IFC bərpa olunan enerji sahəsində Azərbaycanı dəstəkləməyə hazırdır

image

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanla bərpa olunan enerji sahəsində fəaliyyət göstərmək və özəl investisiyalar cəlb etməklə ölkənin bu sahədə yeni səviyyəyə çıxmasına kömək göstərmək üçün bütün imkanlara malikdir.

Renewables.az xəbər verir ki, bu barədə Trend-ə özəl mesahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.

O qeyd edib ki, IFC və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) dənizdə külək enerjisinin inkişafının yol xəritəsini icra etmək, o cümlədən, tərtibatçılar və özəl investorlar cəlb etmək üzərində Azərbaycan hökuməti ilə birgə çalışırlar.

"Baxmayaraq ki, neft və qaz hasilatında artım Azərbaycan iqtisadiyyatının möhkəmlənməsində mühüm rol oynayıb, enerjinin diversifikasiyası postpandemiya dövründə ölkənin gələcək dayanıqlılığının təmin edilməsinin açarıdır. İrəli addımlayan Azərbaycan özünün 2030-cu ilədək milli inkişaf konsepsiyasına uyğun olaraq, özəl sektorun innovativ təşəbbüsləri vasitəsilə öz qeyri-neft sektorunu optimallaşdırmağa hazırdır.

Neft və qazdan diversifikasiya dekarbonizasiya üzrə fəaliyyəti sürətləndirməyə kömək etməklə rəqabət qabiliyyətini artıracaq. Azərbaycan kifayət qədər bərpa olunan enerji resurslarına malikdir, xüsusən dənizdə külək enerjisi sahəsində mühüm potensial mövcuddur.

Dünya Bankının enerji sektorunun idarə olunmasına dəstək proqramı çərçivəsində aparılan qiymətləndirmələrə görə, dənizdə külək enerjisinin texniki potensialı 157 qiqavatdır, cari quraşdırılmış ümumi güc isə 8 qiqavata yaxındır", - Duarte deyib.

O qeyd edib ki, BYİB və IFC tərəfindən dərc olunmuş dənizdə külək enerjisinin inkişafının yol xəritəsi ölkənin 2040-cı ilədək 7 qiqavat dənizdə külək enerjisi quraşdırma potensialına malik olduğunu göstərir.

"Bu külək enerjisindən istifadə yerli səviyyədə 7 milyard ABŞ dollarınadək ümumi əlavə dəyər təmin etməyə kömək göstərəcək. Azərbaycan özəl sektorun rəhbərlik etdiyi artım modelinə riayət etdiyindən, dənizdə külək enerjisinin inkişafı ölkənin enerji sektorunu daha rəqabətqabiliyyətli etməyə imkan verəcək, eləcə də, bu sektorda tullantıların sıfır səviyyəsinə nail olmağa yardım edəcək. Nəticədə, Azərbaycan bərpa olunan enerjini öz qonşularına və Avropaya ixrac edə və beləliklə, regional enerji mərkəzinə çevrilə bilər", - deyə regional menecer əlavə edib.

Qeyd etmək lazımdır ki, Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına böyük beynəlxalq dəstəkdən yararlanır.

Artıq xarici tərəfdaşlarla bir sıra müqavilələr bağlanıb. "ACWA Power" və "Masdar" ilə sazişlər, həmçinin, Avstraliyanın "Fortescue Future Industries" şirkəti ilə 12 qiqavat enerji üzrə saziş Avropaya enerji resurslarının tədarüklərini artırmaq baxımından strateji əhəmiyyət kəsb edir.

İlin sonunadək 240 meqavat-saat gücündə ilk günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır. Azərbaycan 10 qiqavat elektrik enerjisinin hasil edilməsi üzrə anlaşma memorandumları və sazişlər imzalayıb.

Azərbaycandan "yaşıl" enerjinin əsas satış bazarı Avropadır və artıq bərpa olunan mənbələrdən enerjinin tədarükü üzrə konkret layihə mövcuddur. Belə ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün çəkilməsi haqqında saziş imzalanıb. Əldə edilmiş razılaşma çərçivəsində min meqavatadək gücə malik 1 195 kilometr uzunluğunda "Black Sea Energy" elektrik kabelinin çəkilməsi nəzərdə tutulub. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" enerjinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Macarıstana və Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub. Bu, tədarükləri dörd geqavat "yaşıl" enerjiyə çatdırmağa imkan verəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *