Mən deyə bilərəm ki, ötən görüşümüzdən bu günədək Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Biz ən böyük Günəş Elektrik Stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verdik.
Renewables.az President.az saytına istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
"İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik. Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür.
Bununla yanaşı, biz texniki əsaslandırma işləri həyata keçiririk. Söhbət Xəzər dənizindəki külək enerji stansiyalarından Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsindən gedir. Orada da potensial dörd qiqavatdır. Biz “Acwa Power” şirkəti ilə saziş imzalamışıq ki, istehsal edilən bərpaolunan enerjinin saxlanma şəraiti olmalıdır, imkanlar olmalıdır. Çünki bu, ən böyük problemdir. Siz bunu istehsal edə bilərsiniz, ancaq bir növ nəhəng bir batareya şəklində inşa ediləcək bu layihə. Ona görə də biz oraya həm sərmayə cəlb edirik və bu işə öz sərmayəmizi də yatırırıq. Bununla yanaşı, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək", - Prezident deyib.
Rəylər (0):