Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək ölkənin “yaşıl enerji” sahəsində gördüyü işlər üçün stimuldur.
Renewables.az "Report"a istinadən xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.
E.Soltanov bildirib ki, bu, həyata keçirilən fəaliyyəti bütün dünyaya nümayiş etdirmək imkanı verəcək.
Onun sözlərinə görə, bu kimi məsələlərlə bağlı Azərbaycanın deyəcək çox sözü var: “Azərbaycan artıq neft-qaz sektorunda öz sözünü deyib. Biz dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilmişik”.
O qeyd edib ki, dünyada “yaşıl enerji”yə keçid prosesi dayandırıla bilməz: “Bu proses artıq geri dönüş nöqtəsini keçib və bizim fəlsəfəmiz “yaşıl enerji”də də söz sahibi olmaqdır”.
E.Soltanov, həmçinin bildirib ki, Xəzər dənizinin Azərbaycan sektoru təkcə karbohidrogen ehtiyatları ilə deyil, həm də bərpa olunan enerji mənbələri ilə zəngindir: “Bu, Azərbaycana “yaşıl enerji” dəhlizinin yaradılmasında lider mövqe tutmağa imkan verəcək”.
COP29-un baş icraçı direktoru, həmçinin xatırladıb ki, Azərbaycan rəhbərliyinin qərarı ilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan edilib: “COP29 prezidentinin gündəliyindəki maddələrindən biri də “yaşıl enerji” zonasının yaradılmasıdır. “Yaşıl enerji” mənbələri, xüsusilə su ehtiyatları ilə zəngindir. Bu regionda inşa edilən su elektrik stansiyaları onu kifayət qədər elektrik enerjisi ilə təmin edir. Növbədə BP-nin Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi layihəsi gəlir və düşünürük ki, bu barədə COP29-a qədər daha çox eşidəcəyik”.
O əlavə edib ki, BP-dən başqa daha üç şirkət Şərqi Zəngəzur və Qarabağda “yaşıl enerji” sahəsində fəal fəaliyyət göstərir: “Böyük ehtimalla bu zonada həddindən artıq hasil olunacaq “yaşıl enerji” ölkənin digər regionlarına da tədarük ediləcək”.
Rəylər (0):