Britaniyalı ekspert: "Azərbaycanda bərpa olunan enerji ilə bağlı çox böyük layihələr var"

image

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) özünəməxsus töhfə verə bilər.

Renewables.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Dayanıqlı Enerji və Layihə üzrə Məsləhət Şurasının üzvü, Atlantik Şuranın baş elmi işçisi, enerji təhlükəsizliyi mütəxəssisi Con Roberts (John Roberts) deyib.

Ekspertin fikrincə, Azərbaycan karbohidrogen yanacağı istehsalını tədricən dayandıracağını elan edən ilk əsas karbohidrogen yanacağı tədarükçüsü olacağını açıqlaya bilər: “Bunu ifadə edərkən çox diqqətli olmağa çalışıram, çünki proseslə bağlı vaxt qrafiki qoya bilmirəm. Amma artıq biz bilirik ki, Azərbaycanın neft hasilatı pik həddə çatdığı 2010-cu ildəkinin təxminən yarısı qədər aşağı düşüb. Hazırda Azərbaycanın qaz hasilatı artır. Həmçinin, Azərbaycanda bərpa olunan enerji ilə bağlı çox böyük layihələr var. Lakin bu gün bərpa olunan enerji Azərbaycanın enerji təchizatının yalnız 6 %-ni əhatə edir”.

Mütəxəssis vurğulayıb ki, Azərbaycan daha çox neft, kömür hasil etmədən özünü idarə edə biləcəyini düşünə bilər və burada onun böyük bir üstünlüyü var: “Çünki Azərbaycan həm külək, həm də günəş enerjisi istehsal etmək potensialı baxımından fenomenal təbii sərvətlərə malikdir, kömürdən asılı deyil. Deməli, məsələni həll edə bilər. Ancaq bu, çox mürəkkəb və bahalı proses olduğuna görə yeni təchizat zəncirlərinin çox əhəmiyyətli inkişafını tələb edir. Məsələn, hidrogen ixracı və elektrik enerjisinin Qara dənizin dibi ilə Avropa bazarlarına çıxarılmasının digər məntiqi yolu kimi ixrac perspektivi həm bahalı, həm də mürəkkəbdir. Ancaq bununla belə, bu, köklü dəyişiklik edəcək və təxminən 2050-ci ilə qədər xalis sıfır emissiyaya töhfə verə biləcək bir yanaşmadır”.

C.Roberts Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadə etməkdə maraqlı olduğunu da diqqətə çatdırıb: "Doğrudur, Azərbaycan öz sərvətini karbohidrogen yanacağı hesabına qazanıb. Ancaq deyə bilərəm ki, hökumətdə bərpa olunan enerji mənbələrindən istifadə etmək arzusu var. Bu ambisiya yenilənə bilən gələcək təmin etmək əzmi ilə dəstəklənir. Azərbaycan belə bir addım ata, uzunmüddətli perspektivdə öz bəhrəsini görə bilən azsaylı karbohidrogen yanacağı istehsalçılarından biridir. Proses çətin olacaq, lakin bu, dünyaya böyük fayda gətirəcək və Azərbaycan rəhbərliyinin gözəl nümunəsi olacaq”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *