EMTA və Böyük Britaniyanın enerji tənzimləyicisi Ofgem arasında onlayn görüş keçirilib

image

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Böyük Britaniyanın enerji tənzimləyicisi Ofgem arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bu barədə "Berpaolunanenerji.az" EMTA-ya istinadən xəbər verir.

EMTA və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi görüşün əsas məqsədi iki tənzimləyici qurum arasında əməkdaşlıq üçün zəmin yaratmaq və enerji tənzimləmə sahəsində təcrübə mübadiləsinin mövcud imkanlarını nəzərdən keçirməkdir.

Əvvəlcə Ofgem-in beynəlxalq əməkdaşlıq üzrə baş meneceri Sam Rea və EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov görüş iştirakçılarını salamlayıblar.

EMTA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin mütəxəssisi Elmar Güləliyev “Azərbaycanın elektrik enerjisi sistemi” mövzusunda təqdimatından sonra Ofgem tərəfindən maraqla qarşılanan Azərbaycanın elektrik bazarının hazırkı quruluşu, enerji sistemində mövcud problemlər, elektrik enerjisi sektorunda islahatlar və qarşıdakı illərdə elektrik enerjisi bazarının hədəf modeli və s. mövzuları əhatə edən interaktiv sual-cavab sessiyası baş tutub.

Ofgem-in Analiz və əminlik üzrə direktoru Simon Uild Böyük Britaniyanın enerji sisteminə, Ofgem-in vəzifə və fəaliyyəti, cari prioritetləri, Böyük Britaniya enerji bazarının əsas oyunçuları, ölkənin enerji sistemi və onun komponentləri, eləcə də son 25 ildə enerji tənzimləməsində öyrənilən əsas məsələlər, Böyük Britaniyanın istilik və tikinti strategiyasında öz əksini tapmış karbon qazının atmosferə atılmasının azaldılması barədə danışıb.

Daha sonra, Azərbaycanda enerji şəbəkəsinin  tənzimlənməsindən bəhs edən təqdimatda EMTA-nın Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin mütəxəssisi Elçin Mirzəyev elektrik enerjisinin idxal və ixracı, yüksəkgərginlikli  elektrik şəbəkəsi, həmçinin elektrik enerjisinin istehlakı barədə britaniyalı mütəxəssislərə ətraflı məlumat verib.

Ofgem-in Qiymət nəzarəti (RIIO2) üzrə bölmə rəhbəri James Veaney Böyük Britaniyanın qaz və elektrik şəbəkəsinə daxil olan şirkətlər üçün qiymət nəzarətini təmin etməyə imkan verən “RIIO” (gəlir = təşviqlər + innovasiya + nəticələr) modeli haqqında danışıb. O, bu modelin Ofgem-in mövcud və gələcək müştəriləri üçün təhlükəsiz və etibarlı xidmətin, pul qarşılığında dəyərin, effektivliyin maksimum dərəcədə artırılmasının, eyni zamanda səmərəli fəaliyyətin təminatçısı olduğunu vurğulayıb.

Tərəflər görüşdə qaldırılan məsələlərin və qarşılıqlı əməkdaşlığın digər istiqamətlərinin daha ətraflı müzakirəsi məqsədilə noyabr ayında növbəti görüşün keçirilməsinə dair razılığa gəliblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *