BNE Intellinews: Azərbaycan dənizdə külək enerjisi üzrə liderə çevrilə bilər

image

Avropa biznes dairələrinin BNE Intellinews (Business New Europe) nəşrində Azərbaycanda dənizdə külək enerjisinin inkişaf perspektivlərindən bəhs edən məqalə dərc olunub.

Renewables.az-ın məlumatına görə, məqalədə 2022-ci ildə Qlobal Külək Enerjisi Birliyinin (Global Wind Energy Council – GWEC) Avstraliya, Şri-Lanka və Türkiyə kimi digər ölkələrlə yanaşı, Azərbaycanı da dənizdə külək enerjisindən istifadə potensialına görə lider dördlüyə daxil etməsi qeyd olunur.

Nəşr yazır ki, həmin il keçirilən Bakı Enerji Forumunda Azərbaycan dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsini təqdim edib. Azərbaycanın Energetika Nazirliyinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Dünya Bankı ilə birgə hazırladığı plan 2040-cı ilədək Azərbaycanın Xəzər şelfində ümumi gücü 7,2 QVt olan dəniz külək stansiyalarının quraşdırılmasını nəzərdə tutur.

Bu məqsədlər Azərbaycanın dekarbonizasiya və davamlı inkişaf sahəsində prioritetlərinə uyğundur. Dənizdə külək enerjisinin quraşdırılmış gücü ölkənin enerji təchizatının 37 faizini təmin edə bilər. Bundan əlavə, Azərbaycanda dənizdə külək enerjisi mülayim templə inkişaf edərək 2040-cı ilədək quraşdırılmış gücünü 1,5 QVt-a çatdıracaq və 7 faiz karbonsuz enerji istehsalına nail olacaq.

Məqalədə qeyd olunur ki, yol xəritəsində dənizdə külək enerjisinin potensialından istifadəyə dair tövsiyələr də var. Bunlara 2030 və 2036-cı illər üçün hədəflərin müəyyən edilməsi, 200 MVt gücündə pilot layihənin və daha sonra daha böyük layihələrin işlənib hazırlanması, dənizdə yeni külək enerjisi imkanlarının açılması, infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinin cəlb edilməsi üçün qabaqcıl qlobal təcrübələrin tətbiqi və dayanıqlı dəniz külək layihələri üzrə bir sıra tədbirləri həyata keçirmək məqsədilə dövlət təşkilatlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması daxildir.

Nəşr xüsusilə vurğulayır ki, Azərbaycan yaşıl enerji və elektrik enerjisinin mühüm istehsalçısı, o cümlədən ona ehtiyacı olan Avropanın tədarükçüsü olmağa çalışır. Energetika naziri Pərviz Şahbazov COP28 çərçivəsində Dubaydakı Azərbaycan Milli Pavilyonunda ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Ceffri Payett ilə görüşdə bərpaolunan mənbələrdən elektrik enerjisinin Avropaya ixracı üçün Xəzər dənizində meqaistehsal müəssisələrinin yaradılacağını açıqlayıb.

Yazıda bildirilir ki, 2023-cü ildə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşü və Yaşıl Enerji üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci görüşü zamanı Azərbaycanın Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti bir sıra sənədlər, o cümlədən gücü 1,5 QVt-a qədər olan dəniz külək enerjisi layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalayıb. Bu ilin mayında isə Azərbaycanın Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt gücündə quruda külək elektrik stansiyasının tikintisi layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.

Bu il keçirilən Bakı Enerji Forumunda çıxış edən “ACWA Power” şirkətinin vitse-prezidenti və regional direktoru Abid Malik Azərbaycanın bərpa olunan enerji baxımından böyük perspektivə malik olduğunu bildirib. O vurğulayıb ki, siyasi cəhətdən sabit region olması ilə yanaşı, Azərbaycan tranzit marşrutları və dəhlizlərinin üstünlükləri baxımından da çox əlverişlidir və “ACWA Power” üçün əsas ölkədir.

Məqalədə qeyd olunur ki, bunlar sadəcə sözlər deyil. Azərbaycan hökuməti yaşıl enerjiyə keçidi sürətləndirməyə və bunu ən səmərəli şəkildə həyata keçirməyə sadiqdir. Dəniz külək enerjisi mədən yanacaqlarına tələbatın labüd azalması fonunda ölkə üçün faydalıdır. Azərbaycan bərpaolunan resurslardan istifadə etməklə, istehsal olunacaq enerjinin qlobal ixracatçısına çevrilmək niyyətindədir.

BNE Intellinews vurğulayır: “İqtisadçılar hesab edirlər ki, bu potensial düzgün idarə olunarsa, xərclər kifayət qədər tez geri qaytarılacaq. Biz də düşünürük ki, onlar səhv etmirlər”.

Məqalədə, həmçinin dənizdə külək enerjisinin inkişafı üzrə, xüsusən də Türkiyə, Şimali Avropa ölkələri və ABŞ-da həyata keçirilən digər beynəlxalq layihələrdən bəhs olunur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *