30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.
Renewables.az President.az saytına istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
"Təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Hesab edirəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Biz artıq ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışını etdik. Növbəti 5-6 ildə isə biz 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq.
Eyni zamanda, mən artıq bərpaolunan enerji sahəsinə toxundum. Bu gün Bakıda olduqca küləkli gündür və bu, normal hava şəraitidir və biz xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikik. Artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək", - dövlət başçısı deyib.
Rəylər (0):