Azərbaycan milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir.
Renewables.az President.az saytına istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 17-də Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib.
"Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək", - İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı regional səviyyədə reallaşdırılan tədbirlər kontekstində Qara dənizin dibi ilə keçən layihəni qeyd edib, həmçinin Xəzər dənizinin dibində bərpaolunan xəttin qurulması və bu xüsusda Mərkəzi Asiya dövlətləri ilə birgə işi diqqətə çatdırıb.
Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğulayıb. O, hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirib.
Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfər dəvət edib. Con Kerri COP29-da məmnuniyyətlə iştirak edəcəyini diqqətə çatdırıb.
Rəylər (0):