Bir neçə gün əvvəl Azərbaycan nümayəndələri BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Şurasının 28-ci Toplantısında iştirak edib. Tədbirdə ölkəmizin bərpaolunan enerji mənbələri üzrə hədəfləri və həyata keçirilən layihələri, o cümlədən dənizdə külək və yaşıl enerji zonalarının inkişafı barədə məlumat verilib.
IRENA-nın baş direktoru Françesko La Kamera tədbirdə bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərin gücləndirilməsi üçün həlledici mərhələdir. Onun sözlərinə görə, COP29 əməkdaşlıq və əhəmiyyətli nəticələr əldə etmək üçün dövlətlərin son şansıdır. Qeyd edək ki, Azərbaycan IRENA Şurasının üzvüdür.
Renewables.az bu mövzu ilə əlaqədar AZƏRTAC-ın Françesko La Kamera ilə eksklüziv müsahibəsini təqdim edir:
- Cənab Françesko, COP29-a ev sahibliyi etməkdə IRENA Azərbaycana necə dəstək verəcək?
- Bakıda keçirilən Pre-COP tədbirində IRENA COP28, COP29, COP30 və Qlobal Bərpa Olunan Enerji Alyansı (GRA) ilə birgə bərpaolunan enerji potensialının üçqat artırılması və 2030-cu ilə enerji səmərəliliyinin ikiqat artırılması üzrə qlobal hədəflərin monitorinqinə həsr olunmuş xüsusi illik hesabatlar seriyasına start verdi. Hesabat göstərir ki, 2023-cü ildə dünyada bərpaolunan enerji mənbələrinin tətbiqində nəzərəçarpacaq sürətlənməyə baxmayaraq, irəliləyiş geridə qalır. İrəliləyişin geridə qalmasının səbəbi odur ki, hazırkı milli planlar və hədəflər 2030-cu ilə qədər tələb olunan bərpaolunan enerji artımının yalnız yarısına nail olmağı hədəfləyir. Azərbaycanın Energetika Nazirliyi və COP29-un sədrliyi ilə mükəmməl əməkdaşlıq sayəsində biz noyabr ayında səmərəli nəticələr üçün möhkəm zəmin yaratdıq. 2030-cu ilə qədər bərpaolunan enerji potensialının üç dəfə artırılması məqsədi üçün qoruyucu agentlik kimi IRENA bu məqsədləri öz milli öhdəliklərinə və həyata keçirmə strategiyalarına tam inteqrasiya etmək üçün UNFCCC Tərəflərini və COP29-da maraqlı tərəfləri dəstəkləməyə sadiqdir.
- Bu istiqamətdə hansı mühüm tədbirləri həyata keçirməyi planlaşdırırsınız?
- IRENA enerji keçidi və davamlı inkişaf məqsədlərinə nail olmaqda Azərbaycanı və daha geniş Mərkəzi Asiya regionunu fəal şəkildə dəstəkləyir. Bu səylərin bir hissəsi olaraq IRENA COP29 Sədrliyi və Azərbaycanın Energetika Nazirliyi ilə birgə 15-16 noyabr tarixlərində Bakıda Mərkəzi Asiya üçün Birinci Enerji Keçid İnvestisiya Forumuna ev sahibliyi edəcək. Bu tədbir investisiya maneələrini aradan qaldırmaq, regional layihələri vurğulamaq məqsədi daşıyır, Mərkəzi Asiyada layihə tərtibatçılarına investorlar və maliyyəçilər ilə qarşılıqlı əlaqə yaratmaq üçün platforma təklif edir. Seçilmiş layihələr, həmçinin İqlim İnvestisiya Platforması (CIP) və IRENA Sürətli Enerji Keçid Maliyyələşdirmə Platforması (ETAF) tərəfindən nəzərdən keçirilə bilər. Bundan əlavə, biz Sıfır Tullantı Alyansında Energetika Müəssisələrini (UNEZA) və Sənaye Dekarbonizasiya Alyansı (AFID) kimi mühüm təşəbbüsləri təqdim edəcəyik.
- Sizcə, COP29-da müzakirələr enerji keçidinə necə töhfə verə bilər?
- COP29-da gündəmin ən mühüm maddələrindən biri iqlim maliyyəsi olacaq. İddialı enerji keçidi məqsədlərinə nail olmaq əhəmiyyətli maliyyə dəstəyi tələb edir və qlobal maliyyə axınlarının bu məqsədlərə uyğunlaşdırılması vacibdir. İqlim maliyyəsi üçün möhkəm Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edəcək. Bu addım ölkələrə bərpaolunan enerji mənbələrinə və enerji səmərəliliyi layihələrinə sərmayə qoymağa imkan verəcək. Aydın şəkildə müəyyən edilmiş NCQG milli iqlim öhdəlikləri üçün əlverişli mühit yaradaraq və inkişaf etməkdə olan ölkələr üçün maliyyə boşluğunu aradan qaldırmağa kömək edən katalizator rolunu oynaya bilər.
- COP29 ölkələrə yaşıl iqtisadiyyata keçid üçün hansı imkanlar təqdim edəcək?
