Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurası bu ilin son rübünədək “AzərEnerji” ASC-yə ayrılacaq 30 milyon ABŞ dolları məbləğinədək olan krediti təsdiqləyə bilər.
Renewables.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq EBRD-dən bildirilib ki, layihə hazırda araşdırılma mərhələsindədir və yekun nəticə Direktorlar Şurasına təqdim olunmayıb.
Qeyd edək ki, borcalan qismində Maliyyə Nazirliyi, icraçı qismində isə “AzərEnerji” ASC çıxış edəcək. Layihənin ümumi dəyəri 30 milyon ABŞ dolları təşkil edir. Kredit hesabına Azərbaycanda fəaliyyət göstərən 4 yarımstansiyada armatur işlərinin aparılması üçün avtotransformator avadanlığının alınması maliyyələşdiriləcək.
"Bu layihə Azərbaycanda şəbəkənin çevikliyini yaxşılaşdırmaq və bərpa olunan enerji potensialını inteqrasiya etmək üçün zəruri olan elektrik şəbəkəsinin modernləşdirilməsinə yönəlmiş Bankın ilk layihəsi olacaq. Beləliklə, layihənin uğurla həyata keçirilməsi gələcək bərpa olunan enerji layihələrinin inteqrasiyası üçün vacib olan şəbəkənin daha da gücləndirilməsi layihələri üçün nümunə və təkrarlana bilən standart olacaqdır", - EBRD bildirir.
Layihə həmçinin institusional islahatların həyata keçirilməsinə və bütün sektorlarda struktur dəyişikliklərinə səbəb olan siyasətlərdə iştirak etməklə "yaşıl keçid"in keyfiyyətinin yaxşılaşdırılmasına yardım edəcək.
Rəylər (0):