaq və bu enerjinin bir hissəsini Avropaya ixrac etmək.
Ən başlıcası isə dayanıqlı, etibarlı, fasiləsiz və keyfiyyətli enerji təchizatını qüsursuz həyata keçirmək.
Enerjiniz bol, yolunuz işıqlı olsun!
Baba RZAYEV,
"Azərenerji" ASC-nin prezidenti
Rəylər (0):