Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) həyata keçirdiyi “Energy talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) seminar keçirilib.
Renewables.az EMTA-ya istinadla xəbər verir ki, tədbirdə Energetika Nazirliyinin, EMTA-nın nümayəndələri, AzTU-nun professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr iştirak ediblər.
Seminarı giriş sözü ilə açan AzTU-nun Tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli qurumlararası qarşılıqlı əməkdaşlıq əlaqələrinin və bu kimi görüşlərin əhəmiyyətindən danışıb.
Agentliyin müşaviri Zeynab Kazımova AzTU ilə Agentlik arasında mövcud əlaqələrdən söz açaraq, bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Energetika Nazirliyinin mətbuat sektorunun müdiri Cahid Mikayılov nazirliyin fəaliyyət istiqamətləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Sonra EMTA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov “Kommunal xidmətlərin dövlət tənzimlənməsi“, AzTU-nun doktorantı Elbəy Rüstəmzadə isə “Azərbaycanda enerji sisteminin idarə olunmasının enerji 4.0 modelinə transformasiyası” mövzularında təqdimatla çıxış ediblər.
Müzakirə formatında baş tutan seminar maraq doğuran sualların cavablandırılması ilə yekunlaşıb.
Rəylər (0):