Oktyabrın 26-da Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest” festivalının açılışı olub.
Renewables.az "Nuhçıxan" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, festival iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Dövlət Himni səsləndirilib.
Festivalın açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanda “GreenFest”in COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirildiyini qeyd edib.
COP29-un Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətinə toxunan Samir Seyidəhmədli bildirib ki, bu tədbir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə verdiyi dəstəyi bir daha göstərir və ölkəmizin ekoloji problemlərin həllinə sadiqliyini nümayiş etdirir. Bu mənada, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə, bütövlükdə, iqlim dəyişikliyi sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi yüksək dəyərləndirilməlidir.
Samir Seyidəhmədli əminliklə ifadə edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ölkəmizdə uğurla keçiriləcək, Azərbaycan bir daha dünyanı narahat edən məsələlərə münasibətdə öz sözünü və ədalətli mövqeyini ortaya qoyacaq.
Muxtar respublikada COP29 və “Yaşıl dünya naminə həmrəylik ilinə hazırlıq”la bağlı yaradılmış işçi qrupunun rəhbəri, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov Naxçıvanda bu istiqamətdə görülən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, 2024-cü il fevralın 23-də Naxçıvanda bununla bağlı müşavirə keçirilib, işçi qrupu yaradılıb və bu istiqamətdə muxtar respublikada görüləcək tədbirlər müəyyənləşdirilib. Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda ətraf mühitin mühafizəsinin gücləndirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyən edilib. Sözügedən Tədbirlər Planında maarifləndirmə, yaşıllaşdırma və bioloji müxtəliflik, ətraf mühitin sağlamlaşdırılması, tullantıların idarə edilməsi sahələrində tədbirlərin keçiriləcəyi nəzərdə tutulub. Artıq həmin tədbirlərin böyük hissəsi başa çatmaq üzrədir. “GreenFest” də bu işlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.
“GreenFest” çərçivəsində keçirilən ekoloji startap layihələrinin qalibləri mükafatlandırılıb, sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgi ətraf mühitin mühafizəsinə həsr olunub və müasir ekoloji problemlərin elm, texnologiya, startap təqdimatları və müxtəlif stendlər vasitəsilə ictimaiyyətə çatdırılması məqsədi daşıyır. Festivalda Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin "Yaşıl enerji" Könüllüləri də iştirak edərək bir neçə maraqlı startup layihələri ilə diqqət çəkiblər. "Yaşıl enerji" Könüllülərinin üzvləri Zaur Gülmalıyev, Heydər İsmayılov, Uğur Berke Tatlının "Green charge" adlı layihəsi festivalda birinci yerini qalibi olub. Qeyd edək ki, "Green charge" elektrik enerjisini "Yaşıl enerji"dən alır. Bu qurğunun gələcəkdə Naxçıvan şəhərində bir neçə avtobus dayanacaqlarında quraşdırılması da planlaşdırılır. Bunun da nəticəsində şəhərimizin qonaqları və sakinlər telefon, planşet və kompyuterlərini bu dayanacaqlarda şarj edə biləcəklər.
Festival zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Milli Dram Teatrının birgə layihəsi əsasında "yaşıl enerji"yə keçid, təbiətin mühafizəsi, ekoloji təmizliyə çağırış motivli yeni tamaşa nümayiş olunub. Tamaşada ekologiyanın qorunması, günəş, su və küləkdən enerjinin alınması rejissor yozumunda incə ştrixlər, mühüm detallarla səhnə həllini tapır. Tamaşada əməkdar artist Nazlı Hüseynquliyevanın, aktyorlardan Uğur Nəsirli, Vəfa Qurbanova və İsmayıl Mirzəcanovun canlandırdıqları obrazlar da maraqla qarşılanıb. Tamaşanın quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı İbrahim Əliyevdir. Tamaşa yaxın günlərdə Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Qeyd edək ki, festivalda quraşdırılan "COP29 Azerbaijan" lövhəsi "yaşıl enerji" hesabına işıqlandırılıb. Festivalda dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rəylər (0):