Qara dəniz kabeli ilə bağlı ilkin hədəf 1 qiqavat idi, Azərbaycan layihəyə qoşulanda biz onu 4 qiqavatadək artırdıq.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında deyib.
"Çünki biz Azərbaycanda 25 qiqavat günəş və külək enerjisi istehsal olunması ilə bağlı artıq beynəlxalq şirkətlərlə müqavilələr və anlaşma memorandumları imzalamışıq. Beləliklə, bu aparıcı şirkətlərlə anlaşma memorandumları faktiki olaraq müqavilə deməkdir. Beləliklə, 25 qiqavat burada, Xəzər dənizində, quruda istehsal olunacaq və bizim tutuma, ötürməyə ehtiyacımız var. Əgər hər kəs bizim bu gün nələri təşviq etdiklərimizə qulaq asdısa, düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi daha yaxşı qorunacaq.
Bilirsiniz ki, layihənin texniki-iqtisadi əsaslandırılması bir müddət əvvəl başlayıb. Bununla belə, biz dörd ölkədən ibarət daha geniş format yaratmışıq - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya. Həmin layihənin Məşvərət Şurasının ilk iclası fevralda Bakıda, ikinci toplantısı isə bu yaxınlarda - ötən ay Tbilisidə keçirilib. Biz bu layihəyə daha böyük perspektivdən baxırıq və onu sadəcə “Qara dəniz kabeli” kimi deyil, Xəzərdəki külək enerjisi stansiyalarından Avropaya enerjini ötürən vasitə kimi qəbul edirik. Həmin layihə bütövdür və Cənub Qaz Dəhlizindən fərqlənir, çünki Dəhliz bir-biri ilə bağlı üç müstəqil boru kəmərindən ibarət olan hissəli layihədir. İndi isə biz mənbədən ümumiləşdirilmiş layihələrə keçmək istəyirik və bu halda mənbə, həmçinin Gürcüstanda olacaq və oradan yekun istiqamətlərə gedəcək. Bu cür rəsmi əməkdaşlığı başladıqdan sonra biz Avropanın layihəyə qoşulmaq istəyən bir sıra digər ölkələrindən bəzi mesajlar almağa başladıq. Beləliklə, düşünürəm ki, layihə qlobal xarakter ala bilər", - Prezident İlham Əliyev bildirib.
Rəylər (0):