- COP29-da müzakirələr ölkələrə bərpaolunan enerjini üç dəfə artırmaq və enerji səmərəliliyini ikiqat artırmaq kimi qlobal məqsədi öz milli öhdəliklərinə necə inteqrasiya edəcəklərini, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) ambisiyasını və effektivliyini artırmağa kömək edə bilər. Hədəflərin müəyyən edilməsi ilə yanaşı, NDC-nin icrasının daha şəffaf, hesabatlı və əhatəli olmasını təmin etmək də vacibdir. COP29, həmçinin xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi layihələri üçün maliyyəyə çıxışı yaxşılaşdırmağa kömək edə bilər. Müzakirələr bərpaolunan enerji və enerji səmərəliliyi təşəbbüslərinin genişləndirilməsinə imkan verən layihə tərtibatçılarını investorlarla birləşdirən innovativ maliyyələşdirmə mexanizmləri və tərəfdaşlıqlar yaratmağa kömək edə bilər. Uğurlu layihələrin və investisiya imkanlarının vurğulanması həm də yaşıl iqtisadiyyata qlobal keçidi sürətləndirərək gələcək fəaliyyət və investisiyalara ilham verə bilər. İqlim maliyyələşdirməsini gücləndirməklə, iddialı milli vergi təkliflərini təşviq etməklə, icra mexanizmlərini təkmilləşdirməklə və beynəlxalq əməkdaşlığı təşviq etməklə, COP29-da müzakirələr davamlı və dayanıqlı enerji gələcəyinə nail olmaq üçün lazımi tədbirlərin görülməsinə kömək edə bilər.
- Azərbaycan təmiz hidrogenin tətbiqini sürətləndirmək üçün daha hansı addımları atmalıdır?
- Qərar qəbul edən şəxslərin müvafiq texniki bilik və təcrübə ilə təmin edilməsi yaşıl hidrogenin inkişafını dəstəkləmək və sənayenin dekarbonizasiyasını təşviq etmək üçün vacibdir. Xüsusi məqsədləri, vaxt qrafiklərini, prioritet sahələri və aydın rolları ehtiva edən hərtərəfli yaşıl hidrogen strategiyası mühüm əhəmiyyət kəsb edəcək. Hökumətin öhdəliklərinin təsviri həm də sektorun inkişafı üçün aydın mənzərəni təmin edəcək. Sənaye dekarbonizasiyası üçün yaşıl hidrogenin potensial daxili istifadəsi, eləcə də gübrə istehsalı kimi əsas sektorların inteqrasiyası vacib olacaqdır.
- Azərbaycanla genişlənmiş əməkdaşlıq həm IRENA, həm də rəsmi Bakı üçün hansı perspektivlər vəd edir?
- Azərbaycan bərpaolunan enerji sahəsində böyük potensiala malikdir və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq öhdəliyi götürüb. Ölkə Mərkəzi Asiyada günəş və külək enerjisinin inkişafında qabaqcıl ölkədir, Xəzər regionunda ən böyük Günəş Elektrik Stansiyası olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını ötən ilin oktyabrında istifadəyə verib. Karbon neytrallığına doğru irəlilədikcə, günəş və külək kimi bərpaolunan enerji layihələrinin inkişafının və həyata keçirilməsinin sürətləndirilməsində IRENA-nın dəstəyi Azərbaycanın enerji kompleksinin şaxələndirilməsi və onun qalıq yanacaqlardan asılılığının azaldılması üçün mühüm əhəmiyyət kəsb edəcək. COP29-da Mərkəzi Asiya üçün Enerji Keçid İnvestisiya Forumu Azərbaycanı təmiz enerji investisiyaları üçün regional mərkəz kimi nümayiş etdirəcək. Bu, beynəlxalq investorları, maliyyəçiləri və maraqlı tərəfləri cəlb edəcək. Qeyd olunan təsir yeni maliyyə imkanları aça bilər, Azərbaycanı bərpaolunan enerji layihələri və yaşıl investisiyalar üçün daha cəlbedici məkana çevirə bilər.
- IRENA-nın təcrübəsi Azərbaycana iqlim üzrə öhdəliklərini ən qabaqcıl təcrübələrə uyğunlaşdırmağa necə kömək edə bilər?
- Azərbaycan, həmçinin Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində Ermənistan, Gürcüstan, Moldova və Ukraynanı da əhatə edən Şərq Tərəfdaşlığı regionu üçün davam edən IRENA-nın “Regional enerji keçidinin perspektivləri” araşdırmasında iştirak edir. IRENA, həmçinin Azərbaycana öz siyasətini təkmilləşdirməyə, möhkəm normativ bazanı inkişaf etdirməyə və bərpaolunan enerji texnologiyaları sahəsində yerli təcrübəni gücləndirməyə kömək etmək üçün dəyərli texniki dəstək, siyasət məsləhətləri və potensialın yaradılması imkanları təqdim edə bilər. Bu, Azərbaycanın bərpaolunan enerji potensialının, xüsusilə külək və günəş enerjisi potensialının optimallaşdırılmasına kömək edə bilər, onun milli enerji və iqlim məqsədlərinə nail olunmasına töhfə verə bilər. IRENA tərəfindən NDC-lərin nəzərdən keçirilməsi və təkmilləşdirilməsi təcrübəsi, həm də Azərbaycana iqlimlə bağlı öhdəliklərini ən yaxşı təcrübə ilə uyğunlaşdırmağa, iddialı hədəfləri təmin etməyə kömək edə bilər. Bu dəstək Azərbaycanın karbon neytrallığına sadiqliyinin effektiv və səmərəli siyasətə çevrilməsində mühüm rol oynayacaq.
Rəylər (0):