İdarələrarası Mərkəzin Enerji təminatı məsələləri üzrə İşçi Qrupunun növbəti iclası Şuşada keçirilib

image

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri İşçi Qrupunun növbəti iclası mayın 25-də Şuşada keçirilib.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, İşçi Qrupun rəhbəri, Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov iclasda çıxış edərək son illərdə ölkəmizdə qəbul edilən strateji sənədlərdə energetika sahəsinə dair işğaldan azad olunmuş ərazilərimizi də əhatə edən tapşırıqların icra vəziyyəti barədə məlumat verib. 2022-ci ildə “Bakı Enerji Həftəsi” çərçivəsində Şuşada “Xalis sıfıra aparan yol: İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiyanın keçirildiyini xatırladan nazir müavini bərpaolunan enerjidən istifadənin genişləndirilməsinə özəl investisiyaların cəlbi istiqamətində görülən işlərdən danışıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov çıxış edərək Əlaqələndirmə Qərargahının ötən müddətdə fəaliyyətindən, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən bəhs edib, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə həyata keçirilməsinin əhəmiyyəti və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq qarşıda duran vəzifələr barədə söz açıb.

İclasda ümumilikdə enerji infrastrukturunun bərpası istiqamətində həyata keçirilən layihələrin icra qrafiki və planlaşdırılan işlər barədə təqdimatlar dinlənilib. Ötən dövrdə işğaldan azad olunmuş ərazilərin qazlaşdırılması layihələri ilə bağlı görülən işlərə dair məlumatlar verilib.

Sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na uyğun olaraq, xüsusilə Şuşa rayonu ərazisində görülmüş tədbirlərə dair təqdimat nümayiş etdirilib. “Yaşıl enerji zonası” Konsepsiyasının tələblərinə uyğun olaraq həyata keçirilən tikinti-quruculuq və reallaşdırılmış layihələrin icrası ilə bağlı görülən işlər müzakirə edilib.

Sonda İşçi Qrupun ötən iclaslarında verilmiş qərarların icrası nəzərdən keçirilib, müzakirə edilən məsələlərin həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *