"Masdar" şirkəti COP29-da Azərbaycanla bərpa olunan enerji üzrə yeni sazişlər imzalaya bilər

image

"Masdar" şirkəti BƏƏ nümayəndə heyəti ilə birlikdə COP29-da iştirak etmək niyyətindədir və onun uğurla həyata keçirilməsində Azərbaycana dəstək olacağına ümid edir.

Renewables.az-ın məlumatına görə, bu barədə Trend-ə “Masdar" şirkətinin MDB regionu üzrə İnkişaf və investisiya şöbəsinin rəhbəri Məryəm Əl Mazrui deyib.

"Masdar"ın Azərbaycanda həyata keçirdiyi hər bir təşəbbüs 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə artırılması üzrə milli məqsədə öz töhfəsini verir. Bu da həmin ilə qədər ölkənin bərpa olunan enerji tutumunun 30 faizinə çatmaq məqsədinə uyğundur. BƏƏ nümayəndə heyətinin bir hissəsi olaraq, əlbəttə ki, COP29-da iştirakımızı səbirsizliklə gözləyəcəyik", - deyə o bildirib.

COP çərçivəsində Azərbaycan və "Masdar" arasında yeni sazişlərin bağlanmasının mümkünlüyündən danışan Məryəm Əl Mazrui qeyd edib ki, o, “şəxsən irəliləyişdə və tərəflər arasında əlavə sazişlərin imzalanmasında maraqlı göstərəcək”:

"Azərbaycan "Masdar" üçün əsas strateji bazardır. Biz 2018-2019-cu illərdə Energetika Nazirliyi ilə danışıqlara başlamışıq və hazırda qüvvədə olan bir layihəmiz var. 230 MVt gücündə Qaradağ günəş elektrik stansiyası layihəsi işə salındı ​​və böyük uğur qazandı. "Masdar", Azərbaycanın Energetika Nazirliyi və “Azərenerji” arasında strateji əməkdaşlıq vasitəsilə biz bu uğuru genişləndirmək və inkişaf etdirməyə çalışırıq".

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *