BDU alimləri külək enerjisini elektrik enerjisinə çevirən yeni qurğu yaradıblar

image

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Orxan Güləhmədov, Jiseok Kim, Mustafa Muradovun “The wind-driven Scotch yoke-based triboelectrik system for energy harvesting” (Enerji yığımı üçün küləklə idarə oluna bilən Scotch Yoke əsaslı triboelektrik nanogenerator sistemi) adlı məqaləsi təsir faktoru (impact factor) 5.164 olan “International Journal of Energy Research” beynəlxalq jurnalında dərc olunub.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən "Berpaolunanenerji.az"a verilən məlumata görə, məqalədə ilk dəfə olaraq külək enerjisini elektrik enerjisinə çevirə bilən “Scotch Yoke” əsaslı triboelektrik nanogeneratorun yaradılması barədə məlumat verilib.

Təbiətin bizə təqdim etdiyi əsas mexaniki enerji mənbələrindən biri olan külək enerjisi qlobal istiləşmə və enerji böhranı kimi problemlərin həllində ən vacib yaşıl və bərpaolunan enerji mənbəyi rolunu oynayır. Külək enerjisindən elektrik enerjisinin əldə olunması ənənəvi qaydada elektromaqnit induksiya hadisəsinə əsaslanan külək turbinləri vasitəsilə həyata keçirilir. Lakin belə sistemlərin böyük ölçüyə və kütləyə, yüksək quraşdırma xərcinə malik olması, həmçinin küləyin sürəti zəif olduqda çətinliklə işləməsi və ya praktik olaraq işləməməsi onun gündəlik həyatda istifadəsini məhdudlaşdırır. Belə enerjinin toplanmasında son illərdə sadə, qənaətcil və yüksək səmərəyə malik olmaqla gündəlik həyatda müxtəlif növ mexaniki enerji mənbələrindən elektrik enerjisini rahat və təhlükəsiz şəkildə generasiya edə bilən triboelektrik nanogeneratorlar (TENG) əhəmiyyətli dərəcədə rol oynaya bilər. Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında hazırlanan triboelektrik nanogenerator hətta küləyin sürətinin zəif olduğu ərazilərdə belə işləyə bilir. Bu tip qurğuların köməyi ilə külək enerjisinin elektrik enerjisinə çevrilməsini və toplanmasını həyata keçirmək olar. Tədqiq olunan işdə külək sürətinin dəyişməsinin triboelektrik nanogeneratorun çıxış parametrlərinə təsiri müəyyən edilib. Həmçinin, neylon və polisiloksan materiallardan istifadə olunaraq oriqami strukturlu bir neçə nümunə hazırlanıb və belə strukturların triboelektrik nanogeneratorun fəaliyyətinə necə təsir etdiyi araşdırılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *