Azərbaycan öz tərəfdaşları üçün enerji tədarükünü artırmaqla həm onların enerji təhlükəsizliyini təmin etmək, həm də öz iqtisadiyyatını gücləndirmək üçün müxtəlif istiqamətlərdə aktiv şəkildə çalışır.
"Renewables.az"ın məlumatına görə, bu barədə Trend-ə özəl müsahibəsində energetika nazirinin müavini Elnur Soltanov deyib.
Nazir müavininin sözlərinə görə, Bakıda eyni vaxtda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirildi: "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Qara dənizin dibi ilə kabel çəkilişi ilə bağlı bu yaxınlarda imzalanmış sazişə gəlincə, bu, artıq bu sənədi imzalamış ölkələr çərçivəsindən kənara çıxa bilər, belə ki, bütün Avropada elektrik şəbəkəsinə qoşulma yetərincə inkişaf edib. Kimsə Avropanın enerji sisteminə daxil olarsa, Azərbaycanda istehsal olunan elektrik enerjisi Avropanın istənilən nöqtəsinə düşə bilər və mənbə Azərbaycanın bərpa olunan enerjisi olacaqdır. Lakin bu, əsaslı təhlil tələb edir. Bizim Gürcüstanla Rumıniyanı birləşdirmək fikrimiz var idi və biz bu layihəyə lap əvvəldən maraq göstərmişik. Lakin sonra öz resurslarımız olan dəniz və küləyin potensialını öyrənəndə anladıq ki, ilkin planlaşdırılan qoşulma kifayət etməyə bilər. Xəzəri Avropa ölkələri ilə birləşdirmək üçün daha böyük ötürücülük qabiliyyəti formalaşdırmaq lazım idi. Yenə də Rumıniyanın seçimi səmərəli tərəfdaşlığımızla bağlıdır, həmçinin müəyyən dərəcədə coğrafiya da bu seçimə təsir edir, belə ki, Rumıniya Qara dənizə yaxınlığını nəzərə alsaq, ən yaxşı namizədlərdən biridir və Macarıstan isə mahiyyətcə bütün Avropaya giriş qapısıdır. Təkrar edirəm, bu sənədi imzaladığımız üçün bütün Avropa ölkələri bizim potensial tərəfdaşlarımızdır".
Rəylər (0):