“AzərEnerji” ASC Bakı şəhərinin Hava Limanı, Zığ şossesi və 8 Noyabr prospektində 5 yerdə yolların üzərindən keçərək kəsişən və Hava Limanı yolunun kənarında yerləşən 110 kV-luq iki dövrəli yüksək gərginlikli hava xətlərini yeraltı kabel xətlərinə keçirir.
Renewables.az bu barədə quruma istinadən xəbər verir.
Qeyd edək ki, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlərinin istismarında çətinliklər yaratmaqla yanaşı, strateji əhəmiyyətli yolların estetik görünüşünə də xələl gətirirdi. Ona görə də ümumi uzunluğu 5,55 km olan hava xətləri və 44 ədəd iri anker dayaq xüsusi layihə əsasında demontaj edilərək, 33 km uzunluqda ikidövrəli görünməz yeraltı kabellərlə əvəz edilir.
Xatırladaq ki, yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli yollar qazılmayıb və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən xətlər böyük həcmli borularla birlikdə xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin alt hissəsi ilə keçirilib. Ən əsası enerjinin verilişində fasilə olmayıb. Ekoloji tələblərə cavab verən yeraltı xətlərin çəkilməsi baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısının alınmasına, enerjinin ötürülməsinın daha müasir və keyfiyyətli qaydada həyata keçirilməsinə səbəb olacaq.
“AzərEnerji” tərəfindən həyata keçirilən bu işlərin avqust ayında başa çatdırılması nəzərdə tutulur.
Rəylər (0):